Əlaqə Arxiv
news Image
2020.01.29
08:40
| A A A
Ermənistanın ictimai-siyasi vəziyyəti də ağlamalı gündədir
Baş nazir Nikol Paşinyan yarıfaciəvi, yarıkomedik əməlləri ilə uçurumun kənarına çatıb

Bu gün erməni cəmiyyətinin əsas dərdi nagümanlıqdır. Əhali bilmir hansı ölkədə və nə üçün yaşayır. Əgər söhbət yaxşı yaşamaqdan gedirsə, sədd heyf, bu yoxdur, yox, söhbət gələcək həyat uğrunda mübarizədən gedirsə, bu da yoxdur. Bir əcnəbi sual eyləsə ki, ay ermənilər, siz hara gedirsiniz? Hamı gözlərini döyüb qalacaq, çünki xalq hara getdiyini və yaxud hara sürükləndiyindən bixəbərdir. Bugün-sabah əcnəbilərin müəllifliyi ilə səhnələşdirilən inqilab komediyasının ikillik yubileyi olacaq. İnqilab sözünün sinonimi dəyişiklik deməkdir və adi dəyişiklikdən fərqi odur ki, bu zaman hadisələr köklü dəyişilir. Düzdür, Ermənistanda da dəyişiklik olub, amma yeni heç nə baş verməyib, sadəcə, köhnə dərdlər daha da dərinləşib. Haqqında danışılan inqilabın baş verməsində rol alan səbəblərdən biri də ölkədə prezident üsul-idarəsinin parlament respublikasına çevrilməyidir. Di gəl ki, bu gün parlament başabəla quruma çevrilib və “pas atmış susəpən” kimi siyasi dairələri sulamağa yaramır. Pası isə cəmiyyəti zəhərləməkdə israrlıdır.

Siyasi ekspert Aram Amatuni erməni mətbuatında yazır ki, parlamentin siyasi laqeydliyi cəmiyyətdə hər şeylə dolu, lakin məzmunu olmayan dərin boşluq yaradıb: “Keçən həftə Ermənistan parlamenti istər-istəməz parıldadı, ancaq gündəmdəki siyasi fəaliyyəti və məzmunu ilə deyil, bizim yeni adlandırdığımız parlamentin böyük bir bölümünün Ermənistan dövlətçiliyinin qarşısında duran problemlərə və imkanlara heç cür cavab vermədiyinə dair sübutlarla”.

Yazı müəllifi bildirir ki, bu ittihamın sadə və  aydın bir göstəriciləri var. Belə ki,
5 Avqust 2019-cu il tarixində Ermənistanın Baş nazirinin Stepanakertdəki ( işğal edilmiş Azərbaycan torpaqlarındakı Xankəndi şəhəri) Vozrojdeniye meydanındakı nitqinin məzmunu, gündəmə gətirilən mövzuları, daxili, xarici, hərbi-siyasi təsirlərləri ilə Ermənistan parlamentinin tarixdən sonrakı fəaliyyəti ilə tərs mütənasib olmasıdır. Ümumiyyətlə, Ermənistanda Nikol Paşinyanın bugün dediyi sözlə sabahkı sözünün bir-birinə uyğun gəlməməsinə adət ediblər. Amma bu, iş deyil axı! Əgər dövlətin əsas fiquru sayılan baş nazirin ağzına və ağlına gələni heç bir məsuliyyət hiss etmədən danışırsa və əhali bunun boş sözdən başqa bir şey olmadığını dərk edirsə, onda hansı dövlətçilikdən və gələcəkdən danışmaq olar?!

Amatuni situasiyanı təhlil edərək bildirir ki, bu vəziyyətdə biz həm çoxluğun, həm də müxalif qüvvələrin parlament konsepsiyasına daxil edilməsindən dəm vururuq: “Bu sadə kombinasiya və müqayisədən aydın olur ki, Ermənistan parlamenti qeyri-adekvatdır, həqiqəti əks etdirmir və heç olmasa, Ermənistanın baş nazirinin siyasi xəttinə xidmət etmir”.

Bu mənzərədən görünür ki, ölkədə vəziyyət dramatikdir. Ermənistan parlamenti idarəetmə  prosesində yenə də cəmiyyət tərəfindən apolitik bir epitetlə istehza edilən rol oynayır. Məhz bu amil məzmunla deyil, hər şeylə dolu olan ictimai-siyasi həyatda geniş boşluqlar yaradır. Erməni ekspertin fikrincə, boğulan insanların əlindən qurtulmaq, Ermənistan parlamentinin siyasiləşdirilməsi və dövlətçilik problemlərinin adekvatlığı parlamentarilərin əlindədir. Lakin mövcud şərait bu nöqsanların düzəldilməsi üçün heç bir əsas yaratmır.

Ermənistandakı bu situasiyanın başında Paşinyan dayanır, ancaq o anlaya bilmir ki, cəmiyyətlə onun arasında dərin uğurum yaranıb və o, artıq uçurumun kənarındadır. Politoloq Razmik Akopcanyanın dediyinə görə, Paşinyan hakimiyyət hərisliyi və özünəvurğunluğu ilə utanmadan bütün nailiyyətlərini məhv edib. Baş naziri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə müqayisə edən müəllif bildirir ki, Paşinyan klounluğu ilə xeyli vaxtdır Gürcüstana qayıtmaq kimi gülməli ifadələri ilə gürcüləri “hədələyən” Saakaşvilini geridə qoyub. Paşinyan Ermənistandan qaçmadı. Ancaq o, sehrbaz olduğunu iddia etdi, camaatı buna inandırdı. Ancaq sehr baş vermədi. Akopcanyan belə bir nəticəyə gəlir: “Buna görə yumşaq desək, Paşinyanın getməsi üçün heç kim ağlamaz. Siyasi və ya fiziki - fərqi yoxdur”. Demək, uçurumdan dərəyə yuvarlanması üçün Paşinyana yüngül toxunmaq bəs edər. Onun simasında Ermənistan dövləti də hazırkı siyasəti fonunda yüngül bir təkanla tarixin arxivinə qovuşmaq təhlükəsi ilə üz-üzədir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz