news Image
2012.05.09
19:53
| A A A
Rumıniyadan Ermənistana tənqid
Rumıniyanın informasiya agentliyi Ermənistanın “Avroviziya 2012”-yə qarşı pozuculuq cəhdlərini tənqid edib

Ermənistanın "Avroviziya 2012" beynəlxalq mahnı müsabiqəsinə qarşı pozuculuq cəhdləri Rumıniya mətbuatında tənqid olunub.

Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirilib ki, bu ölkənin aparıcı informasiya agentliklərindən olan "Mediafax" tərəfindən Ermənistanın Bakıda keçiriləcək "Avroviziya 2012" beynəlxalq mahnı müsabiqəsinə kölgə düşürmək cəhdləri tənqid olunub. İnformasiya agentliyinin internet səhifəsində "Ermənistanın Avroviziya təmsilçisi ilə prezident Serj Sarqsyan arasında qarşıdurma "Mən ölkəmi konkursda təmsil etməmək üçün heç bir səbəb görmürəm" başlıqlı məqalə yayımlanmışdır. Analoji məqalə, geniş oxucu kütləsinə malik "Ultima Ora" (Son saat) qəzetində də, dərc olunmuşdur.

Qeyd etmək lazımdır ki, "Mediafax" agentliyi Rumıniyanın gündəlik ictimai-siyasi, iqtisadi-sosial vəziyyəti haqqında operativ və dolğun məlumat yayan informasiya agentliklərindən biridir və bir çox xəbər agentlikləri "Medifax"-ın məlumatlarından istifadə edirlər. Bununla əlaqədar olaraq, "Mediafax" agentliyinin internet səhifəsi yerli və xarici oxucuların ən çox faydalandığı xəbər mənbəyidir.

Məqalədə "Avroviziya 2012" beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcək ölkə tərəfindən hazırlıq işlərinin uğurla getməsi, Azərbaycanın əsrlər boyu "Odlar yurdu" kimi tanınması və bu baxımdan "Öz odunu alışdır" şüarının təsadüfi seçilmədiyi bildirilir. Buxarest Yazıçılar Assosiasiyasının sədri, "Azərbaycan - canlı alov" kitabının müəllifi yazıçı, dramaturq Horiya Qırbya qeyd edir ki, "konkurs üçün qoyulan investisiyalar böyük şounun olacağını vəd edir. Azərbaycan bu tədbiri Avropanın ən yaddaqalan mədəni mərasiminə çevirəcəkdir".

Məqalədə bildirilir ki, müsabiqədə yalnız bir ölkədən başqa iştirak etmək hüququ olan bütün ölkələr öz iştiraklarını təsdiqləmişdir. Ermənistan öz təmsilçisini seçsə də, sonralar iştirakdan imtina etmişdir. Müsabiqədən geri çəkilməyin səbəbi kimi Ermənistan rəhbərliyinin Azərbaycan cəmiyyətinə ünvanlandığı "düşmənçilik" iddialarının əsassızlığına aydınlıq gətirən AR Rumıniyadakı Səfirliyinin diplomatı qeyd etmişdir ki, "Ermənistanın bu taktikası sırf siyasidir və əsrlər boyu dinc Azərbaycanlı əhalisinə qarşı törədilmiş vəhşiliyi ört-basdır etmək məqsədini daşıyır. Ermənistan tərəfinin iddiaları bu möhtəşəm tədbirin məramı və ovqatı ilə heç cür uyğun gəlmir. Azərbaycan indiyə kimi bu tədbirə hər hansı bir siyasi rəng verilməsi cəhdlərinə qəti şəkildə qarşı olmuşdur. Bununla belə, Cənubi Qafqazda fərqli baxışların və mövqelərin yaxınlaşdırılması üçün əlavə imkanlar yaratması baxımından heç kəs bu tədbirin mədəni təsirlərini inkar etmir".

Məqalədə Azərbaycanın bütün təhlükəsizlik tədbirlərini görməsinə baxmayaraq, Ermənistanın müsabiqədən birtərəfli qaydada çəkilmək qərarının Avropa Yayım Birliyində təəccüb və çaşqınlıqla qarşılandığına diqqət çəkilir. Ermənistanın müsabiqədə iştirak edəcək qrupun prodüserinin Serj Sarqsyanın qərarı ilə qətiyyən razılaşmadığı vurğulanır.

Rumıniyanın geosiyasət elmləri professoru İon Marin Ermənistan Prezidentinin bu müdaxiləsini şərh edərək bildirmişdir ki, "Bu cür tədbirə Ermənistan Prezidentinin müdaxiləsi böyük maraq doğurur. Dövlət başçısı ictimaiyyət qarşısında öz ölkəsinin təmsilçinin müsabiqədə iştirakına qadağa qoyur. Onun bu addımına qarşı, Ermənistan təmsilçisi prezidentlə qarşıdurmaya çıxır və deyir ki, mən Ermənistanın belə tədbirdə iştirak etməməsi üçün heç bir real səbəb görmürəm. Musiqiçinin etirazından və qarşıdurmasından bəlli olur ki, bu müsabiqənin konturu nədir: əlbəttə ki, mədəni. Zənnimcə, musiqiçinin reaksiyası doğrudur. Deyəsən Ermənistan Prezidenti bu nüansları bilmir. Azərbaycana qarşı iddialar hallüsinasiyanın əsəridir və bu "qara məni basınca, qoy qaranı mən basım" misalına çox bənzəyir".

Məqalənin sonunda AR Rumıniyadakı Səfirliyinin diplomatı bəyan edir ki, "Dünya ictimaiyyətinə yanlış siqnal göndərmək üçün birtərəfli qaydada müsabiqədə iştirakdan imtina qonaqlara udulmaz anlar yaşatmaq və onların Bakıdan xoş təəssüratlarla ayrılması üçün ev sahibi ölkənin yaradacağı imkanlara kölgə sala bilməz".