Əlaqə Arxiv
news Image
2020.02.29
09:57
| A A A
Hakimiyyət müxaliflərlə dialoqda maraqlıdır, müxalifət isə…
AXP sədrinin Prezident Administrasıiasına dəvət edilməsi islahat dalğasının davamıdır

Bu günlərdə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb. Görüş barədə P.Hüseyn özünün “Facebook” səhifəsində bildirib. O qeyd edib ki, Administrasiyanın binasında PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdikləri müraciətlə bağlı görüş olub. Lakin AXP sədri görüşün təfərrüatını açıqlamayıb.

Təfərrüatların açıqlanmaması belə söhbətin nədən gedə biləcəyini təsəvvür etməyə mane olmur. Böyük ehtimalla məqsəd ölkədə real və konstruktiv müxalif qüvvələrin gücləndirilməsidir. Çünki, bizim müxalifət ölkənin idarə olunmasında iştirak etmir, daha dəqiqi ifadə etsək, iştirak etməyi bacarmır. O yalnız dağıdıcılıq missiyasi daşıyır. Bu isə “qaş düzəltmək əvəzinə vurub gözü tökmək” deməkdir. Halbuki xalq üçün çalışan, mahiyyət etibarı ilə sosial ehtiyacların ödənməsi üçün dövlətin xalqın xidmətçisi sayıldığı bir ölkədə normal müxalifətin olmaması nöqsandır. Çünki, iş olan yerdə, təbii ki, çatışmazlıqlar var. Həm də inkişaf sürətləndikcə yeni tələblər yaranır və bu tələblərin hökumətə çatdırılması vacib məsələdir. Müxalifət isə bu yöndə ciddi rol oynayır.

Əlbəttə, müxalifətin son məqsədi hakimiyyətə gəlməkdir. Lakin bunun da öz yolu, inkişaf perspektivi, mübarizə üsulları var. Yox, əgər bir qrup şəxs xarici qüvvələrin arzusu ilə hakimiyyətə gəlmək üçün qarayaxmalardan, qaragüruhçuluqdan, şər və böhtandan istifadə edirsə, bu, artıq müxalifətçilik yox, araqarışdırmaqdır. Buna görə də müxalif cəbhədə yer alan siyasi qüvvələrin nümayəndələrinin hakimiyyət strukturlarında qəbul edilməsi, daha doğrusu, bu qüvvələrin müəyyən tələblərlə hakimiyyətə müraciət edib nələrisə əldə etmək istəməsi tamamilə normal qəbul edilməlidir. Hətta belə bir görüşün baş tutması cəmiyyətin özünün inkişafına müsbət təsir edir. Ona görə ki, bu addım müxalifət-hakimiyyət münasibətlərində səmərəlilik faktorunun yaranmasına xidmət edir.

Dövlət başçısı dəfələrlə cəmiyyətdə ictimai nəzarətin gücləndirilməsinin vacibliyi barədə tövsiyələrini verib. Yəni, xalqın nümayəndələrinin ictimai-siyasi fəallığının yüksəldilməsi Prezident İlham Əliyevin daxili siyasətinin başlıca predmetlərindən biridir. Hazırda davam edən islahatların gedişinin müəyyənləşdirilməsinə də ictimai rəyin təsiri güclüdür. Qeyd etmək yerinə düşər ki, bu istiqamət görülən işlərin sürətini yalnız artırır. Bəs, belə olan halda, müxalifət niyə islahat prosesindən kənarda qalmalıdır? 

Görünür, başda Pənah Hüseyn olmaqla bir qrup müxalifət nümayəndəsinin müəyyən təşkilati ehtiyaclarının qarşılanması tələbi ilə Prezident Administrasiyasına göndərdikləri müraciətlərinə müsbət yanaşlıb və belə bir görüşün baş tutması meydana çıxıb. Bu, dövləti idarəetmə işinin tərkib hissəsidir. Üstəlik, indi Azərbaycanın maliyyə vəziyyəti cəmiyyətin bütün təbəqələrinin icyimai-sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verir. Bu mənada müxalifət də dəstədən geri qalmır.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz