Əlaqə Arxiv
news Image
2020.02.22
09:15
| A A A
Paşinyanın sərsəmləmələri yeni Qarabağ savaşını qaçılmaz edir
Məhəmməd Əsədullazadə: “İşğalçının belə bir mövqe sərgiləməkdə davam etməsi, konstruktiv mövqeyə gəlməkdən imtina etməsi fonunda yeganə alternativ variant yalnız müharibədir”

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa dair növbəti avantürist bəyanatla çıxış edib.   O, Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını istisna edib. Paşinyan birmənalı şəkildə deyib ki, işğal edilmiş ərazilərin qaytarılması barədə Azərbaycanla danışıqlar aparmaqdan imtina edir. “Bu haqda söhbət belə gedə bilməz”,-erməni baş nazir bildirib.

Aydın məsələdir ki, Paşinyanın belə açıqlaması danışıqlar prosesini pozmağa hesablanmış addımdır. Belə ki, o, bundan əvvəl də buna oxşar bir sıra avantürist bəyanatlarla çıxış edib. Bir ara o, qondarma rejim nümayəndələrinin də danışıqlar prosesinə clb edilməsi kimi sərsəm fikirlərilə gündəmə gəldi. Burada da məqsədi məhz danışıqlar prosesini əngəlləmək idi.

Bəllidir ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin vasitəçiliyilə aparılan danışıqlarda  münaqişənin Madrid prinsiplərinə uyğun tənzimlənməsi öz əksini tapıb. Madrid prinsipləri isə ətraf rayonların qaytarılmasına və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsinə əsaslanır.  Belə bir vəziyyətdə, Paşinyanın yuxarıda səsləndirdiyi sərsəm açıqlama danışıqlar prosesinin intensivləşməsinin qarşısına çəkilmiş bir çəpərdir. Bu amil onu göstərir ki, Paşinyan savaş, aprel döyüşlərinin təkrarını istəyir. Belə ki, onun bu açıqlaması torpaqları işğal altında olan əks tərəfə savaşdan başqa digər çıxış yolu qoymur. Paşinyanın belə bir açıqlaması fonunda Dağlıq Qarabağda müharibənin yenidən başlana biləcəyini gözləmək olarmı?

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Paşinyan sözügedən açıqlaması ilə danışıqlar prosesinin üzərindən birdəfəlik xətt çəkdi: “Nikol Paşinyanın Ermənistan ictimai Televiziyasına verdiyi müsahibədə danışıqlar formatının üzərindən xətt çəkməyə hesablanmış açıqlaması təbii ki, danışıqlar prosesinin pozulması deməkdir.  O, həyasızcasına heç bir ərazi güzəştlərinə getməyəcəyini vurğuladı. Təbii ki, bu açıqlama faktiki olaraq, danışıqların növbəti mərhələsi ərəfəsində daxili auditoriyaya hesablanmış mesaj olsa da, Minsk qrupu həmsədrlərinin Cenevrədə başladıqları danışıqların faktiki olaraq fiaskosudur”.

Politoloq hesab edir ki, belə bir vəziyyətdə Ermənistanın bununla danışıqlarda maraqlı olmadığını açıq şəkildə beynəlxalq ictimaiyyətə, Minsk qrupunun həmsədr dövlətlərinə çatdırmaq lazımdır: “Həmsədrlər aydın şəkildə bilməlidir ki, danışıqlar kimin tərəfindən, kimin günahı üzündən dayandırılır. Düşünürəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirərək, bu barədə açıqlama verməli və Ermənistana növbəti dəfə danışıqları pozmasını xatırlatmalıdır.  Həmçinin, beynəlxalq təşkilatlara, BMT, həmsədr dövlətlərə İrəvanın qeyri-konstruktiv mövqe sərgiləməkdə davam etdiyini xatırlatmalıyıq.

Paşinyanın belə sərsəm çıxışını geniş müstəvidə beynəlxalq təşkilatlatların diqqətinə çatdırmalı, artıq danışıqlar prosesinin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə faydasının olmadığını bildirməliyik”.  

Həmsöhbətimizin fikrincə, belə vəziyyətdə birmənalı şəkildə Azərbaycan hərbi varianta əl atmalıdır: “Bu mənada təbii ki, Paşinyanın həmin açıqlaması Dağlıq Qarabağda müharibənin yenidən  alovlanmasına, aprel döyüşlərinin təkrarlanmasına gətirib çıxara bilər. Bu variant istisna deyil. Çünki belə bir avantürist çıxış Azərbaycan üçün müharibədən başqa digər çıxış variantları qoymur, ölkəmizi müharibə variantına əl atmağa məcbur edir. Belədə, qarşıdan gələn yaz aylarında Qarabağda müharibənin başlana biləcəyi istisna deyil.  

İşğalçının belə bir mövqe sərgiləməkdə davam etməsi, konstruktiv mövqeyə gəlməkdən imtina etməsi fonunda yeganə alternativ variant yalnız müharibəyə əl atmaqdır. BMT-nın münaqişə ilə bağlı verdiyi qərarlar və onların icra olunmaması da Azərbaycana belə bir addıma getməyə hüquqi əsas verir. Yəni Paşinyanın açıqlaması Azərbaycana torpaqları azad etmək üçün hərbi əməliyyatlara başlamaq mənasında əlverişli şərait yaradır. Hərbi əməliyyatların başlanması fonunda aydın məsələdir ki, Azərbaycan ordusu növbəti dəfə düşmənə aprel döyüşlərində olduğundan daha güclü şəkildə zərbə vuracaq. Belədə, qısa müddətdə bir neçə rayonu işğaldan azad edə bilərik və bununla da Azərbaycan münaqişə ətrafındakı vəziyyəti 360 dərəcə öz xeyrinə dəyişə bilər.  Belə olarsa, İrəvan danışıqlar masası arxasına əyləşib kompromisə gəlməyə məcbur olacaq. Ordumuz hərəkətə keçməlidir. Paşinyan həmin açıqlaması ilə danışıqların üzərindən xətt çəkirsə, bundan sonra hansı məqsədlə danışıqlar aparılmalıdır ki, Azərbaycan bu prosesə inana bilsin. Ümumiyyətlə, Azərbaycan tərəfi Ermənistan üçün mart və aprel aylarında vaxt tanımışdı. Çünki həmin ərəfədə separatçı rejimdəki qondarma  seçkilər və Ermənistanda olacaq Konstitusiya refenerdumu ilə bağlı olaraq  işğalçı ölkədə daxili siyasi vəziyyət gərginləşə bilər. Lakin son açıqlaması ilə Paşinyan bu, vaxt tanımağın üzərindən də xətt çəkdi.  Ermənistan danışıqlarda maraqlı deyil”.

M. Əsədullazadə onu da qeyd etdi ki, Paşinyan bu dedikləri sözləri yenidən dana bilər: “Çünki onun psixoloji problemi var. Görümür Mnühen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentindən aldığı psixoloji travmadan hələ də çıxa bilmir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz