Əlaqə Arxiv
news Image
2020.02.21
07:59
| A A A
Əsrin cinayətini törədənlər Münhendə bir daha ifşa olundu
Xocalı soyqırımına işğalçı Ermənistanın baş nazirinin saxta interpretasiyası düşmən ölkəni tənqid hədəfinə çevirir

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində diqqəti cəlb edən ciddi faktlar barədə fikirlər səsləndirilib. Azərbaycanın dövlət başçısı beynəlxalq ictimaiyyət qarşısında işğal faktını qısa, lakin insanların taleyi ilə bağlı konkret faktlarla açıqlayaraq dedi: “1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu. Sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törətdi. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır”.

Bu faktlar, xüsusilə də onilliklər ərzində saxta “erməni genosidi” barədə qardaş Türkiyəyə böhtanlar yağdıran ölkənin ifşası üçün kifayət qədər kəsərli arqumentlər idi. Lakin saxtakarlıqdan qaynaqlanan erçəni tarixi düşüncəsi dərhal işə düşdü və Nikol Paşinyan faktları təhrif edərək yeni böhtanlar çıxış etdi: “Xocalıya gəlincə isə, 1990-cı illərin ortasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Rusiyanın “Arqumentı i Faktı” qəzetinə müsahibə verib. Həmin müsahibədə deyir ki, Xocalıdakı təxribat Azərbaycan müxalifəti tərəfindən onu hakimiyyətdən devirmək üçün təşkil olunub. Əslində, bu, baş verib. Çünki bu hadisə nəticəsində Ayaz Mütəllibov Azərbaycan prezidenti vəzifəsindən devrildi”.

Prezident İlham Əliyev dərhal baş nazirin ehtimalını təkzib edir: “Sadəcə, şərhlərimi bildirmək istəyirəm. Çünki bir daha qeyd edirəm, mən buraya həqiqəti söyləməyə gəlmişəm. Bir daha deyirəm. Mən “Arqumentı i Faktı”da nə yazıldığını bilmirəm. “Arqumentı i Faktı” çox sayda erməninin çalışdığı bir qəzet, müstəqil qəzetdir. Rusiyanın aparıcı mətbuat orqanlarına rəhbərlik edən ermənilərin sayı bizə Azərbaycanda məlumdur. Beləliklə, onlar istədiklərini yaza bilərlər. Ona görə də mən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəsmi bəyanatına istinad edirəm. O deyib ki, heç vaxt belə deməyib. İndi isə baxın. Prezident, sabiq prezident, onun sözləri və bir ermənipərəst və ya erməni jurnalistin sözləri. Hansının dəyəri daha çoxdur?” Azərbaycanın dövlət başçısı daha sonra bildirib ki, Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur: “Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”.

Təsadüfi deyil ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsində Xocalı soyqırımı haqda yazıb ki, Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərini tərk edə bilməyən heç bir insana aman verməyiblər: “Ermənistan silahlı qüvvələrinin bu amansızlığı nəticəsində azərbaycanlı qadınlar, uşaqlar və qocalar girov götürülərək misli görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Xocalı sakinlərinin məqsədyönlü kütləvi qətliamı yalnız bir səbəbdən törədilib: onlar azərbaycanlı idilər. Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə Xocalıda dəhşətli soyqırımını yaşamış canlı şahidlərlə bir neçə dəfə görüşmüşəm. İnanın ki, onlar erməni vəhşiliyi haqqında elə dəhşətli, ağlasığmaz və tükürpərdici faktlar danışıblar ki, bunları hətta yazmağa da adam utanır. Danılmaz tarixi faktdır ki, Serj Sarkisyan Xocalıda kütləvi qırğının günahkarlarından biridir. Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdi”.

Məqalə müəllifi vurğulayır ki, Xocalı soyqırımı təşkilatçılarının və ideoloqlarının çoxu, o cümlədən sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryan o dəhşətli soyqırımı aktının təşkilatçısı və ideoloqu olub, Azərbaycan əhalisinin vəhşicəsinə öldürülməsində iştirak edib və nasistlər kimi, onlar da öz əməllərinə görə beynəlxalq ədalət məhkəməsi tərəfindən cəzalandırılmalıdır.

Ermənistanın keçmiş prezidenti, cinayətkar Serj Sarkisyan dəfələrlə belə bir bəyanatla çıxış edib ki, biz azərbaycanlılara bir dərs verməlidik və göstərməliydik ki, ermənilər dinc əhalini qırmağa qadirdi və bunu edə bilərlər. O, Xocalıda bu soyqrımın həyata keçirilməsindəki iştirakından iftixar hissi duyduğunu yüksək tribunalardan dəfələrlə bəyan edib. Görəsən, nədən baş nazir Paşinyan bu faktları “unudur”? Saxtakar planlarına görə o, unuda bilər, amma Azərbaycan xalqı və tarix bu amansız həqiqəti heç vaxt unutmayacaq və cinayətkarların öz qanlı əməllərinə görə mühakimə edilmələrinə nail olacaqlar.

N.NOVRUZ

Sizin Reklam Yeriniz