Əlaqə Arxiv
news Image
2019.12.07
11:30
| A A A
Radikal müxalifətin deqradasiyası

Azər Həsrət: “Özlərində güc görmədiklərindən, seçki prosesindən üzü-sulu çıxmaq üçün boykot məsələsini ortaya atırlar”

Vüqar Rəhimzadə: “Boykota getməklə radikallar bəri başdan öz məğlubiyyətlərini etiraf etmiş olurlar”

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçkilər hər bir siyasi partiyaya öz gücünü göstərmək baxımından mühüm bir hadisədir. Bu mənada qanunverici orqanda təmsil olunmaq, hətta daha çox yerə sahib olmaq, öz proqram və ideyalarını cəmiyyətə çatdırmaq üçün siyasi təşkilatların seçkilərdə iştirakı vacibdir. Lakin özlərini radikal müxalifət adlandıran qüvvələr yenə də seçkiləri boykot yolunu tutub.

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, gücləri olmadığından, cəmiyyətdə nüfuz sahibi olmadıqlarından radikal müxalifət boykota üstünlük verir: “Ümumiyyətlə, görünən odur ki, radikal müxalifət ölkədə keçiriləcək parlament seçkilərini boykot etməyə meyllidir. Ancaq hamıya aydındır ki, boykot baş tutmur. Çünki həmin qüvvələrin prosesi boykot etmək üçün güc və qüvvəsi də yoxdur. Sadəcə olaraq, radikallar  boykot bəhanəsilə öz gücsüzlüyünü ört-basdır etməyə çalışır. İndiki şəraitdə də radikal müxalifət sağa-sola baxır, görür ki, 125 dairədən deputatlığa namizəd irəli sürməlidirlər. Eyni zamanda, seçki kampaniyası aparmalı olduqlarını da yaxı başa düşürlər. Ancaq bunu etmək gücündə deyillər. Çünki bütün bunların həyata keçirilməsi siyasi müxalifətdən güc istəyir. Bu adamlar da sağa-sola baxıb özlərində o gücü görmürlər. Görmədikləriə görə də prosesdən üzü-sulu çıxmaq üçün boykot məsələsini ortaya atırlar. Bu zaman bəhanələri də o olur ki, guya hakimiyyət seçki kampaniyası üçün lazım olan şəraiti yaratmır.

Uzun illərdir ki, bu qüvvələr xalq arasında inamlarını itirib. Bu dəfə də boykota getsələr, radkal müxalifətin aşınma prosesi tamam yekunlaşacaq, sonuclanacaq. Yəni xalq açıq şəkildə görəcək ki, onlar hər dəfə bir bəhanı ilə özlərini seçkidən kənarda qoymaqla əslində cığallıq etməklə məşğuldurlar. Ona görə də seçicilər bu adamlara sonuncu dəfə, hardasa bəlkə də qiymət verməyə çalışacaq. Ancaq növbəti dəfə cığallıq etdiklərini görüncə onlara dəstək olan az sayda seçicilər qarşısında olan etimadlarını da tamamilə itirəcəklər”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhmzadənin fikrincə, boykota meyllənməklə radikal müxaliflər bəri başdan məğlub olacaqlarını etiraf etmiş olur: “Radikal müxalifət hər zaman özlərini ərköyün uşaq kimi aparıb. Onlar hər birimizin yaddaşında anormal hərəkətlərilə yadda qalıblar. Radikal müxalifət sosial bazalarının olmadığını düşünür və bunu dərk edir. Onların hansı düşüncəyə, səriştəyə, qabiliyyətə, hansı ictimai nüfuza malik olduqlarını Azərbaycan cəmiyyəti yaxşı bilir. Bu mənada seçkiləri boykot  qərarını verən siyasilər də adətən cəmiyyətdə heç bir ictimai nüfuza malik olmayanlar verir. Boykota getməklə də onlar bəri başdan öz məğlubiyyətlərini etiraf etmiş olurlar. Gücü olan siyasi qurum seçkilərdə iştirak edir. Bu insanlar belə əməllərilə ümumiyyətlə cəmiyyətdən təcrid olunduqlarını sübut edirlər”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz