Əlaqə Arxiv
news Image
2020.02.20
08:52
| A A A
Avropa İttifaqı Qarabağ münaqişəsinin həllinə öz töhfəsini vermək istəyir
İlqar Vəlizadə: “Aİ münaqişənin həllinə töhfə verə bilər, ancaq bilavasitə siyasi tənzimləmədə bu qurum heç bir rol oynamır”

İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın baş naziri Nikol Paşinyanla  Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparıblar.

Eyni zamanda Aİ nümayəndəsi Ermənistanın müdafiə naziri David Tonoyanla da görüşüb. T.Klaar görüşdə bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini tam şəkildə dəstəkləyir və bu formatdakı danışıqların fəallaşmasına töhfə verməyə hazırdır.

Qeyd edək ki, zaman-zaman Aİ-nin Dağlıq Qarabağ münaqişəsində vasitəçi qismində iştirakı və yaxud həmsədrlərdən hər hansı birinin sözügedən qurumun üzvü olan ölkə ilə əvəzlənməsi məsələsi gündəmə gətirilir. Digər tərəfdən, Aİ bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib. Onu da vurğulayaq ki, Azərbaycan prosesin çözülməsində Aİ-nin rolunun gücləndirilməsi, ATƏT-in Minsk qrupunda qurum ölkələrindən birinin təmsil olunması tərəfdarıdır. Bu xüsusda əsasən də Almaniyanın adı çəkilir. Lakin məsələ ondadır ki, işğalçı tərəf Aİ-nin prosesdə aktiv rol oynamasına qarşı çıxış edir.  

Bu mənada görəsən, Aİ Dağlıq Qarabağ məsələsi üzrə danışıqların fəallaşmasına nə kimi təhfələr verə bilər?

Politoloq İlqar Vəlizadə bildirdi ki, Aİ Qarabağ konfliktinin həllinə şifahi şəkildə, humanitar formada töhfələr verə bilər və verməyə çalışır: “Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin çözülməsi istiqamətində verə biləcəyi töhfələr yalnız şifahi töhfələr ola bilər. Bu şifahi töhfələr nədən ibarətdir? Yəni bu qurumun problemin həllinə töhfəsi münaqişə tərəflərinə müəyyən məsləhətlər verməkdən, yaxud da onların hansısa bir səylərini dəstəkləməkdən ibarət ola bilər. Ara-sıra görürük ki, humanitar əlaqələrin qurulması vacibliyindən,y axud da hər iki münaqişə tərəfinin ziyalıları arasında qarşılıqlı səfərlərin təşkil edilməsindən söhbət gedir.  Məhz bu prosesdə Avropa İttifaqı hansısa bir rol oynaya, prosesə töhfə verə bilər.

Heç kimə sirr deyil ki, müxtəlif dövrlərdə Aİ-nin münaqişənin həll olunması ilə bağlı müəyyən layihələri olub. 5 Avropa qeyri-hökumət təşkilatı ilə 15 il əvvəl birlik yaradılmışdı. Müxtəlif fasilələrlə bu layihə həyata keçirilirdi. Hansı ki, bu layihədə münaqişə tərəflərinin qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunurdu və onların iştirakı ilə dialoq, diskussiyalar təşkil edilirdi. Məhz bu istiqamət üzrə Aİ-nin problemin həllilə bağlı müəyyən tövsiyələri ola bilər”.

Politoloqun fikrincə, Aİ-nin siyasi tənzimləmə formasında münaqişənin həllinə töhfə verməsi isə indiki halda mümkün deyil: “Amma bilavasitə siyasi tənzimləmədə Aİ heç bir rol oynamır. Ona görə də həmin prosesə Aİ hər hansısa bir töhfə vermir. Hamı razılaşıb ki, problemin həllilə ATƏT-in Minsk qrupu məşğul olur. Bu fonda da razılığa gəliblər ki, problemin həll yolu Minsk qrupu çərçivəsində tapılmalıdır. Bunu Avropa İttifaqı da bilir. Həmin səbəbdən də qurum bilavasitə Minsk qrupunun fəaliyyətinə müdaxilə etmir. Avropa İttifaqının hansısa bir ölkəsinin Minsk qrupunda təmsil olunması prinsip etibarı ilə mümkündür. Amma məsələ ondadır ki, orada hansı ölkələrin təmsil olunması məsələsi konsensus yolu ilə həyata keçirilir. Yəni bu məsələdə hər iki münaqişə tərəfinin razılığı olmalıdır. Ermənistan isə bunu istəmir. Onun üçün həmsədr dövlətlər arasında Fransanın olması daha lazımlıdır. Çünki bu ölkədə erməni diasporası daha güclüdür”.    

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz