Əlaqə Arxiv
news Image
2020.02.20
20:22
| A A A
Prezident İlham Əliyev: Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib

Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.

Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də geniş tərkibdə görüşdən sonra İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Biz bu gün, cənab Prezidentin dediyi kimi, mədəniyyət sahəsində əməkdaşlığa da toxunduq. Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgeze parkında ucaldılıb.

Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır.

O ki qaldı, energetika məsələlərinə, Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisəsi olmamışdır. Yəni, Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.

O ki qaldı, təbii qazın ixracına, bu layihə də yekunlaşmaq üzrədir. TAP layihəsinin icrası 92 faizə çatıbdır və TAP layihəsi Cənub Qaz Dəhlizinin dördüncü və sonuncu layihəsidir. Bundan əvvəl üç layihə icra edilmişdir. Cənub Qaz Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha beş ölkə, bütövlükdə yeddi ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək.

Cənub Qaz Dəhlizi tarixi layihədir və mən xüsusilə Prezident Mattarellaya onun göstərdiyi səylərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki 2018-ci ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olarkən Prezidentlə bizim bu barədə söhbətimiz olub. Bu söhbətdən sonra TAP-ın icra edilməsi daha sürətlə getmişdir və hazırda biz layihənin son mərhələsindəyik.

Biz, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki, bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər.

NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz qoşunlarımızı Əfqanıstana uzun illər bundan əvvəl göndərmişik. Sülhməramlı əməliyyatlarda Azərbaycan fəal iştirak edir və NATO qoşunları üçün çox önəmli logistik və nəqliyyat xidmətləri göstəririk. Nəzərə alsaq ki, Azərbaycanın coğrafi yerləşməsi və nəqliyyat infrastrukturu çox əlverişlidir, biz bu sahədə də uğurlu əməkdaşlıq edirik.

Yəni, səslənən bu məsələlər və fikirlər artıq aydın göstərir ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələri vardır və bu əlaqələr bundan sonra da uğurla inkişaf etdiriləcəkdir".

Sizin Reklam Yeriniz