Əlaqə Arxiv
news Image
2020.01.28
08:47
| A A A
Ermənistan əcəli çatmış keçi rolunda
Klanlararası mübarizədə tərəflər Qarabağı hədəf seçiblər

Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə daha da gərginləşir. Köhnə Qarabağ klanı ilə yeni İrəvan klanı arasında mübarizə kəskinləşir. Baş nazir Nikol Paçinyanın yeri hələ də ləngər vurur. Bir gün onun tezliklə süqut edəcəyindən danışılır, o biri gün onun köhnə klanın nümayəndələrinə hücumundan bəhs edilir. Ermənistanın özündə Paşinyan öz adamloarını hakimiyyət strukturlarında hələ də tam yerləşdirə bilməyib. Üstəlik, son 30 ildə hakimiyyət uğrunda mübarizədə əsas faktor rolunu oynayan Qarabağın işğalı faktı yenə də gündəmdədir və Azərbaycan torpaqlarında yaradılmış qondarma respublikada Paşinyanın özünə tərəfdar tapması uğrunda mübarizə güclənir. Baş nazir alov üzərinə benzin tökməklə keçmiş rəqiblərini sıradan çıxarıb öz adamını qondarma rəhbərliyə gətirmək istəyir. Buna görə də köhnələrə hücumlarını artırıb.

Yanvarın 25-də Paşinyan keçirdiyi mətbuat konfransında böyük bir “təhlükə”nin üstünü açaraq eks prezident Serj Sarqsyanın paxırını ictimaiyyətə bildirib. O, keçmiş hakimiyyətin Qarabağ məsələsində ona “ağır irs qoyub getdiyini” bildirib. Belə ki, Paşinyan əvvəlki hakimiyyətin zamanında danışıqlar predmeti olan və bu günlərdə erməni KİV-lərində dərc edilən nizamlama variantından (“Madrid prinsipləri”nə əsaslanan həll modeli) sitatlar gətirib. Deyib ki, həmin həll modelinə əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlar-Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçın (Ermənistanla Dağlıq Qarabağı birləşdirən quru dəhlizini çıxmaqla) Azərbaycana qaytarılır. Sülhməramlıların Dağlıq Qarabağ muxtar vilayətinin inzibati sərhədləri boyu yerləşdirilməsindən sonra Azərbaycanın mülki hakimiyyəti həmin rayonlara qayıdır, qoşunlar çıxarılır. Kəlbəcər isə aralıq dövr üçün ATƏT-in nəzarətində olur. Dağlıq Qarabağ aralıq status alır, regionun yekun hüquqi statusu referendumla müəyyən edilir.

Bunun ardınca Paşinyan işğal edilmiş Azərbaycan torpaqlarında keçirilən qondarma seçkilərdə iştirak edən namizədlərə müraciətlə bu variant qəbul edib-etmədikləırini soruşur. Yəni, “diplomatikcəsinə” özünün qərar verməsi üçün yad ölkənin əhalisinə müraciət edir. Olsun! Və bu müraciətə cavab olaraq, Qarabağın erməni əhalisi sayılan erməni namizəd-siyasətçilər nəinki qəti surətdə bunun əleyhinə çıxırlar, hətta irəli gedərək “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən kənarda yerləşən daha 7 rayonun qaytarılmasını rədd edirlər. 

Qondarma “dqr”in keçmiş “baş naziri”, indiki “prezidentliyə namizəd” Araik Arutyunyan bildirir  ki, Paşinyanın bəhs etdiyi həmin nizamlama variantı “qəbuledilməzdir”. Arutyunyanın dediyinə  görə, o “hələ uşaq olarkən”, Sərkisyanın vaxtında da həmin sənədlə razı olmadığını dəfələrlə bildirib. Üstəlik, “prezident” seçiləcəyi təqdirdə həmin ərazilərin sürətlə məskunlaşdıracağını deyib.

Məlum məsələdir ki, Paşinyan hamıya məlum olan bu faktların qabardılmasının keçmiş hakimiyyət tərəfdarlarını –qondarma seçiciləri yeni hakimiyyətin adamına “səs” verməyə ruhlandırmaq üçün edir. Bütün siyasi ambisiyaları ilə qondarma olan namizədlərin verdikləri cavabların Paşinyanın işinə yarayıb-yaramacağını bir tərəfə qoyaq, amma bu cavablar “prezident” olmağa hazırlaşan namizədlərin qordarmaçılıqlarını ciddi şəkildə təsbit edir. Belə ki, “dövlət başçısı” olmağa hazırlaşan bu adamlar beynəlxalq hüququn, özgə torpağının işğal edilməsinin nə olduğunu dərk etmirlərsə, onlardan nə “prezident”? Üstəlik...

Paşinyan sülh istəyirsə, işğalçı ermənilərdən məsləhət almağı əbəsdir. Hansı işğalçı deyər ki, bəli, mən səhv etmişəm, indi də səhvimi düzəltməliyəm. Çünki, bu, onun axırı olar. Təbii ki, həmin işğalçılar özlərini haqlı sayacaqlar. Həm də bu izahatları ilə sübut edəcəklər ki, onlar sülh arzusunda deyillər. Nəticə etibarı ilə Azərbaycana müharibəni alovlandırmaqdan başqa çıxış yolu qoymayacaqlar. Müharibə isə, yerli və xarici hərbi ekspertlərin, təcrübəli hərbçilərin qənaətinə görə Ermənistanın sonu ola bilər. Belə bir situasiyada Paşinyan nə ilə məşğuldur, anlaşılan deyil. Amma bir şey məlumdur ki, Nikol Paşinyan, Ermənistanın hazırkı baş naziri opponentlərinin əməyi olmadan özü özünü məhv etmək taktikası yeridir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz