Əlaqə Arxiv
news Image
2019.12.13
08:54
| A A A
Ermənistanda köhnələr inqilaba, təzələr Sarkisyana nifrət saçır
Qarabağın işğalı və işğalda saxlanması bu ölkədə hər şeyi alt-üst edib, indi ha çalışırlar düşdükləri quyudan çıxa bilmirlər

Ermənistanda məxməri inqilabla baş vermiş hakimiyyət dəyişikliyi ölkədə siyasi mübarizəni son dərəcə kəskinləşdirib. Artıq 30 ildən çoxdur ki, Ermənistanda hakimiyyəti yıxmaq və hakimiyyəti ələ keçirmək kimi prosedurlarda əsas rolu Qarabağ kartı oynayır. Sevinmək də, gülmək də bu kartın halı ilə müəyyənləşir. Hamı hamını tənqid edir və əksəriyyət işğalı, cinayəti erməni vətənpərvərliyinə tay tutur. Amma əsas mübarizə köhnələrlə təzələr arasında gedir.

Məsələ burasındadır ki, təzələrin rəhbəri və hazırkı baş nazir Nikol Paşinyan siyasətdə xamlığı ucbatından ölkədə yenilik edə bilmədi və xüsusilə Qarabağ münaqişəsinin həllində köhnələrin cinayətkar yolunu davam etdirməyə başladı. Bu isə ölkənin xarici aləmdə zəif olan nüfuzunu daha da aşağı saldı. Ölkə ilə bərabər Paşinyanın da reytinqi sıfırlandı. Daha onun simasında ölkənin digər siyasi qüvvələri özlərinə rəqib görmürlər. Bu səbəbdəndir ki, erməni politoloq Aram Amatuni yazır ki, “köhnələr”ə Paşinyanda çox inqilaba qarşı köklənmək qalır.

Artıq erməni cəmiyyətində “Serj Nikolu xilas et” çağırışları səslənməyə başlayıb. Yox, bu, Nikolun Serjə rəhmət oxutdurması deyil, sadəcə, inqilaba istehza ritorikasıdır. Çünki, cəmiyyət bu çağırışı eşidəndə onda hansısa sui-qəsd versiyasına inam yaranır. 

Hakimiyyətdən salınmış və hazırda müxalif qüvvə sayılan Ermənistan respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Bratislava danışıqlarının nəticəsinə əsasən Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunaraq deyib: “Serj Nikolu xilas et. Bu ilyarımda Paşinyan-Mnasakanyan cütlüyünün Qarabağ məsələsində sərsəriliyi onunla nəticələnib ki, Serj SarkisyanpNalbandyan cütlüyünün işləyib hazırladığı danışıqlar paketinin xilasedici dairəsinə düşüb”.

Amatuninin fikrincə, Aşotyanın əsas müstəvidə söylədikləri heç bir tənqidə məruz qalmır, ona görə ki, Nikol  Paşinyanın Qarabağ siyasətini xarici siyasətdə konseptual istiqamət kimi düşünmək çətindir. Hətta bu vəziyyətdə, mövcud olan ziddiyyətlər kontekstində Serj Sarkisyanın da Qarabağ siyasətini etalon və ya uğurlu hesab etmək mümkün deyil.
Amatuninin yazdığı məqalədən belə məlum olur ki, Serj Sarkisyan siyasətinin “nailiyyəti” Dördgünlük Müharibə, hakimiyyətin güzəştlərə hazır olduqları zaman Əliyevin maksimalizmi sayəsində həll variantlarının uğursuz olacağına ümid etdiyi dişsiz taktika idi. Bu kontekstdə əvvəlki sistemin nümayəndələrinin Nikol Paşinyanı məğlubiyyətdə və ya siyasətini uğursuzluqda ittiham etməsi ən azı gülüncdür.

Təbii ki, Aram özlərinin erməni düşüncəsi fonunda bu fikirləri səsləndirir. Lakin Qarabağın işğalı ətrafında cərəyan edən bütün bu köhnələr və təzələr strategiyası haqda “elegiyalar” hamısı “ritmsiz və melodiyasız” siyasətin nəticəsidir. Nə Serj, nə də Nikol erməni xalqının mənafeyini ifadə edən sülh taktikasına müraciət etməyiblər. Onlar yalnız özlərini və hakimiyyətlərini, başqa sözlə, öz ciblərini güdüblər. Və bu siyasət davam edir.

Qarabağ münaqişəsinin həllinə köhnələr heç cür razı ola bilməzdilər. Çünki, bu, onların özlərinin məhvi demək olardı. Sarkisyan və ətrafı Qarabağda soyqırım törətmiş cinayətkarlardan ibarət idi. Hamı bilir ki, sülh yaranan kimi müharibə cinayətkarları məsələsi gündəmə gələcək və hər kəs törətdiyi cinayətə görə məhkəmə qarşısında cavab verəcək. Paşinyan da hakimiyyətini möhkəmlətmək üçün Qarabağa “nöqtə” qoymaq cəsarətində bulunur. Amma bunu bacarmayacağını da anlayır. Halbuki, o başa düşür ki, bu siyasətin gələcəyi yoxdur, gec-tez Azərbaycan özü sülhü təmin edəcək, Ermənistanın iştirakı olmadan. Onda vəziyyət daha ağır olacaq. Elə bu səbəbdəndir ki, erməni cəmiyyəti indi köhnələr və təzələrin Qarabağ siyasətinin müqayisəsinə girişib. Ancaq Amatuninin təhlilindən görünür ki, nə köhnələr, nə də təzələr vu istiqamətin damarını tuta bilmir. Deməli, yeni, konstruktiv işləməyi bacaran bir qüvvəyə ehtiyac var.

N.NOVRUZ

Sizin Reklam Yeriniz