Əlaqə Arxiv
news Image
2013.07.02
13:33
| A A A
Prezident Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasimdə iştirak edib

İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.


Polis Akademiyasına gələn dövlətimizin başçısına daxili işlər naziri, general-polkovnik Ramil Usubov raport verib.


Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Akademiyanın baş meydanında ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.


Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.


Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitlə tanış olub. Məlumat verildi ki, Azərbaycan Prezidentinin 2009-cu il 22 may tarixli Sərəncamı əsasında yaradılmış Mərkəz ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, geniş təbliği məqsədi ilə fəaliyyətə başlayıb. Mərkəzin üçmərtəbəli binasında ulu öndər Heydər Əliyevin büstü qoyulub, dahi rəhbərin mənalı həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işləri əks etdirən stendlər quraşdırılıb. Mərkəzin üçüncü mərtəbəsində şahmat dərnəyi, virtual sinif, xaric dil mərkəzi, ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi mərkəzi, elektron kitabxana və fotostudiya fəaliyyət göstərir.


Daha sonra dövlətimizin başçısı Mərkəzin akt zalında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşüb.


Prezident, Ali Baş Komandan İlham Əliyev tədbirdə çıxış edib.


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.


Sonda xatirə şəkli çəkdirilib.

Sizin Reklam Yeriniz