Əlaqə Arxiv
news Image
2012.04.03
20:32
| A A A
"Ermənistan uğursuzluğa məhkum olacaq"
Əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına belə destruktiv ruhda yanaşacaqsa, qaçılmaz uğursuzluğa məhkum olacaq. Bu barədə Trend-ə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın respublikanın İctimai Televiziyasına müsahibəsini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Ermənistan rəhbərliyi başa düşməlidir ki, belə yanaşma bütün regionun inkişafını ləngidir və xüsusən, Ermənistanın öz xalqına ziyan vurur. Ermənistan rəhbərliyinin indiki siyasi kursu diqqətcil müşahidəçiyə hakimiyyətin bütün regionun və öz ölkəsinin gələcəyinə mütləq etinasızlığını göstərir", - Abdullayev deyib.

Ermənistan xarici işlər nazirinin müavini Koçaryan müsahibəsində bəyan edib ki, Azərbaycan və Türkiyənin Dağlıq Qarabağ münaqişəsi məsələsində Ermənistanı birtərəfli güzəştlərə sövq etməklə bağlı istənilən cəhdləri aşkar uğursuzluğa məhkumdur.

Abdullayevin sözlərinə görə, aydındır ki, sülh prosesinə belə yanaşmada təkid etməklə Ermənistan hakimiyyəti öz şəxsi tamahkar məqsədlərini güdür.

Abdullayev qeyd edib ki, Ermənistan rəhbərliyinin həmsədr ölkələrin başçılarının bəyanatlarını aşkar təhrif etməsi yersiz və gülüncdür.

Onun sözlərinə görə, həmsədrlər dəfələrlə və birmənalı şəkildə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo yolverilməzdir.

"Azərbaycanın 20 faiz torpağını işğal edən və Azərbaycan torpaqlarının yerli əhalisinə qarşı etnik təmizləmələr həyata keçirən İrəvanın cəhdləri sülhsevər-gülməli görünür. Ermənistan hakimiyyəti tərəfindən daim səslənən destruktiv xarakterli bəyanatlar Ermənistanın sülh nizamlanması prosesinə münasibətinin birbaşa sübutudur", - Abdullayev deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafında sülh prosesinin qəsdən uzadılması Ermənistanın hərbi və işğalçı siyasətinin davamından başqa bir şey deyil.
Sizin Reklam Yeriniz