Əlaqə Arxiv
news Image
2020.01.28
09:49
| A A A
Paşinyanın yenə Qarabağ sərsəmləmələrini davam etdirir
Natiq Miri: “Bu açıqlama ilə Paşinyan özünü sığortalamağı düşünür” İlqar Vəlizadə: “Erməni baş nazir daxili çəkişmələr fonunda münaqişə ətrafında gedən proseslə bağlı həqiqətləri üzə çıxarıb”

Ermənistan baş naziri Nikol Paşinyan Qafanda mətbuat konfransı keçirib. Bu fonda Paşinyan Serj Sarkisyan hakimiyyəti dövründə danışıqlar masasında olan sülh sazişinin detallarını bölüşüb.

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Amma Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil idi. Tərəflər ATƏT, yaxud BMT-nin bayrağı altında referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən etməli idi. Həmin referendumun nətcəsi məcburi hüquqi önəmə malik olmalı və bütün beynəlxlaq prinsiplərə riayət etməli idi”- deyə Paşinyan açıqlayıb.

Nikol Paşinyan Qarabağ ətrafındakı 5 rayondan erməni birləşmələrinin çıxmasından sonra bölgəyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini və bundan sonra azərbaycanlıların öz ev-eşiklərinə qayıtmalı olduğunu xatırladıb.

"Amma sülhməramlılar Laçın və Kəlbəcər rayonlarında yerləşməli deyildi. Kəlbəcər ATƏT-in müvəqqəti monitorinqi altında qalmalı idi. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi. Yayılan məlumatlarda bu sənədlərdən söhbət gedir. İndi bizi ittiham edirlər ki, biz bu irsi itirmişik”-deyə Paşinyan açıqlama verib.

Politoloq Natiq         Mirinin fikrincə, Paşinyan Qarabağla bağlı sülh sazişinin detallarını açıqlaması özünü sığortalamaq məqsədi daşıyır: “Paşinyanin bu açıqlamasını onun təklifi kimi dəyərləndirmək doğru deyil. Bu açıqlamalarla o özündən əvvəlki, “Qarabağ klanı”nın hakimiyyəti dövründə guya təslimçi hakimiyyətin olduğunu ortaya qoymaq  və bununla da özünü sığortalamaq istəyir. Paşinyan burada açıq şəkildə məsuliyyətdən qaçmaq istədiyini də ortaya qoyur və deyir ki, erməni xalqı təklifi qəbul edirsə, onda inqilabçı hakimiyyət də onları qəbul edə bilər. Bu da əslində dolayı yolla məsuliyyətdən qaçmaq deməkdir. Çünki Paşinyan özü də gözəl anlayır ki,  irqçi Ermənistan cəmiyyəti Dağlıq Qarabağ probleminin həlli yolunda hansısa güzəştə hazır deyil. Ona görə də belə fikirləri ortaya atmaqla özündə günahın olmadığını və indiki vəziyyətdə Dağlıq Qarabağ probleminin güzəştli qaydada həll olunmasının mümkünsüzlüyünü ortaya qoymaq istəyir”.

Politoloq İlqar Vəlizadə isə düşünür ki, Paşinyanın Serj Sarkisyanın hakimiyyəti dövründə masa üzərində olan sülh sazişinin detallarını bölüşməkdə məqsədi Dağlıq Qarabağın qondarma seçkilər ərəfəsində olması amilindən qaynaqlanır: “Sentyabr ayında qondarma prezident seçkiləri olacaq. Ona görə də tərəflər səfərbər olunub. Paşinyan bu arquemntləri gündəmə gətirməklə qondarma rejimdəki özünün əsas rəqibləri olan “Qarabağ klanı”nı vurmağı düşünür.  Belədə fikir və görüntü  formalaşdırmaq istəyir ki, əvvəlki rejim Dağlıq Qarabağı qaytarmağı düşünürdü və yalnız indiki rejimin hakimiyyətə gəlişindən sonra məsələ təxirə salınıb. Yəni Paşinyan məsələni məhz daxili-siyasi çəkişmələr nəticəsində öz marağına cavab verən tərzdə ərsəyə gətirib. Belədə, daxili çəkişmələr fonunda o münaqişə ətrafında gedən proseslərlə bağlı həqiqətləri üzə çıxarıb. Bu onu göstərir ki, İrəvan Azərbaycanın təzyiqilə aprel döyüşlərindən sonra bu məsələləri müzakirə edib. Tərəflər bu məsələlərin müzakirəsi üçün Vyana və Sankt-Peterburqda görüşüb. Lakin sonradan müxtəlif səbəblərdən İrəvan bu müzakirələrdən qaçıb. Yeni hakimkiyyət danışıqlar nəticəsində əldə olunan ilkin razılıqdan boyun qaçırmağa başlayıb”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz