Əlaqə Arxiv
news Image
2020.02.21
08:13
| A A A
Nikol Paşinyan Madrid prinsiplərindən qaçmaq istəyir
Münaqişənin həlli üçün bundan imtina yeni savaşı tətikləyir

Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqları Ermənistan hakimiyyəti bu dəfə də pozmaq yolunu tutub. Ermənistanın son 2 prezidenti və hazırkı hökumət başçısının fəaliyəti sübut edir ki, bu ölkə heç vaxt əmin-amanlıqda yaşamaq hökmünə qadir olmaq fikrində deyil. Erməni rəhbərlərin arasında fərq ondadır ki, Robert Koçaryan və Serj Sarkisyan özlərini fateh kimi aparırdılarsa, Nikol Paşinyan özünü “ağıllı” sayaraq guya “səmərəli” təkliflərlə çıxış edir. Onun təklifləri isə uzun illər ərzində keçirilən danışıqların yekunu olan yenilənmiş Madrid prinsiplərini pozmağa yönəlib. Paşinyan səylə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, qanunla Azərbaycan vətəndaşı sayılan, hazırda isə işğal edilmiş ərazidə yaradılan qondarma respublikanın əhalisi adlandırılan ermənilərin münaqişənin tərəfi qismində qəbul edilməsini istəyir.

Əslində Madrid prinsipləri, həm orijinalda, həm də yenilənmiş variantda Azərbaycanın maraqlarını tam təmin edən və tarixi ədaləti əks etdirən sənəd deyil. Sənədin məqbul tərəfləri münaqişənin həllində mərhələli variantın seçilməsi və Ermənistan qoşunlarının dərhal Azərbaycan ərazisindən çıxarılmasıdır. Üstəlik, bu şərtlər sənədin yenilənmiş variantında əks olunub və Azərbaycanın ciddi səyləri nəticəsində meydana gəlib.

Yenilənmiş Madrid prinsipləri nədir? 10 iyul 2009-cu il İtaliyanın L’aquilla şəhərində Səkkizlər Qrupunun (G8) sammitində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri: ABŞ-ın sabiq prezidenti Barak Obama, Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedyev və Fransa Respublikasınm sabiq prezidenti Nikola Sarkozi danışıqlar prosesinda növbəti addımın vacibliyinə və hərtərəfli sülh müqaviləsinin hazırlanmasına təkan verəcək işləri başa çatdırmağa dair razılıqlarını əks etdirən Dağlıq Qarabağ haqqında Birgə Bəyanat verdilər. Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin bu Bəyanatı Minsk Qrupu həmsədrlərinin münaqişə tərəflərinə təklif etdikləri 2007-ci il noyabr tarixli əsl Madrid Prinsiplərində ziddiyyətli məsələ olan ərazi bütövlüyünə qarşı bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyinetmə prinsipləri haqqında Helsinki Yekun Aktına əsaslanan kompromisi əks etdirəcək Madrid Prinsiplərinin yenilənmiş versiyasını hazırlamağa və tətbiq etməyə məcbur edirdi. Bu bəyanat vasitəsi ilə onlar həmçinin Azərbaycan və Ermənistan prezidentlərindən “aralarında olan bir sıra ziddiyyəyləti həll etmələrini və hərtərəfli həll hesab ediləcək Əsas Prinsiplər üzrə razılığa gəlmələrini xahiş edirdilər. Yenilənmiş Madrid prinsipləri aşağıdakılardır:

Dağlıq Qarabağın ətraf ərazilərinin Azərbaycanın nəzarətinə, qaytarılması;

Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə, hüququnu təmin edən müvəqqəti statusun verilməsi;

Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhliz;

İradənin hüquqi yolla ifadə edilməsi ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun gələcəkdə müəyyən edilməsi;

Bütün məcburi köçkünlərin və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ;

Sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanəti.

Görünən odur ki, Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhliz, iradənin hüquqi yolla ifadə edilməsi və sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanəti kimi mülahizələr heç də Azərbaycanı tam təmin edən prinsiplər deyil. Lakin regionda sabitliyin yaranması, qan tökülməməsi, daim inkişaf və irəli getmək, mehriban qonşuluqda yaşamaq kimi yüksək humanist prinsipləri əldə rəhbər tutan Azərbaycan bu müddəalara razılıq verib. Təbii ki, əgər bu razılaşma hüquqi qüvvə ləsb edəcəksə, mübarizənin sonrakı variantında insanların hüquqlarının qorunması və sabitlik fonunda həyatın yenidən axara düşməsi üçün yeni planlar meydana çıxacaq. Lakin bu uzun prosesdir və həmin mərhələyə çatıb-çatmamaq zamanın ixtiyarındadır. Amma belə olan halda indidən prisiplərin dəyişdirilməsinə cəhd etmək sülhü elə danışıqlar gedişində boğmaq istəmək deməkdir. Bu isə çox təhlükəlidir. Çünki, münaqişənin həllini müharibə müstəvisinə sürükləyir.

Düzdür, torpaqlarını zor ilə azad etmək gücündə olan Azərbaycan döyüşlərin alovlanmaması üçün bir sıra sənədlərdə üzərinə müəyyən öhdəlik götürüb. Amma hər zaman da bəyan edib ki, ərazi bütövlüyünün qorunması ə\sas şərtdir və buna limitsiz olaraq sakit qalmaq mümkün deyil. Yəni, müharibə azadlıq uğrunda müharibə aparmaq müstəqli dövlətimizin müstəsna hüququdur.

Bu gün, dümək olar ki, dünyanın güc mərkəzləri Qarabağ münaqişəsinə aid bütün detalları dəqiqliklə bilirlər. Buna görə də hər hansı rəy bildirərkən daha ədalətli mövqedən çıxış edirlər.   Amerikalı ekspert Piter Teys Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Münhen konfransının panel müzakirələrini şərh edərkən deyib ki, Nikol Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqdır. O qeyd edib ki, N.Paşinyan qarşısıalınmaz korrupsiyadan, mütəşəkkil cinayətkarlıqdan, iqtisadi azalmadan və yüksək işsizlik səviyyəsindən əziyyət çəkən ölkəni təmsil edir: “Bu cür qaranlıq reallıqlar Ermənistanı Avropanın ən təhlükəli yerlərindən biri, eyni zamanda Cənubi Qafqazda qeyri-sabitliyin mənbəyi edir”.

Ekspert əlavə edib ki, mövcud status-kvo dayandırılmalıdır və BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar və ekoloji nəticələrini aradan qaldırmalıdır: “Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. Yerevan danışıqlarda ciddi şəkildə iştirak edənədək Ermənistana beynəlxalq borcların və qrantların verilməsi dayandırılmalıdır. Ermənistanın Azərbaycana qarşı qlobal miqyasda dezinformasiya kampaniyası və siyasi manevrlərinə son qoyulmalıdır, əks halda Avropa təhlükəsizlik sahəsində ciddi problemlərlə üz-üzə qalacaq. Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq və səylərini ölkənin iqtisadiyyatının möhkəmlənməsinə yönəltməkdir”.

N.NOVRUZ

Sizin Reklam Yeriniz