Əlaqə Arxiv
news Image
2020.02.20
09:15
| A A A
Ermənistan ordusu psixi pozğunluğun girovudur
İşğalçılıq missiyası daşıyan hərbçilərin nəsibi mənəvi aşınmadır

Bu gün Ermənistan cəmiyyəti orduda baş verən hadisələrə görə qaynayır. Çünki, qeyri-döyüş şəraitində əsgər ölümlərinə qarşı dözməyən əhali ciddi etirazlara başlayıb. Bu isə hakimiyyətin təşvişinə səbəb olub.

Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı güc strukturları ilə keçirdiyi görüşün ardından Ermənistan Baş Hərbi İstintaq İdarəsində də müşavirə olub. İlin əvvəlindən bu yana təkcə Qarabağda ölən erməni hərbçilərin sayı 13-ə çatıb. Bu ölümlər səbəbindən ötən gün qondarma Dağlıq Qarabağ qurumunun “müdafiə naziri” istefaya gedib. Ümumiyyətlə isə  yanvarın əvvəlindən bu günə kimi qeyri-döyüş şəraitində 15 erməni hərbi qulluqçusu öldürülüb. Bəzi hadisələrlə bağlı intihar həddinə çatdırma maddələri üzrə cinayət işləri qaldırılıb.

Hərbi qulluqçuların öldürülməsi son günlər ölkədə geniş ictimai rezonans doğurub. Bir sıra hallarda ölənlərin yaxınları küçələri və prospektləri bağlayıblar, habelə etiraz aksiyaları keçirərək paytaxta yürüş təşkil ediblər.

Baş hərbi istintaq idarəsinin rəisi Artak Krkyaşaryan eirazçıları sakitləşdirmək üçün öldürülmüş hərbi qulluqçu Tiqran Manvelyanın valideynlərini qəbul edib. O, bu iş üzrə istintaq başlandığını bildirib, lakin bununla məsələnin həlli şübhə doğurur. Belə ki, bu nə birinci, yəqin ki, axırıncı hadisə deyil.

Erməni cəmiyyəti indi səylə qeyri-döyüş şəraitində baş vermiş ölümlərin səbəblərini axtarır. Müxtəlif fikirlər var və demək olar ki, hərbi mütəxəssislər, siyasi ekspertlər və adi vətəndaşlar müxtəlif versiyalar söyləyirlər.

“Mənim addımım” fraksiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryan bu günlərdə keçirilmiş brifinqdə bildirib ki, orduda psixoloq vəzifələri boş qalıb: “İrəvan dövlət universitetinin psoxologiya və fəlsəfə fakültəsi çox az sayda mütəxəssis hazırlayır, hərbi psixoloqlar isə mülki əhali üçün işləyən psixoloqlardan tamamilə fərqlənir”. Onun sözlərinə görə hazırda orduda cəmi 15 psixoloq çalışır, halbuki minimum 60 mütəxəssisə ehtiyac var: “Ordunun psixoloji dəstəyə ehtiyacı var. Bəlkə də çağırışdan əvvəl kömək lazımdır. Axı, 14-18 yaşlı gənclərin öz xüsusiyyətləri var və bir çox hallarda uşağın nəyisə gizlətdiyini və ya olmadığını biz böyüklər başa düşə bilmirik”.
Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrdə ölümlə əlaqədar müşavirə keçirib, orduda cinayətkar davranışa son qoymaq və nizam-intizama əməl etmək barədə tədbirlərin görülməsini prioritet adlandırıb və müvafiq tapşırıq verib.

Hər hansı dövlətin silahlı qüvvələrində baş verən bu cür hadisələr bütövlükdə cəmiyyətin mənəvi aşınmasının göstəricisi sayılır. Çünki, hərbçinin ölüm ehtimalı yalnız döyüş şəraitində yüksək dərəcəli risq daşıyır. Adi hallarda və ya gündəlik qulluq rejimində hərbçinin ölməsi, intihar etməsi yaxud komandiri tərəfindən qətlə yetirilməsi ciddi mənəvi-siyasi və psixi pozğunluqdur. Lakin indi ermənilərin iddia etdiyi kimi psixi pozlunluqların aradan qaldırılması psixoloqların əlindədirmi? Erməninin psixi pozğunluğu daha çox siyasi hakimiyyətin siyasətinə bağlıdır. Ona görə ki, erməni ordusu işğalçı ordudur və onlar nə qədər vətənpərvərlikdən dəm vursalar da işğalçılıq psixologiyasının ab-havasından qaçmaq mümkün deyil. Yəni, İrəvan mənsubları orduya çağırdıqları gənc həmvətənlərinin ölümlərinin qarşısını almaq istəyirlərsə, ilk növbədə işçğalçılıq psixologiyasından əl çəkməlidirlər. Söhbət erməni ordusunun Qarabağdan çəkilməsindən gedir. Onda hərbçilər də öz ərazilərində qulluq etdiklərindən qanun qarşısında məsuliyyətləri artar və bir-birlərinə etibar edərlər. Nə qədər ki, ermənilər bu məlum həqiqəti dərk edə bilmirlər, onların ordusunda ölüm hallarının sürətlə artması davaç edəcək.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz