Əlaqə Arxiv
news Image
2020.02.22
11:28
| A A A
Bu il Azərbaycan həqiqətləri İtaliyada daha geniş təbliğ olunacaq
2020-ci ilin bu ölkədə “Azərbaycan ili” elan olunması bütün sahələrdə qarşılıqlı əlaqələri daha da gücləndirəcək

Prezident İlham Əliyevin İtaliya Respublikasına rəsmi dövlət səfəri iki dövlət arasında yaranmış isti münasibətlərin daha da yüksəlişində yeni mərhələ olacaq. Azərbaycan prezidentini Kuirinaledə qarşılamaqdan məmnunluq duyduğunu bildirən İtaliya prezidenti Sercio Mattarella iki il əvvəl Bakıya etdiyi səfərdən razılıqla danışıb və qəlbində gözəl xatirələr qaldığını vurğulayıb: “İki il bundan əvvəlki səfərdən mənim çox gözəl xatirələrim var. Bu gün cənab prezidentin Romaya səfəri bir daha İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin nə qədər güclü olduğunu göstərir.Biz artıq apardığımız danışıqlar nəticəsində bir neçə məsələni qeyd etdik. Burada İtaliya ilə Azərbaycan arasında olan əlaqələri xüsusilə vurğuladıq. Yalnız enerji sahəsində deyil, həmçinin digər sahələrdə, həm siyasi, həm mədəni sahələrdə olan əlaqələr barədə danışdıq”.

Azərbaycanı müasir ölkə kimi xarakterizə edən İtaliyanın dövlət başçısı daha sonra qeyd edib ki, İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır:“Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Burada mən, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın üçillik sədrliyini qeyd etmək istəyirəm. Azərbaycan bu öhdəliyi öz üzərinə götürmüşdür və bu, onun beynəlxalq sahədəki işini daha da gücləndirəcək. Mən bu işdə cənab Prezidentə uğurlar arzulayıram.Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək”.

Prezident İlham Əliyev də bəyanatında əməkdaçlığın bütün sahələri kimi mədəni əlaqələrin genişlənməsinə toxunub: “Biz bu gün, cənab Prezidentin dediyi kimi, mədəniyyət sahəsində əməkdaşlığa da toxunduq. Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgeze parkında ucaldılıb. Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır”.

2005-ci ilin fevralında, 2008-ci ilin noyabrında və 2014-cü ilin iyulunda Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərin genişlənməsinə xüsusi təkan verərək və bu sahədə yeni mərhələlərin başlanğıcını qoyub. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının istiqamətlərinin konturlarını cızıpb və bütün sahələrdə əməkdaşlığın təməl daşına çevrilib.

İtaliya ilə Azərbaycan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında dostluq qruplarının fəaliyyət göstərməsi onu göstərir ki, dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə var. İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Buna görə də ölkəmizdə İtaliya ədəbiyyatı, tarixi və mədəniyyəti böyük maraqla izlənilir.
Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri zamanı Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edir, önünə gül çələngləri qoyur.Abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.
Bundan başqa Heydər Əliyev Fondu məşhur “Mercati di Traiano” muzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında iştirak edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu memarlıq və mədəniyyət mirası təkcə Romaya deyil, bütün bəşəriyyətə aiddir.

Hələ 6 il əvvəl İtaliya jurnalistlərinə müsahibə verənAzərbaycanın dövlət başçısı İtaliya-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini deyib: “Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Bu gün imzalanan saziş o deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir. Bu gün ölkələrimiz arasında mədəniyyətlərarası münasibətlər, insanlar arasında təmaslar, bir-birimizin tarixinə göstərdiyimiz qarşılıqlı maraq bu tərəfdaşlığı gücləndirir. Ona görə də biz bu gün ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışa bilərik, çünki o, həyatın bir çox sahələrini əhatə edir”.

İtaliya incəsənətin intibah dövrünün şah əsərləri ilə tarixə qızıl səhifələr yazmış ölkədir. Azərbaycan da öz zəngin mədəni irsi ilə Şərqdə seçilən diyardır. Bu iki incəsənət vurğunu olan ölkənin əməkdaşlığı dünya mədəni irsinin zənginləşməsində böyük rol oynayır. Təbii ki, bizim dövrün mədəniyyət salnaməsinə bu ölkələrin əməkdaşlığı daha gözəl naxışlar vuracaq.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz