Əlaqə Arxiv
news Image
2020.02.19
08:27
| A A A
Ermənilərin saxtakarlığı özlərini deqradasiya edib
Baş nazir Nikol Paşinyanın danışdıqca savadsızlıq dərəcəsinin nə qədər dərin olduğu üzə çıxır

Münhen Təhlükəsizlik Konfransının sonuncu toplantısındə Qarabağ münaqişəsinin həlli üzərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında təşkil edilmiş debat iki Qafqaz ölkəsi arasında olan fərqlərin aydın təcəssümünə çevrildi. İlk növbədə Azərbaycanın, başqa sözlə, işğala məruz qalmış ölkənin başçısı işğalçı ölkə hökumətinin rəhbərinə sübut etdi ki, Ermənistan işğalçı ölkədir. Prezident İlham Əliyevin tutarlı arqumentləri qarşısında aciz qakan Paşinyanın cavabları isə gülüş hədəfinə çevrildi və onun savadsızlığı bir daha üzə çıxdı. "Bir daha" ona görədir ki, erməni baş nazir daha əvvəllər də nümayiş etdirdiyi bilikləri ilə bisavad və səriştəsiz olduğunu biruzə vermişdi.

Qarabağ dövlətinin yaradılması və onun çar Rusiya tərəfindən işğalını dəqiq tarixlər, müvafiq sənədlər əsasında debat iştirakçılarının nəzərinə diplomatik ustalıqla çatdıran Azərbaycan Prezidentinin, o cümlədən auditoriyanın diqqətinə tarixdə "Böyük Tiqran" kimi tanınan çarın adını çəkmələ cəlb etmək istəyən Paşinyan onu "erməni çarı" qismində təqdim edir. Azərbaycan tarixçisi Kərəm Məmmədov mətbuata açıqlamasında bildirir ki, əslində Böyük Tiqran əslən Parfiyanın arşakilər sülaləsinə mənsub bir şəxs olub. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanın "erməni kralı" Böyük Tiqranın romalı Pompeylə danışıqlar aparan zaman Cənubi Qafqazda və bütün dünyada Azərbaycan adlı ölkənin olmaması barədə sözlərinə qalanda isə, tarixçi deyib ki, bu gün dünya siyasi xəritəsində çox az dövlət tarixi adını saxlayıb: "Nəzərə almaq lazımdır ki, tarixdə hayların "Armeniya" adlı bir çarlığı olmayıb. "Armeniya" coğrafi bir termindir və haylarla heç bir bağlılığı yoxdur. Təsadüfü deyil ki, bu gün ermənilər özlərini "hay", ölkələrini isə "Hayestan" adlandırırlar.

Paşinyanın "erməni kralı" olaraq qeyd etdiyi Böyük Tiqran adlı tarixi şəxsin hay hökmdarı olması tamamilə uydurmadır. Böyük Tiqran etnik olaraq partdır və Parfiya imperiyasının arşakilər sülaləsinin bir qolu olan artaşıdlər (artaksid) sülaləsinə məsnub olub. Məşhur amerikalı tarixçi Vayn Kepperin arşakilər sülaləsi ilə bağlı xüsusi araşdırması var. Bu əsərdə arşakilər sülaləsinin bütün nümayəndələri haqda ətraflı məlumat qeyd edilib. Erməni tarixçiləri də bütün əsərlərində qeyd edirlər ki, arşakilərin haylarla heç bir əlaqəsi yoxdur".

Üstəlik, Böyük Tiqran tarixdə heç də müsbət obraz kimi xatırlanmır. Tiqran öz ailəsinə xəyanət etmiş bir şəxs olaraq tanınır. Ermənilərin ağızdolusu danışdığı və özününküləşdirmək istədiyi bu şəxsin tarixdə elə də ciddi bir fəaliyyəti olmayıb. Tarixi qeydlərdə Tiqranın Pont çarlığı ilə uzun illər müharibə etməsi və elə bu müharibə gedişində əsir alınaraq həbs edilməsi qeyd olunur. Aydın görünür, Paşinyan Tiqran haqda tarixi təfərrüatını bilmir. Bilsəydi, bu məsələni belə rahatlıqla tarixi arqument olaraq dilə gətirməzdi.

Nikol Paşinyanın Dağlıq Qarabağ müxtar vilayətini "müstəqil dövlət" adlandırması və bunu SSRİ-nin dağılması prosesində baş verməsini söyləməsi də absurddur və savadsızlığa daha bir nümunədir. Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, hələ dağılmamışdan əvvəl SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etmişdi. Beləliklə, birincisi, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı.
İkincisi, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" SSRİ Qanununun məqsədi, müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedur yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli prosedurdan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan Qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu Qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.
Üçüncüsü, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan, öz üzərlərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər.

Bu və digər faktlar Ermənistanın Baş Nazirinin indiyədək ermənilərin etdiyi saxtakarlıqlardan doğan tarixi savadsızlığına nümunə kimi acı təəssüf doğurur. Axı, bu adam və ya adamların işğalçıya çevrilmələrinin bir səbəbi də saxtakarlıqlarından və korazehinliklərindən doğub. Münhen konfransının materialları, sözsüz ki, dünya ictimaiyyəti və siyasətçilər tərəfindən diqqətlə öyrəniləcək. Ümid etmək olar ki, işğalçı ölkənin fəaliyyətinə verilən beynəlxalq hüquqi qiymət və görüləcək tədbirlər həqiqətə daha yaxın olacaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz