Əlaqə Arxiv
news Image
2019.12.06
09:35
| A A A
Müxalifətdə ikitirəflik dərinləşir
Siyasi partiyaların vəzifə arzusu onların vahid fikrə gəlməsinə maneçilik törədir

Bir neçə gündür ki, gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərinə iştirak məsələsində müxalifət təşkilatlarında ciddi müzakirələr gedir. Bu məqsədlə dəyirmi nasada bir araya gələn müxaliflərin fikirləri çalpaşıqlığı ilə diqqəti cəlb edir. “Avropalı gəlin” adlı köhnə bir İran filmində süjet xəttinə görə Avropadan İrana gələn bir xanım taksiyə əyləşir və ünvanı sürücüyə belə izah edir: Böyük xiyabam, yanında kiçik xiyaban, böyük bağ yanında kiçik bağ, böyük ev yanında kiçik ev, amma konkret nömrə, küçə adı-filan çəkmir. Sürücü də ona deyir ki, xanım, Allaha-tanrıya bax, bu nə ünvandır söyləyirsən. İndi müxalifət nümayəndələri də seçki haqda köhnə ümumi ibarələrdən qurtulmayıblar və hamısı deyir ki, hər şey iqtidarın əlindədir, söz azadlığı yoxdur, bizə imkan verilməyəcək və sairə. Bu şəxslər anlamaq istəmirlər ki, müxalif fikirli insanların bir yerə yığışıb istədiyini danışması məhz, söz azadlığının bariz nümunəsidir.

Bəzi “liderlər” seçkinin tərəfdarı olmasa da, seçkiyə getməyi istəyənlər də az deyil. Bu adamlar ələ düşən hər bir xırda ştrixdən istifadəyə can atanlardır. Hərçəndi deputat seçkisi xırda məsələ deyil və bunun üçün siyasi oriyentasiya kifayət etmir, gərək savad, analitik təhlil, gələcəyi görməyi bacarmaq, ünsiyyətcil və yeri gələndə prinsipial olmağı bacarmaq və sairə bu kimi keyfiyyətlərə malik olasan. Düzdür, heç kim özü haqqında mənfi düşünmür və təbii ki, müxaliflər də özlərini hər şeyə qabil insan sayırlar. Amma seçkili məsələlərdə son sözü ölkənin müvafiq yaş həddinə çatan və müstəqil şəkildə yaxşını pisdən ayırmağı bacaran seçiciləri deyir. Müxalifətdəki ikitirəliyin kökü də bundadır. Üzdə olanlar bilirlər ki, onların seçilmək imkanı çox məhduddur, çünki, seçicilər onları yaxşı tanıyır. Xüsusilə, rəhbərlər namizəd olmağa cəsarət etmirlər. Son vaxtlar cəmiyyətdə geniş müzakirə mövzusu olan “mühacir biznesi” onların adlarının etibarsızlıq və xəyanət çalarlı “qara siyahıya” düşməsinə səbəb olub. Seçkidə iştiraka meyil edənlər isə vəzifə alovlularıdır ki, bunlara hər şey asan gəlir, çünki özlərini “mükəmməlliyin yeddinci qatında” hiss edirlər. Birincilərin “birincilik ambisiyası” ilə ikincilərin “vəzifə ambisiyası” arasında gedən gizli mübarizə antaqonizmi ilə seçilir və müxaliflərin ikitirəliyini dərinləşdirir.

Arif Hacılı tərəddüd edir, halbuki onun deputat seçilməsi haqda bəri başdan mənfi fikir söyləmək olar. Hələ tezliklə onun bəzi cinayətlərə görə istintaqa çağırılması məsələsi də reallaşa bilər. Əli İnsanov qatı boykotçu qismində çıxış edir. Ona görə ki, köhnə rüşvətxor olduğu üçün ona səs verən olmayacağını bilir. Bu güm parlamentə seçkilərdə iştirak etməyə çağırıb, sabah parlamentdən kənarda qalması onun üçün, yəqin ki, faciəvi bir hadisə olar. Həmişə birincilik arzusu ilə yaşayan Əli Kərimli razı ola bilməz ki, özü dura-dura AXCP-dən kimsə deputat olmaq arzusuna düşə. Buna görə də qorxur ki, keçdiyi biabırçı əməllərdən sonra birdən partiya üzvləri onun yox, başqasının namizədliyinə səs verər. Beləcə, faktlar və arzular qoynunda fırlanan müxalifətin yekdil qərar verə bilməməsi bu cəbhədə yarğan yaradıb və hələ ki, onun aradan qaldırılması yolu görünmür. Belə görünür ki, sirkənin tündlüyü onun öz qabını çatlatdığı kimi, radikalların da evini öz ambisiyalarının və qorxularının yüksək səviyyəsi yıxacaq və yenə də ölkənin idarə olunmasında iştirakdan məhrum olacaqlar.

N.NOVRUZ    

Sizin Reklam Yeriniz