Əlaqə Arxiv
news Image
2019.12.11
08:06
| A A A
Bakı-Moskva hərbi əməkdaşlığı genişlənir
Azərbaycanın şimal qonşusundan yeni silahlar almaq istəyi Ermənistanı qarışdırıb

Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfəri zamanı səsləndirdiyi “Azərbaycana lazım olan hər bir şeyi Rusiya ona satacaq” fikri Ermənistanda ciddi təbəddülat yaradıb. Çünki, bundan bir müddət əvvəl bu ölkənin baş naziri Nikol Paşinyan KTMT ölkələrinə müraciət etmişdi ki, Azərbaycana silah satmasınlar. Əgər təşkilatın yaradıcısı və faktiki olaraq başçısı olan ölkə, üstəlik Ermənistanla müttəfiqlik münasibəti saxlayan dövlət Azərbaycana hər cür silah satılmasına yaşıl işıq yandırırsa, onda digər ölkələrə nə demək olar. Erməni ictimaiyyəti bu münasibətə görə möhkəm narazıdırlar, amma bu fonda özlərinin əməllərinə real qiymət verməkdən də uzaqdırlar. Çünki, onlar suveren dövlətlərin münasibətlərinə müdaxilə etmək fikrinə düşürlər. Sanki, Ermənistan dövlətinin regionda hansısa bir əhəmiyyətli rolu var. İndiyədək ermənilər başa düşməyiblər ki, onlar əhəmiyyətli tərəfdaş yox, əhəmiyyətli platformadırlar. Ruslara və ya qərblilərə də buna görə kazımdırlar. Yoxsa ki, Ermənistanın nəyi var ki, onunla da kimsə tərəfdaşlıq etsin.

Bu situasiyada Sergey Lavrovun Bakıda dediyi “Mən yalnız onu qeyd edə bilərəm ki, hərbi-texniki əməkdaşlıq Moskva və Bakı arasında strateji tərəfdaşlığın mühüm sahələrindən biridir. Biz hərbi-texniki əməkdaşlığı beynəlxalq qanunvericiliyə tam uyğun şəkildə aparırıq. Regionda sabitliyin və balansın tam qorunması ilə” fikriləri sanki Paşinyanın çağırışına yanıq verən cavabdır. Ermənilər Lavrovun sözlərini diplomatik jest kimi qəbul edə bilərdilər, əgər bunun ardınca Azərbaycanın Xarici İşləri Naziri Elmar Məmmədyarovun “Kommersant” qəzetinə verdiyi müsahibə olmasaydı. Müsahibədə bildirilirdi ki, tezliklə Azərbaycan və Rusiya arasında yeni silah müqaviləsi bağlanacaq. “Müəyyən qarşılıqlı fikirlər var. Bu sövdələşmə başa çatan kimi KİV-ə məlumat veriləcək” deyə, nazir anons etmişdi.

2003-cü ildə bağlanmış 5 milyard dollarlıq müqavilə üzrə Moskva Bakıya tanklar, zirehli maşınlar, HHM və radioelektron mübarizə vasitələri, özüyeriyən artilleriya qurğuları, raket-yaylım atəşi sistemləri və digər növ silahlar göndərmişdi. Yeni müqavilənin bağlanacağı barədə azərbaycanlı nazirin sözləri təkcə Ermənistanda ajiotaj yaratmayıb. Rusiya KİV-ləri də bu anonsla bağlı təcili şərhlər verməyə başlayıblar. “KTMT ölkələri ilə Azərbaycanın hərbi-texniki əməkdaşlıq sahəsində sıx əlaqələr yaranıb. Azərbaycan və Rusiya arasında  əlaqələri xüsusilə qeyd etmək isəyirəm ki, o cümlədən hərbi-texniki sahədə” deyə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva RİA Novosti xəbər agentliyinə bildirib. Onun sözlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev bu il oktyabrın 30-da RF-nın müdafiə naziri Sergey Şoyqu və noyabrın 26-da RF SQ Baş Qərargahının rəisi Valeri Gerasimov ilə görüşdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib. “Lazım gələrsə, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər” deyə, L.Abdullayeva deyib.

Azərbaycanla Rusiya arasında mümkün yeni silah müqaviləsinin imzalanması Ermənistanda xoşagəlməz sürpriz kimi qəbul edilib. Çünki, orada Paşinyanın çağırışına tamamilə ayrı cavab gözləyirdilər. Lakin Lavrovun Bakıda dediklərindən belə məlum olub ki, erməni baş nazirin sözləri səssiz uçan kəpənək təsirindən uzağa gedə bilməyib və Rusiya Azərbaycana silah satıb, satır və satacaq.

Hərbi ekspert, keçmiş korpus komandiri, “Azərbaycan baйrağı” ordenli ehtiyatda olan polkovnik Şair ramaldanov Sergey Lavrovun Bakı səfərinin yekunları barədə deyib ki, Azərbaycan Rusiya ilə təkcə silah almaqla əməkdaşlıq etmir: “Azərbaycan hərbçiləri Rusiyanın hərbi ali məktəblərində və texnikumlarında vacib hərbi ixtisaslar üzrə təhsil alırlar. Azərbaycanın hərbi arsenalındakı silahların 80 faizi Rusiya istehsalıdır. Bu, Azərbaycan üçün çox əlverişlidir. Düşünürəm ki, əlaqələr bu zəmində davam edəcək. Rusiyadan alınan silahların dünya bazrındakı analoqları çox bahadır. Buna görə də Rusiya silahı Azərbaycanı həmişə maraqlandırıb və bu maraq azalmır. Paşinyanın müraciəti isə mənasız məşğuliyətdir. Nikol Paşinyanın KTMT-yə verdiyi təkliflər cisi qəbul edilmir. Çünki, KTMT-yə üzv olmaq üçüncü ölkəyə silah satışını qadağan etmir.  Məncə, Paşinyanın özü də öz çağırışının faydasız olduğunu bilir”.

Bütün sahələrdə olduğu kimi silah-sursat alqı-satqısında da Azərbaycan əlverişli tərəfdaşdır. Çünki, bu iş üçün müvafiq bücəsi var və sabit inkişaf edir. Demək, ölkənin ödəmə qabiliyyəti yüksəkdir. Buna görə də ölkəmizə silah satmaqda bütün ölkələr maraqlıdırlar. O ki qaldı Ermənistana, qorxmaqları təbiidir, çünki bizdən olduqca zəif və gücsüzdürlər. Yaxşı olar ki, qonşularına münasibətlərini dəyişsinlər, yoxsa ki, daiм qorxu içərisində nə edəcəklərini bilməyəcəklər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz