Əlaqə Arxiv
news Image
2019.12.10
08:15
| A A A
Fitnə-fəsadsız ötüşə bilməyən müxalifət
Seçki qərarı verilən kimi Müsavat-AXCP davası gündəmi zəbt etdi

Olmazdımı ki, növbədənkənar parlament seçkilərinə müxalifət partiyaları növbədənkənar qalmaqallar olmadan getsinlər? Nəzər cəhətdən, bu, tamamilə mümkündür. Amma əməli cəhətdən çox qəliz məsələdir. Nədəndir ki, xəmiri qalmaqallarla yoğrulmuş təşkilatlarda dava-şavasız həyat və iş haqqında dumanlı təsəvvürlər var. Onlar üçün reallıq naz-qəmzədən başlayıb hirs-hikkə ilə davam edən və bir-birlərini xəyanətdə damğalayan ittihamlarla qurtaran didişmədir. Sosial media da sağ olsun, hər cür didişmə üçün geniş meydan yaradıb. Hətta qrup halında didişmələr də mümkündür. Necə ki, bu günlər Arif Hacılı və Gültəkin Hacıbəyli arasında söz atışması gedir, tərəfdarlar da davaya qoşulub.  AXCP ilə Müsavat Partiyası arasında bölüşdürülə bilməyən parıament seçkisi mövzusu ciddi qalmaqal yaradıb.

Növbədənkənar parlament seçkilərində içtirak etməyi qərara alan Müsavatın anonsu AXCP-də bomba kimi partlayıb. Partiyanın fəalı Taleh Xasməmmədov sosial şəbəkədə “Seçkilərlə bağlı Milli Şura boykot, Müsavat Partiyası isə iştirak qərarı verdi. Başqa cür olsaydı göydən daş yağardı axı!” statusu ilə müharibəni başlayıb. Əslində bu status musavatçıların bostanına daş atmaq idi. Yəni, siz seçkiyə gedirsinizsə, satqınsınız. Bu da ondan irəli gəlir ki, “birdən musavatçılardan kimsə deputat olar, Əli Kərimlinin komandası офsaytda qalar” düşüncəsi bu iki təşkilatın əbədi rəqabətinin əsasını təşkil edir. Müxalifət düşərgəsinin cikini-bikini yaxşı bildiyindən “Musavat.com” qeyd edib ki, T.Xasməmmədovun statusuna rəy yazanlardan biri də “Türkel Oğuz” nikli sosial şəbəkə istifadəçisidir. Rəyçinin rəyi diqqəti ona görə cəlb edib ki, onun Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin gizli hesablarından biri olması hamı tərəfindən bilinir.

“Türkel Oğuz”' T.Xasməmmədovun statusunun altında aşağıdakı rəyi yazıb: “197 nəfər mühacirlə bağlı Baş Prokurorluq hər an cinayət işi aça bilər axı, başa düşüləndir”. Mərəkə də bundan sonra başlayıb. Müsavat başqanı Arif Hacılı isə bu status və “Türkel Oğuz”un rəyini screen şot edərək, ona münasibətini aşağıdakı cümlələrlə bildirib: “Bu yazını Gültəkin Hacıbəylinin yazdığına inanmıram. Dünən canlı yayımda verilən suala cavabımda da belə dedim. Sonra aşağıdakı skrini inboksuma sübut kimi göndərdilər. Yenə inanmıram. Bəlkə profili oğurlanıb?” Maraqlıdır ki, T.Xasməmmədovun yazdığı, G.Hacıbəylinin isə şərh verdiyi statusun altında daha sonra illərdir görməyə alışdığımız AXCP-Müsavat davası başlanıb.

Məsələ burasındadır ki, hələ 2013-cü ildəki prezident seçkilərində də Müsavat-AXCP davası baş vermişdi. Müsavatçı Mustafa Hacıbəyli müttəfiq saydıqları AXCP-nin ittihamlarını qeyri-adekvat reaksiya adlandırmışdı: “Biz müttəfiqlik münasibətlərini qiymətləndirərək və böyüklük göstərərək dözümlü yanaşırıq. Hər halda bu dözüm qarşısında AXCP-nin bizə yönəlik təftişlərini azaltmağa çağırırıq”.

O vaxt AXCP sədri tövsiyyə etmişdi ki, partiyanın üzvü olan hər bir şəxs müxalifət daxilində intriqa yaradacaq söhbətlərdən uzaq dursun. Lakin bu, sözdə belə idi. İşdə Müsavatın namizədinin irəli sürülməsi onun narazılıq hisslərini alovlandırırdı.

Müxalif partiyalar arasında baş vermiş davaların yarası qaysaqlasa da seçkidən seçkiyə qaysaqlar qoparılır və sözün qanı su yerinə axır. İndi də üzdə müttəfiqlikdən danışılsa da, daxili gərginlik güclüdür. Bu tərəfdən də digər partiyaların ard-arda seçkidə iştirak qərarı verməsi AXCP-nin təklənməsinə gətirib çıxarıb. Artıq Əli Kərimlinin yeni imici “Boykot Əli” ayaması ilə formalaşıb. Bu adam özünün ələ keçirə bilməyəcəyi bir şeyi heç vaxt başqalarına rəva görmür. İndi o, yaxşı bilir ki, xalqın ona dəstəyi yoxdur. Buna görə də seçkiləri boykota çağırır ki, əgər o seçilməyəksə, onda qoy, heç kim seçilməsin. Ancaq, göründüyü kimi, Əli Kərimli müxakifətin içərisində özü boykot olub və partiyası seçkilərdən kənarda qalaraq “Əli aşından da olub, Vəli aşından da”.

N.NOVRUZ

Sizin Reklam Yeriniz