Əlaqə Arxiv
news Image
2020.02.29
10:57
| A A A
KTMT Ermənistan-Azərbaycan sərhədinə nəzarət etmək niyyətinə düşüb
Nəzakət Məmmədova: “Rusiyanın icazəsi olmadan heç bir erməni əsgəri Azərbaycan tərəfə atəş aça bilməz”

KTMT, Ermənistan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər.

Mətbuatın yazdığına görə, belə açıqlama ilə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin çıxış edib.

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışan səfir deyib: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vəziyyətin mənfi ssenariyə doğru inkişaf etməməsi, eskalasiyanın baş verməməsində əhəmiyyətli rol oynayır, buna zəmanət verir. Bu, vacib və güclü təhlükəsizlik yastığıdır. KTMT çərçivəsində Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı da mövcuddur. Düşünürəm ki, bu amillər sabitliyi və barışı təmin etmək üçün kifayət qədər əhəmiyyətlidir".

Qeyd edək ki, ermənilər atəşkəsi təkcə işğal etdikləri ərazilərdən deyil, həmçinin Ermənistan Azərbaycan sərhədi boyunca da mütəmadi olaraq pozurlar. Belə bir vəziyyətdə Moskva da fürsətdən yararlanmaq üçün KTMT adından istifadə etməklə münaqişə tərəfləri arasında sərhədə nəzarəti ələ keçirmək niyyətinə düşüb. Görəsən, Rusiyanın İrəvandakı  səfirinin bu dedikləri mümkündür? Yəni KTMT qüvvələrinin Azərbayca-Ermənistan sərhədində yerləşməsilə burada sabitliyi təmin etmək mümkün olacaq? Yoxsa, bu açıqlama şimal qonşumuzun hansısa məkirli planının tərkib hissəsidir?

Politoloq Nəzakət Məmmədova bildirdi ki, KTMT adı altında Rusiya hərbi qüvvələrinin Azərbaycan Ermənsitan sərhədində yerləşdirilməsi mümkün ola bilən məsələ deyil. Politoloqun fikrincə, bu yolverilməzdir: "Rusiyanın İrəvandakı səfirinin "KTMT Azərbaycan və Ermənistan  sərhədində sabitliyi təmin edə bilər" açıqlaması əslində, addım-addım ölkəmizə nüfuz etmək siyasətinin tərkib hissəsidir. Kopırkinin açıqlamasından bu istəyin məhz məkirli xarakter daşıdığını aydın şəkildə başa düşmək olar.

Rusiyanın Ermənistanda hərbi bazası var. Deməli, artıq onlar öz qoşunlarını Ermənistan Azərbaycan sərhədində də yerləşdirməyi düşünürlər. Bununla da aydın məsələdir ki, Azərbaycana doğru hərbi nüfuz etmək məqsədi daşıyırlar. Rusiyanın Cənubi Qafqazda ciddi maraqları var. Moskva bütün Cənubi Qafqazı öz nəzarəti altına almağa çalışır. Bunun üçün də müxtəlif ekspansionist addımlara əl atır. Bu addımlardan biri də məhz qonşu ölkələrin ərazisində özlərinin hərbi bazalarını yaratmaqdır.

Gürcüstandan Rusiya hərbi bazası çıxarılıb. Burada artıq NATO güclənir. Gürcüstanda NATO-nun təlim düşərgəsi açılıb. Moskvanın Cənubi Qafqazda bu mənada başlıca istinad nöqtəsi Ermənistandır. Kreml hətta Dağlıq Qarabağda sülhməramlılar adı altında özünün hərbi bazasını yerləşdirmək niyyətindədir. Sərhədlərin mühafizəsini təşkil etmə məsələsini gündəmə gətirmələri də məhz bu məkirli niyyətə xidmət edir. Rusiya ordusu onsuz da Ermənistana nəzarət edir".

N. Məmmədovaya görə, münaqişə aparan iki dövlətin sərhədində rus ordularının yerləşdirilməsi sərhədi nəzarətə götürməklə gələcəkdə Azərbaycan ərazilərinə doğru irəliləmək məqsədi daşıyır: "İndi bilavasitə sərhədi nəzarətə götürmək və bununla getdikcə Azərbaycan ərazilərinə doğru  nüfuz etmək məqsədi güdürlər. Səfirin həmin açıqlamasının başqa adı yoxdur.

Bilirik ki, Ermənistan ordusu, hətta Dağlıq Qarabağdakı separatçı, pozğun hərbi dəstələr də Moskvanın nəzarəti altındadır. Bu, bir faktdır. Rusiyanın icazəsi olmadan heç bir erməni əsgəri Azərbaycan tərəfə atəş aça bilməz. Bu mənada da səfirin açıqlaması Rusiyanın oynadığı bir oyundur. Sərhəddə ermənilərin atışkəsi mütəmadi olaraq pozmasının qarşısını Moskva Ermənistana edilən  bir göstərişlə çox rahat ala bilər. Amma bunu etmir. Əvəzində, qoşunlarını  sərhəddə yerləşdirmək istəyir. Hansı ki, bu Rusiya üçün əlavə xərc deməkdir. Bu qədər xərc çəkib qoşunları sərhədə gətirməkdənsə, Moskva Ermənistandan atəşkəsi pozmamağı tələb etsə, bunun özü Rusiyanın Azərbaycana etdiyi yaxşılıq olar.

Bütün hallarda səfirin həmin  açıqlaması Azərbaycanın sərhədlərinə bilavasitə nəzarət etmək, ölkəmizə nüfuz etmək, bütün Qafqaza nəzarət etdiyini, burada güc sahibi olduğunu Qərbə göstərmək məqsədi güdür. Bu həm də Azərbaycana psixoloji təsir göstərmək niyyətindən doğur. Belədə, bu gün Azərbaycan Ermənistan sərhədinə KTMT adı ilə gələn Rusiya qoşunları sabah gəlib Dağlıq Qarabağda oturacaq. Bu isə mərhələli şəkildə Azərbaycana hərbi nüfuz etmək siyasətidir. Ola bilər bununla gələcəkdə Dağlıq Qarabağda sülhməramlı adı altında rus qoşunlarının yerləşdirilməsinə Azərbaycan vətəndaşlarını psixoloji cəhətdən hazırlamaq, yaxud da reaksiyamızı bilmək istəyirlər. Hər halda bu məqsədləri Azərbaycan ərazilərini həlqəyə almağa xidmət edən məkirli bir plandır".

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz