Əlaqə Arxiv
news Image
2020.02.19
09:26
| A A A
Münhen qələbəsi Qarabağ münaqişəsi ətrafında yeni vəziyyət yaradır
Elman Nəsirov: “Paşinyan reallığı dərk edib konstruktiv danışıqlara getməli və bilməlidir ki, prosesin uzanması ilk növbədə Ermənistanın özünün milli maraqlarına ziddir, işğalçı ölkəni çıxılmaz vəziyyətə salır”

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsilə bağlı panel müzakirəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyanı çətin duruma salıb və sözün əsl mənasında ona tarix, siyasət və diplomatiya dərsi keçərək pərt edib. Nəticədə dünyanın bir sıra mətbu orqanlarının yazdığı kimi, Azərbaycan Prezidenti Nikol Paşinyana tarixi sillə vurub.

KİV-lər Azərbaycan Prezidentinin arqumentlərə əsaslanan təmkinli danışığı ilə tez-tez dili topuq vuran, qarışıq ifadələrdən istifadə edən Paşinyanı müqayisə edərək şəksiz üstünlüyü İlham Əliyevə verib. Baş verən bu hadisə onu göstərir ki, Azərbaycan Münhen Təhlükəsizlik Konfransında Ermənistan üzərində daha bir diplomatik qələbə qazandı. Onu da qeyd edək ki, Paşinyanın bu uğursuzluğu Ermənistan cəmiyyətində ona qarşı narazılığı artırıb, erməni ictimaiyyətini özündən çıxarıb. Onlar Paşinyanın fəaliyyətindən məyus olduqlarını ortaya qoyublar.

Aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsi təkcə hərb meydanında deyil, həm də siyasi, diplomatik müstəvidə də aparılır. Bu mənada Münhen Təhlükəsizlik Konfransında  baş tutan panel müzakirə ilə Azərbaycan işğalçı ölkə üzərində daha bir diplomatik qələbə qazandı.  Münhen Təhlükəsizlik Konfransının Dağlıq Qarabağ münaqişəsinin sonrakı gedişinə nə kimi təsirləri olacaq?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov ilk öncə qeyd etdi ki, Münhendə Azərbaycan Prezidenti Ermənistan baş nazirinə diplomatiya, tarix, siyasət və hüquq müstəvisində güclü zərbə vurdu: “Əvvəla, onu qeyd edim ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında panel təşkil edildi. Bu çərçivədə münaqişə, onun tarixi və bugünki reallıqları ilə bağlı tərəflərin mövqeləri səsləndi. Azərbaycan Prezidenti öz mövqeyilə sözün həqiqi mənasında Ermənistan baş nazirinə tarix, siyasət, həm də hüquq dərsi keçdi. Öz təkzibedilməz arqumentləri, faktları, gətirdiyi mənbələrlə bir  daha sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.

Panel çərçivəsində Azərbayca Prezidentilə Ermənistan baş nazirinin çıxışları və onlara ünvanlanan suallar imkan verdi ki, münaqişənin anatomiyası barədə beynəlxalq ictimaiyyətdə geniş məlumat olsun. İlk növbədə Azərbaycan Prezidentinin gətirdiyi arqument və faktlar bir daha onu göstərdi ki, bu torpaqlar tarixən Azərbaycana məxsus olub. Gülüstan və  Türkmənçay müqavilələrinə görə isə Rusiyaya verilib. 1918-ci ildə hətta İrəvan şəhəri həmin tarixi reallıqda Ermənistana verilib. 1988-ci ildən Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayıb. 20 faiz ərazilərimiz işğal altındadır. Ermənistan Xocalı soyqırımını törədib. Yeri gəlmişkən onu da qeyd edim ki, panel müzakirəsində dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib”.

Həmsöhbətimiz hesab edir ki, bütün bu məlumatlar əsasında Azərbaycan Prezidenti münaqişənin həlli prosesində ölkəmizin diplomatik, informasiya və siyasi üstünlüyünün daha da güclənməsinə nail oldu: “Bu da təbii ki, münaqişənin həlli prosesinə yeni çalarlar əlavə edir. Paşinyanın münaqişənin həllilə bağlı uğursuz təqdimatı, tez-tez onun çaşması, yanlış mövqeyi ortaya qoyub, sonra da üzr istəyərək mövqeyini geri götürməsi, onun hazırlıqsız olduğunu ortaya qoydu.  Bu da Ermənistan daxilində Paşinyana qarşı ciddi təpkilərin yaranmasına səbəb olub. Ermənistan mətbuatında Paşinyan ciddi şəkildə tənqid olunur, onun savadsız, səriştəsiz, iradəsiz, hazırlıqsız olduğu, qeyri-prinsipial mövqe ortaya qoyduğu, bunun qarçılığında Azərbaycan Prezidentinin mahir diplomat olduğu, yeri gələndə güclü fərqli gedişlərlə rəqibini çıxılmaz vəziyyətə salması, erməni baş nazirinin nakauta düşdüyü qeyd olunur. Yəni Azərbaycan Prezidenti Münhendə Paşinyanı mat etdi. Bu da dünyada, xüsusən də Ermənistanda yayınmayıb. Həmin səbəbdən də daxildə Paşinyana təzyiqlər çoxalıb”.

Politoloq düşünür ki, mövcud vəziyyətdə münaqişənin həlli prosesində Paşinyan iki versiyaya əl ata bilər: “Birincisi, o, reallığı dərk edib konstruktiv danışıqlara getməli və bilməlidir ki, prosesin uzanması ilk növbədə Ermənistanın özünün milli maraqlarına ziddir, işğalçı ölkəni çıxılmaz vəziyyətə salır. İkincisi, Münhen məğlubiyyətindən sonra Paşinyan revanş götürmək üçün yenə də populist bəyanatlara əl atacaq. Belədə özünü guya qətiyyətli, prinsipial siyasətçi olması ovqatını yaratmağa çalışacaq. Nəticədə onun populizmi əvvəlkindən də yüksək səviyyədə olacaq. Bu da daxili auditoriyaya hesablanmış addım olacaq ki, onu az qınasınlar. Hadisələrin belə iki mümkün versiyası var.

İstənilən halda, bir həqiqət dəyişməz olara qalır. Azərbaycan Prezidenti əvvəlcə Valdayda, ardınca Aşqabadda və nəhayət, Münhendə Ermənistan baş nazirinə üzərində həm diplomatik, həm siyasi həm də informasiya cəbhəsində çox güclü zərbə endirdi. Nəticədə Paşinyan sözün həqiqi mənasında başını itirib və qarşısında güclü bir liderin dayandığının fərqindədir”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz