Əlaqə Arxiv
news Image
2019.12.14
11:00
| A A A
Kreml Qarabağ məsələsində fəallaşır
Bəs, konfliktin həllində yeni motivasiya nə verə bilər?

“Rusiya vasitəçi xarakterli müvafiq beynəlxalq funksiyaları yerinə yetirən ölkə olaraq Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin və münaqişəli vəziyyətin həlli xeyrinə dialoqun davam etdirilməsi üçün əlindən gələn yardımı edəcək”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bratislavadakı danışıqlardan sonra Azərbaycan və Ermənistanın yaydığı bəyanatlardakı fərqli mövqeləri şərh edərkən deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqelərdəki fərq göz qabağındadır, əks halda, danışıqlar prosesi olmazdı: “Dialoqun konstruktiv şəkildə davam etməsi və tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik”.

Publisistik anlamda Rusiya tərəfdən belə fikirlərin səsləndirilməsi yeni ümidlər doğura bilər. Lakin diplomatik üslub onu diktə edir ki, bunlar həmişəki kimi sözdür və real addımların atılması haqda düşünmək üçün hələlik yetrincə ümidlər yoxdur. Düzdür, hiss olunur ki, erməni tərəf də vəziyyətinin ağırlığına görə irəliləyiş arzulayır.

Hələlik isə vəziyyət dəyişilməz olaraq qalır. Bratislavadakı görüş 3 saat yarım çəkib. Bu görüşün müsbət amili ondan ibarətdir ki, münaqişə tərəfləri qismində Ermənistan və Azərbaycan öz mövqelərində qalsalar da, necə deyərlər, “daşa atıb, başlarını tutmayıblar”, müəyyən qədər müzakirə mövzusunun mahiyyəti barədə də fikir mübadiləsi aparıblar. Bunun əməli əhəmiyyəti var. Yəni, tərəflər öz tələb və təklifləri barədə daha aydın təsəvvürlər əldə ediblər.

Təbii ki, danışıqların stenoqramı bizdə yoxdur və bu da normal haldır. Ancaq əldə olmayan təfərrüatlar barədə nə isə dəqiq söz demək mümkün deyil. Aydın məsələdir ki, diplomatiyanın qaydası olaraq bu mübhəmliyin açıqlanması da gözlənilmir. Ancaq bəyanatlardan məlum olur ki, hələlik həmişəki kimi ortada heç nə yoxdur. Vəssalam! Hətta Mariya Zaxarova Rusiya tərəfdən hər şeyin ediləcəyi vədini versə də.

M.Zaxarovanın səsləndirdiyi bir fikrə də diqqət yetirmək lazımdır. Bu, Rusiya XİN rəhbərinin bu yaxınlarda İrəvana və ardınca Bakıya olan səfərləri ilə əlaqədardır. Heç şübhəsiz, Sergey Lavrov Qarabağ münaqişəsi üzrə hər iki tərəfdə ictimaiyyətə açıqlanmayan müzakirələr aparıb. Bunun nəticəsi kimi rus politoloqların çıxışları güclənə bilər. Çox güman ki, həmin çıxışlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi daha güclü arqumentlərlə əsaslandırılacaq.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz