Əlaqə Arxiv
news Image
2020.02.22
10:27
| A A A
İslahatlar korrupsiya və qanun pozuntularının qarşısında böyük sədd çəkir
Şəffaflıq və qanunçuluğun möhkəmləndirilməsi sahəsində mübarizə amansızdır

Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində apardığı əməliyyatla bağlı ilkin məlumat yayıb və məlumatda həbslər aparıldığına işarə edilib. Məlumatda bildirilirdi ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin  səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Daha sonra Prezident İlham Əliyevin rayon İH başçısının rəhbəri İsmayıl Vəliyevi vəzifədən azad etməsi barədə sərəncamə mətbuatda dərc olundu. Xatırladaq ki, analoji hal bir müddət əvvəl Ağstafa rayonunda da baş vermiş, icra başçısı Nizaməddin Quliyev əməliyyat keçirilən gün vəzifədən azad edilmiş və həbs olunmuşdu. DTX-nın məlumatında “İcra Hakimiyyətinin vəzifəli şəxsləri” ifadəsi isə bir neçə şəxs barəsində araşdırma getdiyini təsdiqləyir. Lap yaxın günlərdə daha bir neçə vəzifəli şəxsin qeyri-qanuni əməllərinə görə işdən azad  yaxud hüquq-mühafizə orqanları tərəfindən həbs ediləcəyi istisna edilmir.

Neftçalada həyata keçirilən əməliyyatla eyni gündə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu tədbirlərlə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun Kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun və direktor müavini İlqar Dursunovun xidməti otaqlarında məhkəmə qərarı ilə axtarış aparılıb, Kollecin tələbələrinə məxsus tələbə biletləri və diplomlar, tələbələrdən alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı toplanan ilkin sübutlarla Xaləddin Ələkbərovun və İlqar Dursunovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutulub.

Bu hadisənin motivləri Ağstafa Rayon İcra Hakimiyyətində  baş verən cinayət əməllərinin motivi ilə uzlaşır. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları insanlara vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu faktlar cəmiyyəti narahat etməklə yanaşı bu stiqamətdə gedən mübarizənin miqyasını aydın təcəssüm etdirir.  İki il əvvəl Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində qeyd etmişdi ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır: “Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər”.

Keçən ilin islahatları çərçivəsində baş verən dəyişikliklər dövlət başçısının dediyi fikirlərin nə qədər qətiyyətli olduğunu sübut edib. İnstitusional mexanizmlər uğurla işə düşüb. Saxtakarlıq, korrupsiya, vətəndaşlara münasibətdə ələbaxımlıq halları tədricən həyatın arxivinə gömüləcək.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz