Əlaqə Arxiv
news Image
2020.02.17
08:35
| A A A
Demokratik inkişafın növbəti təntənəsi
Növbədənkənar parlament seçkilərində xalqın fəallığı saxtakarlığa qarşı sipər oldu

Azərbaycanın inkişafında sürət həyatın bütün sahələrində özünü aydın göstərir. Düzdür, bu proses sahələr üzrə mərhələli şəkildə gedir. Lakin bu, tamamilə təbiidir. Yəni, ölkənin iqtisadi və ictimai-siyasi həyatı bir-birinin inkişafına təkan verən amillərlə bağlıdır. Məsələn, iqtisadiyyat siyasəti, siyasət demokratik quruculuğu möhkəmləndirir və sairə. 9 fevral növbədənkənar parlament seçkiləri Azərbaycanda gedən proseslərin daha bir həqiqətini üzə çıxardı: ölkədə demokratiyanın real simptomları kifayət qədər güclənib.

Seçki prosesində namizədlərin vəkilləri, müşahidəçilər, ictimai fəallar, seçicilərin özləri prosedur pozuntularına, saxtakarlığa adət etmiş bəzilərinin əməllərinə nəinki göz yummadılar, hətta onları ifşa edən materialları ictimailəşdirməklə ifşa etdilər. Bu, ictimai fəallığın çox mühüm aspektidir və ölkə rəhbərliyinin apardığı siyasətin tərkib hissəsidir.

Yada salmaq lazımdır ki, bir neçə il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə icra hakimiyyətləri yanında İctimai Nəzarət şuraları yaradılıb. Şuraların əsas fəaliyyəti əhalinin diqqətini cəmiyyətdə baş verən naqisliklərə yönəltmək, mənəviyyatsızlığa və saxtakarlığa, korrupsiyaya qarşı ortaya fəal mövqe qoymağa istiqamətlənib. Demək olar ki, hər bir çıxışında dövlət başçısı ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayır, əhalini gündəmin problemlərinin həllində fəallıq göstərməyə çağırırdı. Heç şübhəsiz, seçkilərdə baş vermiş pozuntuların üzə çıxarılmasında bu çağırışların rolu böyük olub. Bir məsələyə diqqət etmək gərəkdir ki, şikayətçilər şikayətlərini MSK-ya göndərməklə yanaşı ölkə başçısına da müraciət ünvanlayırlar. Bu da ona dəlalət edir ki, İlham Əliyevin apardığı siyasətə inam böyükdür və əhali prezidentin atdığı addımları birmənalı olaraq dəstəkləyir.

Dövlət rəhbərliyinin demokratik quruculuq siyasəti, aşkarlıq və şəffaflığın qorunması çağırışları məmurların fəaliyyətində də artıq normaya çevrilib. Növbədənkənar parlament seçkilərində 4 dairədən seçkilərin nəticələrinin ləğvi buna danılmaz faktdır. İndiyədək Azərbaycanda belə hal yaşanmayıb. 10 dairədən müşahidəçilərin sosial şəbəkədə yaydıqları faktların araşdırılıb tədbir görülməsi isə Dairə Seçki Komissiyalarına həvalə olunub. Bu ona görədir ki, MSK strukturunun bütün halqalarında ədalətin zəfər çalacağına şübhə yoxdur.

Prosesin baş tutmasında ən önəmli cəhətlərdən biri odur ki, bəzi hallarda şikayət edilmədiyi situasiyada belə MSK tədbir görmək üçün hərəkətə gəlib. Fakt rolunu sosial şəbəkələrdə yayılmış videolar oynayıb. Bu da p deməkdir ki, aşağıdan şikayət olmasa da, yuxarıdan görünən faktlar diqqətdən qaçmır, hakimiyyət düzlüyün, ədalətin keşiyində durur və bugünkü Azərbaycanın siyasi imici bu istiqaməti diqtə edir. MSK yetkilisi bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəfindən maneçilik yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bir sıra dairələr üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib. Ekspert qrupu belə bir nəticəyə gəlib ki, həmin dairə üzrə seçkilər etibarsız hesab edilsin. Bu hal xalqın seçiminə böyük etimad və hörmətin ifadəsidir.

Seçkiləri izləyən beynəlxalq müşahidəçilərin gəldikləri rəylər də Azərbaycanda demokratiyanın sürətlə inkişafı fikrini təsdiqləyir. Malayziyanın aparıcı Bernama milli xəbər agentliyinin yaydığı “Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin demokratik xarakterini alqışlayırlar” adlı məqalədə seçkilərin azad və demokratik keçirildiyi bildirilir. Agentliyin parlament seçkilərinin gedişini işıqlandırmaq üçün Azərbaycana ezam etdiyi müxbiri TÜRKPA təşkilatının, Qırğızıstandan olan müşahidəçi Almazbəy Batırbəyovun, GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü Maryan Zablotskinin, Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyevin, Böyük Britaniyanın lordlar palatasının üzvü Devid Evansın, İslamabad Qlobal və Strateji Tədqiqatlar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəmin, Fransa senatının Xarici İşlər və Müdafiə komitəsinin sədr müavini Joel Qrrionun, digər fransalı müşahidəçi İv Meteronun, Almaniyanın Bavariya parlamentinin deputatı Uli Xenkelin,

Yunanıstan parlamentinin üzvü Lazaros Tsavdaridisin keçirdikləri mətbuat konfransları zamanı səsləndirdikləri fikirləri sitat gətirərək ölkəmizdə seçkilərin demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlar səviyyəsində keçirildiyini qeyd edib. Həmin beynəlxalq müşahidəçilər səsvermənin gedişini müşahidə etdikləri seçki məntəqələrinin ən müasir avadanlıqla təchiz edildiyini vurğulayaraq, heç bir qanun pozuntusu ilə qarşılaşmadıqlarını bəyan ediblər. Məqalədə  qeyd edilib ki, seçkiləri 89676 yerli və 883 beynəlxalq müşahidəçi izləyib, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Eyni zamanda, 132 beynəlxalq kütləvi-informasiya vasitəsinin 199 nümayəndəsi seçkiləri işıqlandırmaq imkanı əldə edib.

İtaliya parlamentinin iki üzvü - “Forza İtalia” partiyasını təmsil edən Mariya Rizotti və “Şimal liqası” partiyasının nümayəndəsi Rosanna Boldi proses barədə fikirlərini belə ifadə ediblər: “Səsvermə zamanı saxtakarlıq olmasın deyə bütün tədbirlər görülmüşdü. Biz müşahidə apardığımız məntəqədə heç bir qayda pozuntusu ilə üzləşmədik”.

Təsadüfi deyil ki, dünyanın bir çox ölkələrinin dövlət başçıları, ictimai-siyasi xadimləri Prezident İlham Əliyevi seçkilərin uğurla başa çatması münasibətilə təbrik ediblər. Bu, həm də Azərbaycan demokratiyasına verilən yüksək qiymətə parlaq nümunədir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz