Əlaqə Arxiv
news Image
2020.02.29
10:43
| A A A
ATƏT-in işğal üzərində ziddiyyətli ritorikası
Qarabağ münaqişəsinin həllində Avropa qurumları konstruktiv nəticə ala bilmirlər

Bu günlərdə Moskvada  Rusiya XİN-in başçısı Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Xarici İşlər və Avropa naziri Edi Rama arasında görüş keçirilib. Görüşdə çıxış edən S.Lavrov deyib: “Bu gün beynəlxalq vəziyyətin mürəkkəb olduğunu demək artıq olar. Təəssüflər olsun ki, ATƏT-də ziddiyyətli ritorika üstünlük təşkil edir, güzəştli həll yollarını tapmaq əvəzinə polemika gücləndirilir. Burada ATƏT sədrinin gördüyü iş çox vacibdir”. Rusiya XİN sözçüsü Mariya Zaxarova S. Lavrovla E. Ramanın görüşündə ümumi Avropa və regional problemlər, eləcə də ATƏT-in hazırkı fəaliyyəti və 2020-ci il üçün iş planının müzakirə olunduğunu söyləyib. Sözsüz ki, bu sıraya Qarabağ münaqişəsinin həlli də daxildir. Amma, naraqlıdır, görəsən rusiyalı nazir “ziddiyyətli ritorika” deyəndə Qarabağ üzərində sərgilənən mövqeni də bu sıraya aid edibmi?!

ATƏT-in Qarabağ münaqişəsinin həlli yolunda aparılan söhbətlərdə, sərgilənən mövqelərdə həmişə ritorikaya uyması bizə dəqiq məlumdur. Ötən ilin sonlarında Azərbaycan XİN rəhbəri E.Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanın Qarabağın statusu və təhlükəsizliyi məsələsinin prioritet olması barədə dediklərinə münasibət bildirərək qeyd etmişdi ki, Azərbaycan tərəfi mahiyyəti üzrə danışıqlara hazırdır. Belə ki, təhlükəsizlik məsələləri Azərbaycan üçün də vacibdir: “Söhbət  məcburi köçkünlərin silah səsləri altında deyil, sakit bir mühitdə geri qayıtması üçün onların təhlükəsizliyindən gedir. Azərbaycanlı əhali beş rayona, sonra iki, sonra isə Dağlıq Qarabağ bölgəsinə qayıtmalıdır. Ona görə də biz həmsədrlərdən hesabat hazırlamağı və bu təhlükəsizlik məsələlərinin həlli ilə bağlı fikirlərini bildirmələrini xahiş etdik”.

Bu ilin əvvəlində isə münaqişə tərəflərinin ATƏT Minsk qrupunun həmsədrləri ilə birgə keçirdikləri vaxt etibarı ilə ən uzun çəkən görüşdə tərəflərin açıqlanmayan hansısa tezislər barədə danışmaları müəyyən ehtimalların ortaya çıxmasına səbəb olmuşdu. Üstəlik, xalqların sülhə hazırlanması, danışıqların məxfiliyinin qorunması və sairə bu kimi məsələlər ümid qığılcımları rolunu oynayırdı. Lakin...

Lakin aradan bir ay keçib və birdən işğalçı ölkənin XİN başçısı, ötənaykı danışıqların iştirakçısı   Azərbaycandan BMT-yə şikayət edib və separatçıların “seçki”lərindən danışıb. BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının toplantısında iştirak edən erməni nazir növbəti dəfə ölkəsinin Azərbaycan torpaqlarını əlində saxlamaq niyyətini qabardıb. Onun Dağlıq Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə hüququna malik olduğunu” iddia etməklə yanaşı, separatçıların 31 martda “demokratik yolla öz prezident və deputatlarını seçəcəklərini” bəyan etməsi siyasi abırsızlığın kulminasıyasıdır. Çünki, Mnasakanyan bu sözləri BMT tribunasından deyir və vecinə almır ki, bu ən səlahiyyətli beynəlxalq təşkilat erməni qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxmaları üçün 4 qətnamə qəbul edib.

Bu ermənilərə neçə dəfə deyib və neçə dəfə təkrarlamaq lazımdır ki, deyilən sözlərin, qəbul edilən beynəlxalq sənədlərin məzmununu dərk edə bilsinlər. Münhen Təhlükəsizlik Konfransının builki toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb” fikirləri təsadüfi deyilməyib.  Dövlət başçısı qeyd edib ki, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur. Erməni nazirin yüksək tribunalardan ağzına gələni danışması ermənilərin yalnız zora tabe olacaqlarını bir daha təsdiqləyir. Onlarla sülh, əmin-amanlıq, insan həyatının qiymətləndirilməsi və sairə məsələlərdə anlaşmaq çətin işdir. Çünki, anlamırlar. Münaqişə tərəflərindən birinin anlamaması, yaxud qəsdən özünü belə göstərməsi o biri tərəfin silaha əl atmasını zərurətə çevirir.

ATƏT isə susur. Hətta Avropa qurumlarının da Azərbaycanın haqq səsini təsdiqləyən qətnamələri var. Lakin bir dəfə də olsun ATƏT rəsmiləri publik şəkildə bu sənədlərin icrasının vacibliyini Ermənisdtan hakimiyyətinə xatırlatmayıb. Bu nədir? ATƏT-in ritorikliyi. Məlum məsələdir ki, Sergey Lavrov Avropa qurumunun ritorikliyini Rusiyaya münasibətdə axtarır və  yalnız öz xyirləri üçün bu ifadəni dilə gətirir. Amma əslində ATƏT ən böyük ritorikanı Azərbaycan torpaqlarının işğal edilmiş hissəsinəaid məsələlərin həllində nümayiş etdirir. Çünki, 

ATƏT-in Ermənistana yumşaq münasibət göstərməsi regionda təhlükəli proseslərin inkişafına rəvac verir. Nə üçün Ermənistanın qeyri-konstruktuv yanaşmalarına qarşı bu ölkəyə müvafiq tənbeh verilmir, sülhə gəlmədiyi üçün sanksiyalar tətbiqinə cəhd göstərilmir? Ümumiyyətlə, Ermənistanın məsuliyyətsiz davranışının bir səbəbi də beynəlxalq qurumların, həmsədr ölkələrin hakimiyyətlərinin onun davranışına loyal münasibət göstərməsidir. Əgər bir gün regionda müharibə alovlansa, onda bunun məsuliyyəti Avropa qurumlarının da üzərinə düşəcək.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz