news Image
2020.02.16
06:56
| A A A
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi başlamasa, status üzərində razılığa gəlmək mümkün olmayacaq

Ərazilərin azad edilməsi başlamasa, status üzərində razılığa gəlmək mümkün olmayacaq.

Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib: "Bu təklif Azərbaycan tərəfindən ciddi şəkildə nəzərdən keçirilmişdir və bütövlükdə, biz buna razılıq vermişdik. Bu, atıla biləcək ən məntiqli addımdır. Aydındır ki, biz bu münaqişəni mərhələlərlə həll etməliyik. Münaqişəni tam şəkildə bir gündə həll edə bilmərik. O, mərhələli olmalıdır və birinci mərhələdə jurnalistin söylədiyi və Rusiyanın təklifi etdiyi kimi, işğal olunmuş ərazilərin bir qisminin azad edilməsi baş verməlidir, Azərbaycan məcburi köçkünləri həmin ərazilərə qayıtmalıdır, həmin ərazilərdə yenidən köçürülmə olmalıdır və eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi getməlidir. Bu halda, Dağlıq Qarabağın statusu hər iki tərəf hazır olanda sonrakı müzakirəyə qala bilər, çünki yerlərdə proses getməsə, ərazilərin azad edilməsi başlamasa, status üzərində razılığa gəlmək mümkün olmayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, status məsələsi Azərbaycanın ərazi bütövlüyünə müdaxilə etməməlidir. Eyni zamanda, biz həmişə söyləyirik ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda sülh və rahat şəkildə yaşayan çox sayda etnik azlıqlar var. Ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi, ölkəmizdə istənilən digər millətin nümayəndəsi kimi, bütün hüquqlara və imtiyazlara malik olacaqlar".