Əlaqə Arxiv
news Image
2020.01.25
11:26
| A A A
Paşinyanı devirirlər…
Araz Aslanlı: “Paşinyanın hakimiyyətdə olduğu dövrdə çevriliş risqi daim aktual olacaq, ancaq regionda güclü təsirə malik dövlətlərdən hansısa biri çevrilişə birbaşa dəstək verməsə, reallaşma ehtimalı zəif olacaq”

Ermənistanda baş nazir Nikol Paşinyanı devirmək üçün rəqiblərinin hərəkətə keçməsi müşahidə olunur. Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan son hakimiyyət dəyişikliyindən, Paşinyanın baş nazir kürsüsünə gəlməsindən sonra ölkədə bir neçə dövlət çevrilişi cəhdinin olduğunu bildirib. Qeyd edək ki, Paşinyan hakimiyyətə gələndən onunla iqtidardan salınan “Qarabağ klanı” arasında ciddi savaş gedir. İkincilər hər vəclə çalışır ki, Paşinyanın hakimiyyətini devirsinlər. Düzdür, hələlik buna nail olmayıblar. Ancaq Paşinyanın reytinqi artıq əvvəlki kimki yüksək deyil. Əksinə, onun xalq arasında nüfuzu aşağı düşməyə başlayıb. 

Paşinyanın reytinqinin düşməsi fonunda isə belə çevrilişin yaxın müddət ərzində baş tutmasına dair xəbərdarlıqlar edilir. Belə çevriliş mümkündürmü?

“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, Paşinyan iqtidarda qaldıqca ona qarşı çevriliş cəhdləri daim aktual olacaq. Ancaq bununla belə, ekspertə görə, güclü dövlətlərin birbaşa dəstəyi olmadan bu çevrilişlərin nəticə verməsi də mümkün deyil: “Ermənistan daxili-siyasi proseslər baxımından keçən əsrin 90-cı illərin əvvəllərində Qafqazda guya nisbətən daha sabit görünən ölkə idi. Amma daha sonrakı dövr göstərdi ki, əksinə, bu ölkə qeyri-sabit bir ölkədir. Həm işğalçılıq siyasəti, həm də ölkə daxilində icra olunan  digər siyasət üzündən ictimai-siyasi mühit baxımından Ermənistan sabit olmayan  mərhələyə qədəm qoydu. Bunu 2008-ci ilin prezident seçkilərindən sonra da gördük. Bir yandan bu ölkə işğal siyasətini uğur kimi təqdim edib, cəmiyyəti onun ətrafında toplamağa çalışır, digər tərəfədn də bütövlükdə Ermənistan dövləti və cəmiyyəti işğal siyasətinin girovuna çevrilir. Bu ikisinin arasında qalan cəmiyyət uzunmüddətdir qeyri-sabit bir dövrü yaşamağa məhkumdur. İndiyə kimi, Ermənistandakı hakim rejimlər öz uğursuzluqlarını ört-basdır etmək üçün Qarabağ problemindən istifadə etmək taktikasından bəhrələnməyə çalışıblar. Hansı ki, bu taktika da müəyəyn zaman fayda versə də, bir müddətdən sonra fayda vermir. Bunu 2008-ci ildə Serj Sarkisyanın seçildiyi seçkilərədn sonra da gördük. Həmin dövrdə hakimiyyət müxtəlif bölgələrdən hərbi qüvvələr cəlb edərək insanları gülləbaran etdilər. Paşinyan  da hakimiyyətə rüşvətxorluq, sosial məsələlərlə bağlı problemləri həll edəcəyi vədilə gəldi. Həmçinin, Qarabağ probleminin həlli istiqamətində addımlar atmaq vədilə də çıxış etmişdi. Amma praktik olara Paşinyanın bu vədləri həyata keçirmək imkanı məhduddur. Buna onun potensialı imkan vermir. İkinci bir tərəfdən, xarici təsirləri nəzərə alsaq Ermənistanın sahib şərtlər də buna imkan vermir. Digər tərəfdən, təəssüf ki, Ermənistan cəmiyyəti də buna hazır deyil. Sözsüz ki, Ermənistan cəmiyyətində də işğal siyasətinin girovluğundan qurtulmağı arzulayanlar var. Onlar anlayır ki, işğal siyasətinin girovluğunda qalmaq Ermənsitanın gələcəyini sual altına qoyur. Ermənistan Qafqazda təcrid olunmuş durumdadır, regional layihələrdən kənarda qalıb. İqtisadiyyatı xaricdən tamamilə asılı vəziyyətdə qalmaqda davam edir. Hansı ki, belə bir pesrpektivdə olan ölkənin gələcəyi ola bilməz. Amma bundan qurtulmaq üçün işğal siyasətindən vaz keçməyin lazım olduğunu hələlik əksər erməni cəmiyyəti anlamaq istəmir.  Bu da Paşinyan üçün bir problemdir. Eyni zamanda, Paşinyanın məsələyə yanaşmalarında da ciddi problemlər var. Bütün bunlar isə ona qarşı hansısa çevriliş cəhdlərini aktual olaraq saxlayır.

 

Belədə deyərdim ki, Paşinyanın hakimiyyətdə olduğu və Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi bütün dövrdə çevriliş risqi daim aktual olacaq. Ancaq bununla belə, regionda güclü təsirə malik 2-3 dövlətdən hansısa biri çevrilişə birbaşa dəstək verməsə, onun reallaşması ehtimalı da zəif olacaq. Yəni həmin mövzu aktuallığını itirməyəcək, amma reallaşma ehtimalı böyük güclərdən birinin iradəsinə uyğun olaraq baş tuta bilər”.

 

R. SOLTANOV 

 

Sizin Reklam Yeriniz