Əlaqə Arxiv
news Image
2020.02.21
08:28
| A A A
Avropa ölkələri Azərbaycanla əməkdaşlığa mühüm önəm verir
Prezident İlham Əliyevin İtaliya Respublikasına səfəri strateji tərəfdaşlığa yeni töhfə verəcək

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının əks-sədası səngiməmiş Avropa Birliyinin üçüncü qüdrətli ölkəsi olan İtaliyaya rəsmi səfərə gedib. Bir faktı qeyd etmək lazımdır ki, xarici ölkələrin dövlət və hökumət başçıları, parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanın rəhbəri ilə görüşməyə, ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını həmişə birmənalı şəkildə diqqətə çatdırırlar. Çünki Azərbaycanın etibarlı tərəfdaş olduğunu, dünyada hökm sürən qlobal problemlərin həllinə böyük töhfələr verdiyini görür və qəbul edirlər. Bu isə ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, sivil və modern dövlətlərlə bir sırada dayanmasına əlverişli zəmin yaradır, respublikamızın beynəlxalq aləmdə artan imicə malik olmasını reallaşdırır.

2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri də bunu bir daha təsdiqlədi və göstərdi ki, iki ölkə arasında münasibətlərin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Digər tərəfdən, bu səfər həm də regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycan-İtaliya arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcək.

Azərbaycan və İtaliya arasında siyasi sahədə olduğu kimi, iqtisadi əməkdaşlıq da uğurla davam edir. Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyəti mühüm önəm daşıyır. Bunu müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırması, Azərbaycanın isə İtaliyaya 135 milyon dollar investisiya qoyması faktından da aydın görə bilərik. 

İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir. İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir.

İqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkə böyük potensiala malikdir. Enerji, kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, nəqliyyat, ekologiya və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan bu potensialın reallaşdırılması və İtaliya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. 

Hazırda Azərbaycanın bir sıra müəssisələrində İtaliya texnologiyalarından geniş istifadə olunur. Bununla belə, kənd təsərrüfatı və sənaye sahələrində istifadə üçün bu ölkədən müasir avadanlıqlar idxal edilə bilər. İtaliya şirkətlərinin respublikamızla Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye parklarında və məhəllələrində, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında birgə iştirakı müsbət nəticələrə gətirib çıxarar. Heç şübhəsiz, Prezident İlham Əliyevin İtaliyaya növbəti rəsmi səfəri ölkələrimiz arasında daha geniş və dərin üfüqlərin açılması istiqamətində yeni siyasi və iqtisadi hədəflər müəyyənləşdirəcək.

N.NOVRUZ

Sizin Reklam Yeriniz