news Image
2019.12.04
12:24
| A A A
Müxalifətin indiki şərtlər altında seçicilərə ünvanlanmış boykot çağırışı yersizdir - Politoloq

Bir halda ki, seçkidə seçici kimi iştirak etmək, bəzi ölkələrdə olduğu kimi, öhdəlik deyil, haqdır, seçicilərə ünvanlanmış boykot çağırışı yersizdir. Bu, öhdəlik olsaydı, onda boykot çağırışı vətəndaş itaətsizliyi kontekstində yerinə düşə bilərdi. Boykot çağırışı seçkilərdə namizəd olmaq istəyənlərə ünvanlanırsa, onda bu çağırışın təsiri partiya mənsubiyyətindən qırağa çıxası deyil. Odur ki, burada da söhbət boykotdan deyil, seçkilərdə iştirak etmək istəyinin olmamasından gedir (səbəbi hər nədirsə).

Bunu politoloq Erkin Qədirli deyib. O, özünü demokratik qüvvələrin "Milli Şura"sı adlandıran qurumun növbədənkənar parlament seçkilərinin keçirilmə ehtimalına qarşı "boykot çağırışı" səsləndirməsini şərh edərkən bildirib ki, gerçək boykotun məqsədi qarşı tərəfi etiraz olunan davranışdan çəkindirməkdir. Bunun üçün boykotçularda, iqtisadçıların dili ilə desək, "alıcılıq gücü" (purchasing power) olmalıdır:

"Bu günə olan şərtlər altında müxalif olanların və saylanların toplam gücü iqtidardan nəyisə almaq üçün yetərli deyil. Bu, bir gerçəklikdir, səbəbləri də aydındır. Odur ki, indiki şərtlər altında iştiraksızlığı boykot adlandırmaq doğru deyildir. Uzun sözün qısası, seçkidə iştirak edənlərin də, etməyənlərin də seçiminə hörmətlə yanaşmaq gərəkdir".

Qeyd edək ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 2-də, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

money.az currency