Əlaqə Arxiv
news Image
2020.02.21
08:43
| A A A
Avropa hələ də ikili standartlardan imtina etmir
Elman Məmmədov: “Burada ikili standartlar və beynəlxalq hüququn işləməməsi öz sözünü deyir” Natiq Miri: “Problemin kökü ikili standartdan qaynaqlanır”

 

2017-ci ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə qərar çıxarıb. Qərara əsasən, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir.

Avropa Məhkəməsi tərəfindən təzminatın ödənilməsi ilə bağlı Ermənistana verilən vaxt çoxdan bitsə də, hələ də kompensasiya şikayətçilərin hesabına köçürülməyib. 

Laçın rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev  bildirib ki, ötən ilin dekabr ayında kompensasiyanın ləngidilməsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsi qərar verməli idi. Lakin hələ də bu haqda məlumat yoxdur: “Avropa İnsan Haqları Məhkəməsinin qarşısında yenidən məsələ qaldırılmalıdır ki, Ermənistan tərəfi kompensasiyanı niyə ödəmir? Biz vəkillərlə əlaqə saxlayırıq. Artıq dekabr ayı da keçdi, indiyədək xəbər yoxdur. Hazırda işin nə yerdə olduğunu bilmirik.  Vəkillərimiz Avropa Şurası Nazirlər Komitəsinə məktub yazdıqlarını və bizim şikayətlərimizi çatdırdıqlarını deyiblər”. 

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxarıb. Burada şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğu bildirilir. 
Beləliklə, göründüyü kimi, Ermənistan 3 ilə yaxındır Avropa məhkəməsinin qərarını yerinə yetirmir. Belə vəziyyətdə qərara hörmətlə yanaşmayan tərəfə qarşı onu verən tərəf müəyyən məcburetmə tədbirlərinə əl atmalıdır. Lakin hələ də Ermənsitana münasibətdə belə tədbirlər görülmür.

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, beynəlxalq qurumlar məsələyə ikili standartdan yanaşdığından və hüquqla ədalətin işləməməsi səbəbindən “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı Avropa Məhkəməsinin verdiyi qərarı İrəvanın icra etməməsinə göz yummaqda davam edirlər : “BMT Təhlükəsizlik Şurası kimi dünyanın ən nüfuzlu təşkilatı 27 ildir ki, Azərbaycan torpaqlarının işğldan qeyd-şərtsiz azad olunması ilə bağlı 4 məlum qətnamə qəbul edib. Amma bu günə qədər BMT həmin qətnamələrin icrası istiqamətində zərrə qədər də olsa addım atmayıb. “Çıraqov və başqaları Ermənistana qarşı” işində də anoloji vəziyyət hökm sürür.  Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlara, işğala, on minlərlə insanın ölümünə bais olduqlarına, insanlarımızın bütün hüquqlarının pozulmasına, əmlaklarının məhv olmasına görə müvafiq beynəlxalq qurumlara ötən illər ərzində həm dövlət, həm də fərdi şəxslər tərəfindən min dəfələrlə müraciətlər edilib.  Amma buna baxmayaraq, işğalçıya qarşı hər hansı bir cəza tədbiri görülmür.  Azərbaycana gəldikdə isə, heç nə olmadan beynəlxalq qurumlar ölkəmizi qaralayır, ona şər-böhtan atır, çoxsaylı problemlər yaradırlar.  

“Çıraqov və başqaları Ermənistana qarşı” işilə bağlı qərar var, amma ermənilər icra etmir. Bu qərarı verən qurumun əlində icra etməyən tərəfi cəzalandırmaq üçün müvafiq rıçaqlar var. Amma ötən müddət ərzində Ermənistan tərəfinin qərarı icra etməməsinə göz yumublar. Bu da onu göstərir ki, sözügedən beynəlxalq qurumlar məsələyə ikili standartlardan yanaşırlar.  Buna oxşar bir qərar Azərbaycana qarşı olsaydı ölkəmizi dərhal buna məcbur etməyə çalışardılar.  Ancaq soyqırıma məruz qalan insanların iddiasına baxan yoxdur.

Özümün də iştirakı ilə bir neçə nəfər neçə il bundan qabaq 100 min imza ilə Haaqada İnsan Haqları Məhkəməsinə müraciət təqdim etmişik.  Bu günə kimi, ondan heç bir səs-soraq yoxdur. Ona görə ki, beynəlxalq hüquq işləmir. Dünya beynəlxalq hüquqla, BMT-nin nizamnaməsilə, haqq və ədalətlə idarə olunmur. Kim güclüdür, qanun, hüquq onun tərəfindədir.  Ona görə də bu kimi qurumlar insan haqları və hüququndan danışırsa, həm Çıraqovlar, həm də digərlərilə bağlı qəbul etdikləri qərarları, qətnamələri terroçu, işğalçı dövlətə icra etdirməyə çalışmalıdırlar”.   

Politoloq Natiq Mirinin fikrincə, Ermənistanın Avropa Məhkəməsinin qərarlarını gözardına vurmasının arxasında beynəlxalq hüququn işləməməsi dayanır: “Bu, onun göstəricisidir ki, beynəlxalq hüquq bütün hüquqların üstündə olsa da, reallıqda belə qərarlar ancaq kağız üzərində qəbul olunur. Qərb dünyası özünün qəbul etdiyi dəyərlərdən çox rahatlıqla imtina edə bilir. Bunun özü də göstərir ki, Qərb dünyasında həqiqətən də ciddi aşınma prosesi gedir.

Hər bir qərarın arxasında onun icra mexanizmi də durmalıdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi onlarla belə qərarlar var ki, hansısa dünya gücünün geosiyasi marağına uyğun olmadığı təqdirdə, onun icra mexanizmi yaradılmır.  Bunu BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul etdiyi 4 qətnamədə də görmüşük. Belə olduğu təqdirdə, cırtdan Ermənistan öz havadarları sayəsində və xristian həmrəyliyi kontekstində Avropa Məhkəmələrinin qərarlarını rahatlıqla gözardı edə bilir.  Problemin kökü ikili standartdan qaynaqlanır. Dünya gücləri öz marağına uyğun olanda bir cür, maraqlarına cavab verməyəndə isə fərqli davrana bilirlər.

Ona görə də Qərbin bütün tövsiyyə və qərarlarına elə onların özləri kimi yanaşsaq, daha doğru olar”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz