Əlaqə Arxiv
news Image
2020.02.19
08:05
| A A A
Radikallar ada görə siyasətçi, əmələ görə araqarışdıranlardır
Qaragüruhçuluqla hakimiyyət davası edənlərin sonu yoxdur

Mühüm siyasi kampaniya olan parlament seçkiləri baş tutdu və yerli və dünyanın bir çox bölgələrindən, hətta uzaq Meksikadan gəlmiş müşahidəçilərin rəylərinə görə demokratik ab-havada keçdi. Müxaliflər də, həm partiyadan, həm də fərdi qaydada namizədliklərini verdilər və keçən keçdi, keçməyən də əvvəlki işlərinə qayıtdılar. Amm, bir qrup keçməyənlər vardı ki, başladılar aranı qarışdırmağa. Çünki, işləri-gücləri budur və işləmək əvəzinə araqarışdırmaq onların vərdişidir. Bəla burasındadır ki, onlar parlamentə düşə bilmədiklərinin əsl səbəbini anlaya bilmirlər. Xalqın onlara səs verməməsini bu qrupun üzvləri siyasi sistemdə axtarır və düşünürlər ki, sistemi qaragüruhçuluqla aşırmaq olar. Daha bilmirlər ki, sistemin sistem olması xalqın onu dəstəkləməsindən asılıdır. Yəni, ölkədə ən böyük siyasətçi də, qurucu da, dövləti saxlayan da xalqdır. Əgər xalq müxalifləri istəsə idi, onu hakimiyyətə gətirərdi. Təəssüf ki, bu məlum və adi həqiqəti dərk etmək üçün, görünür dərin zəka sahibi olmaq gərəkdir, tək namizəd olmaqla iş bitmir.

“Müsavat”, “ReAL” partiyaları, “D18 hərəkatı” və müstəqil namizədlərin bir qrupu paytaxt ərazisində mitinq keçirməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətə görə 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi, “Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirilməsi təklifini almışdı.

Lakin radikallar şəhərin rahat məkanında mitinq keçirmək üçün ayrılan yerdən imtina edərək fevralın 16-da MSK qarşısında toplaşmağa cəhd etdilər. Halbuki, seçkinin nəticələri və namizədlərin müraciətlərinə baxıldığı üçün gərgin qrafikdə işlədiyinə görə MSK qarşısında hay-küy salıb işə mane olmamaları üçün onlara əvvəlcədən xəbərdarlı edilmişdi. Bu səbəbdən cəhdin qarşısı polis əməkdaşları tərəfindən alındı və azsaylı dəstə ərazidən kənarlaşdırıldılar. Orada monitorinq aparanların məlumatına görə heç bir ciddi qanun pozuntusu baş vermədi.

Məsələ burasındadır ki, radikalların mitinq cəhdlərinin heç bir mənası yoxdur. Belə ki, demokratik cəmiyyətin qaydalarına əsasən seçki günü müşahidəçilərdən tutmuş adi seçicilərə qədər hər kəs şəxsi telefonu ilə çəkilişlər edib istədikləri anı, qanun pozuntusunu və ayrı-ayrı şəxslərin qanunazidd əməllərini sosial şəbəkə vasitəsilə yayıblar. Əlavə müraciətə və ya şikayətə ehtiyac olmadan, təbii ki, şikayətlər və müraciətlər ilk növbədə olmaqla, bütün informasiyalar, seçkinin gedişatı araşdırılıb. Təsdiq olunan nöqsanların nəticəyə təsirinə görə tədbir görülüb və nə az, nə çox, 4 dairədə, onlarla məntəqədə seçkilərin nəticələri ləğv edilib. İndiyədək Azərbaycanda keçirilən seçkilərin nəticələrinə bu dərəcədə tənqidi yanaşma olmayıb. Faktlar sübut edir ki, ölkədə gedən dərin islahatlar bu sahəyə də nüfuz edib və hakimiyyətin demokratik quruculuq ambisiyaları artıq cəmiyyətə sirayət edib. Belə olan halda, birincisi, mitinqə lüzum qalırmı? İkincisi, azadlıq olan yerdə sərbəst toplaşmaq azadlığı qorunur və hakimiyyət paytaxtın iş ahənginin pozulmaması, sakinlərin rahatlığının və təhlükəsizliyinin qorunması, üstəlik də asayiş keçikçilərinin mitinqçilərin mühafizəsinə məsuliyyətlərini artırmaq üçün daha rahat və əlverişli yer təklif edirsə, niyə həmin yerdən imtina olunur. Axı, heç kim gəlib mitinq keçirənlərin ağzını tikmir ki, bu sözü demə, o sözü de. Sadəcə, yer ayrılıb, buyurun, yığışın nə qədər, hansı tərzdə və hansı ifadələrlə danışırsan danış.

Yox, bu, radikalların öz problemləri və “siyasi” niyyətləridir. Camaatın alış-veriş etdiyi gur məkanda boğaz yırtıb diqqəti cəlb etmək, səs-küyə görə əsəbiləşən əhalini hakimiyyətə qarşı yönəltmək (axı, əsəbi insanı yönləndirmək daha asandır) niyyəti bu mitinqin əsas məqsədi imiş. Fikir verin ki, mitinqə çağırış edənlər hadisədən dərhal sonra İlqa Məmmədov adlı partiya sədrinin həbs edilməsi xəbərini yayır, amma polis bildirir ki, onlar heç kimi saxlamayıblar. Bəs, saxta informasiya yaymaq nıyı xidmət edir. Yenə də cəmiyyətdə yersiz ajiotaj yaratmağa.

Bu minvalla radikallar siyasi işlərdən tamamilə uzaqlaşaraq qaragüruhçuluğa yuvarlanıblar. Bu yoldan çəkinsələr, normal siyasi fəaliyyət göstərməyə başlasalar, bəlkə nə isə əldə edə bilərlər, hərçəndi bu, onların öz qərarlarıdır. Amma bu yolla xalq onları çətin ki, nə vaxtsa dəstəkləyə.

N.NOVRUZ

Sizin Reklam Yeriniz