Əlaqə Arxiv
news Image
2019.12.06
08:44
| A A A
Ermənistana son Qarabağ xəbərdarlığı
Məhəmməd Əsədullazadə: “Bu görüşün Azərbaycan üçün əhəmiyyəti odur ki, ölkəmiz Paşinyanın avantürist siyasətinə qarşı öz siyasi mövqeyini ortaya qoydu və yeni ildən danışıqları hansı istiqamətdə aparacağını qırmızı xətt kimi göstərdi”

Xəbər verildiyi kimi,   Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.  

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.  Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar.  Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər. 

Bu müstəvidə Azərbaycan və Ermənsitan XİN rəhbərlərinin Bratislava görüşünün nəticələrini dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, İrəvan hələ də substantiv, real nəticə verəcək danışıqlardan qaçır: “Bratislavada keçirilən ATƏT-in Nazirlər Şurasının toplantısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müəyyən razılıqlar əldə edildi. Bu razılıqlara əsasən növbəti ilin əvvəlində yeni görüşlər keçiriləcək və danışıqlar prosesi davam etdiriləcək. Amma Ermənistan tərəfi hələ də substantiv, real nəticəsi olan danışıqlarda maraqlı deyil. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bratislava görüşü ərəfəsində qeyd etmişdi ki, Ermənistanın qəti mövqeyi məhz bu görüş çərçivəsində tam məlum olacaq. Görüş baş tutdu, ciddi nəticə əldə olunmasa da, bu istiqamətdə hər hansı bir açıqlamanı da eşitmədik”.

Həmsöhbətimiz qeyd etdi ki, Bratislava görüşündə sadəcə, növbəti görüşlərin keçirilməsi barədə razılığa gəliblər: “Sadəcə, növbəti görüşlərin keçirilməsi barədə razılaşmanın əldə olunduğu qeyd edildi. Ermənistanın hazırkı ritorikası, baş nazir Nikol Paşinyanın bir neçə gün əvvəl işğal olunmuş Dağlıq Qarabağa gələrək verdiyi bəyanatlar göstərir ki, İrəvan hələ də qeyri-səmimi olaraq qalır. O, danışıqlar prosesində manipulyasiya ilə məşğuldur və prosesin real nəticələrə gətirib çıxarmasına imkan vermir.

Ermənistan Kremldən asılı vəziyyətdədir və belədə qərar vermək iradəsində deyil. Hazırda proseslərə Rusiya vasitəçilik edir. Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistan və Azərbaycana səfərləri çərçivəsində humanitar missiyanın həyata keçirilməsi, jurnalistlərin qarşılıqlı səfərləri və bu kimi digər proseslərin şahidi oluruq. Başa çatmaqda olan il ərzində Ermənistan tərəfi adi etimad mühitinin formalaşması istiqamətində addımlardan qaçır. Belə ki, onlar əsirlərin hamının-hamıya prinsipilə dəyişdirilməsinə razılıq verməyiblər. Bratislava görüşü ilə bu il üçün danışıqlar prosesinə nöqtə qoyuldu. Ümidverici şəkildə qeyd edirlər ki, gələn il danışıqlar prosesi davam etdiriləcək. Hesab edirəm ki, Bratislava görüşündə işğal olunmuş ərazilərimizin bir hissəsinin geri qaytarılması, humanitar missiya çərçivəsində əsirlərin dəyişdirilməsi məsələsi müzakirə olunsa da, İrəvanın yenə də öz mövqeyində qaldığı bir daha üzə çıxdı.

Paşinyanın danışıqlar prosesində irəli sürdüyü format qeyri-obyektivdir. Bu da onu göstərir ki, İrəvan yenilənmiş Madrid prinsiplərindən uzaqlaşmaq istəyir və qondarma rejimin də danışıqlar prosesinə qoşulmasına çalışır”.

M. Əsədullazadənin fikrincə, Bratislava görüşü Azərbaycanın danışıqlar prosesində qəti mövqeyini ortaya qoyması ilə də yadda qaldı: “Azərbaycan tərəfi Bratislava görüşündə Dağlıq Qarabağdakı separatçıların tərəf kimi iştirakının qəbul edilmədiyi barədə qəti mövqeyini ortaya qoydu. Azərbaycan Madrid prinsipləri əsasında danışıqların mərhələli şəkildə aparılması tərəfdarıdır. Bu mənada Bratislava görüşü Azərbaycanın qəti mövqeyinin bir daha ortaya qoyulması ilə nəticələndi.

Bu görüşün Azərbaycan üçün əhəmiyyəti odur ki, ölkəmiz Paşinyanın avantürist siyasətinə qarşı öz siyasi mövqeyini ortaya qoydu və yeni ildən danışıqları hansı istiqamətdə aparacağını qırmızı xətt kimi göstərdi. Gələn il olacaq növbəti danışıqlar prosesində Azərbaycan tərəfi danışıqlarda qəti və prinsipial şəkildə nəticənin əldə edilməsi prosesinə başlayacaq”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz