Əlaqə Arxiv
news Image
2020.02.18
08:28
| A A A
Türkiyə-Rusiya savaşın bir addımlığında
Suriyada gözlənilən nisbi sabitlik İdlibdə pozulub

Bir neçə ildir ki, Yaxın Şərqdə baş verənləri “Suriya bataqlığı” adlandıran dünya mediası indi diqqəti bu ölkənin strateji mövqe daşıyan İdlib şəhərinə çevirib. 10 ilə yaxındır ki, davam edən Suriya ətrafındakı müharibələrdə İdlib şəhərinə dəfələrlə hücumlar olub və həmişə də müxtəlif qüvvələr bu döyüşlərdə iştirak edib. Ümumi vəziyyətə nəzər salanda qeyd etmək lazımdır ki, Suriya “bataqlığında” Türkiyə-Rusiya ilə birgə hərəkət planı başda ABŞ olmaqla Qərb koalisiyasını üstələyib.

Belə ki, Suriyada atəşkəs və ya davamlı sülh üçün Avropa ölkələrinin moderatorluğu ilə  çağırılan konfranslar bir nəticə verməyib. Amma Rusiya-Türkiyə birgə moderatorluğunun Qazaxıstanın paytaxtı Astanada və sonralar Rusiyanın Soçi şəhərində təşkil olunan konfransda xeyli məsələlər üzərində razılaşmalar əldə edilib və ölkədə döyüşlərin əhəmiyyətli dərəcədə səngiməsinə səbəb olub. İlk növbədə, terrorçuların iştirak etdiyi quldurluq və soyğunçuluq hadisələri sıradan çıxıb. Kürd terrorçularından təşkil edilmiş silahlı qruplaşmaların böyük bir qismi məhv edilib və ya tərksilah olunub. Ötən ilin sonlarına yaxın ilk baxışda sanki hər şey birməyə yaxn idi. Lakin birdən Bəşər Əsəd hökuməti İdlib şəhərinə ordu ilə hücuma keçdi və bir sıra strateji rayonları ələ keçirməyi bacardı. Bu isə Türkiyənin iddia etdiyi kimi Soçi razılaşmasının ziddinə olan silahlı aksiya idi.

Qəribədir ki, həmişə Suriyanın böyründə olan Rusiya, yeri gəlmişkən, Suriyanın və onun başçısı Bəşər Əsədin bugünədək hakimiyyətdə qalması məhz Rusiyanın birbaşa xidmətidir,  Türkiyəni, Türkiyə isə Rusiyanı razılaşmanı pozmaqda təqsirləndirilir. Bu da onu göstərir ki, Soçi razılaşması heç də mənzərəni tam aydın təsəvvür edən bir sənəd deyil. Hərçəndi, bu sənəddə təsbir olunan müddəalar regionda baş verən müsbət dəyişiklikləri stimullaşdırıb.

İndi isə Əsəd ordusunun İdlibə hücumu ilə vəziyyət qarışıb. Çünki, Suriya ordusunun ilk hücumu bu ərazidə postlar quran Türkiyə Silahlı Qüvvələrinin 8 əsgərinin şəhid olması ilə nəticələnib və türklər cavab atəşi ilə yzlərlə suriyalı hərbçini zərərsizləşdirib. LAkin Siruya ordusu irəliləyərək Dəməşq İdlib arasında olan M4 və M5 avtomobil yollarının kəsişməsində strateji rayonlardan olan Sərəkib şəhərinə yiyələnib. Suriya Ordusu Sərəkibin müdafiəsi üçün İdlibin mərkəzinə doğru irəliləməkdə davam edir.

Türkiyə Silahlı Qüvvələri isə İdlib ərazisində öz hərbi mövcudluğunu artırmaq və müşahidə postlarını artırmaq üçün hərbi, zirehli texnika, tank və artilleriya qurğularını inanılmaz dərəcədə çıxaldır. Son məlumata görə, İdlib-ə 500-dən artıq texnikadan ibarət hərbi konvoy göndərilib. Lakin bu köçün həyata keçirildiyi “müşahidə postları” əslində mühasirəyə alınmış kiçik adalara çevrilib. Regionda baş verən hadisələr göstərir ki, qarşıdakı günlərdə İdlibdə Türkiyə üçün əsl problem bu bəndlərin möhkəmləndirilməsi və müdafiəsi deyil, bu postlardan “təhlükəsiz və əngəlsiz şəkildə necə çıxacağı” olacaq. 

İdlibdən kimin - Suriyanın, yoxsa Türkiyənin gedəcəyi artıq dilemmaya çevrilib. Prezident Ərdoğan daxili siyasətə istiqamətlənmiş sərt bəyanatlar verir. Bu sərtlik Türkiyənin Rusiya və ABŞ-la Suriya sərhədinə dair bağlanmış “razılaşmalardan” imtina etməsinə, az qala, “mümkün qədər cənuba getmək” fikrinə çatır. Digər tərəfdən, prezident Ərdoğan Suriya ordusuna fevralın sonuna qədər “Soçidə müəyyən edilmiş sərhədlərə güc çəkilməsi” üçün vaxt verir.

Əslində bu məqamda Türkiyə və Rusiya qarşı-qarşıya dayanıb. ABŞ Türkiyəni alqışlayır və aşkarca onu qızışdıraraq Rusiya ilə nifaqa çəkməyə çalışır. Lakin Ankara ayıqdır və son bir neçə ildə baş verənləri unutmayıb. Düzdür, fevralın 8-də Ankaraya gələn Rusiya nümayəndə heyəti ilə görüş nəticə verməsə də, bu iki ölkənin yaxın tərəfdaşlıq əlaqələri yoluna qoyulub və bu səbəbdəndir ki, görüşlərin davam etditilməsi haqda razılıq əldə edilib.

Bu günlərdə türkiyədən nümayəndə heyətinin Moskvaya səfəri gözlənilir. Məsələ burasındadır ki, hazırda Türkiyə və Rusiyanın geriyə yolu yoxdur. Əldə edilmiş yaxınlaşma pozula bilməz, ona görə ki, opponentlər bunu çoxdan arzulayır və onlarla ayrı-ayrılıqda mübarizə aparmaq istəyirlər, yəni, “parçala və hökm et”. Ancaq bunun baş verəcəyi güman olunmur. Türkiyə prezidenti R.T.Ərdoğan da bu günlərdə verdiyi açıqlamada bildirib ki, İdlib məsələsindəki fikir ayrılıqları əlaqələrimizin pozulması demək deyil. Aydındır ki, fikir ayrılığı Rusiyanı da narahat edir. Onun Türkiyə kimi qüdrətli tərəfdaşı itirmək istəməsi indiki şəraitdə mümkün sayıla bilməz. İdlibdən birdəfəlik getmək isə Türkiyənin təhlükəsizliyinə təhdiddir. Tarixi boyu belə təhdidlərdən olmazın əzab çəkmiş Türkiyə sərhədlərinin toxunulmazlığı məsələsində heç cür güzəştə getməz. Amma görünür ki, Rusiyanın İdlib məsələsində Soçi razılaşmasını ində fərqli rakursdan şərh etməsi Liviyada Türkiyənin möhkəmlənməsi üçün atdığı addımlara bağlıdır. Suriyada Türkiyəyə “güzəştə” gedən Rusiya Liviyada buna lüzum görmür. Axı, Kremlin ambisiyaları həmişə olub və bu niyyətlərini Türkiyə ilə tam bölüşməyə hazır deyil. Digər tərəfdən, Rusiya çətin ki, təkbaşına Liviyada hadisələrə müdaxilə edə bilsin. Baxmayaraq ki, Liviyada hökumətə qarşı olan general Haftarı Qərblə birlikdə müdafiə edir. Güman etmək olar ki, müəyyən qarşılıqlı güzəştlər etməklə həm Suriya, həm də Liviya məsələlərində türklərlə rusların birləşməsi labüddür, əks halda bu ölkələr Yaxın Şərqdə mövqelərini zəiflədəcəklər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz