Əlaqə Arxiv
news Image
2013.07.03
11:20
| A A A
“Antimilli, satqın ünsürlər bir daha müstəqilliyin nə olduğunu başa düşmədiklərini göstərirlər”
“Bu qul psixologiyası ondan ibarətdir ki, daim böyük qardaş axtarışındadırlar, daim kiminsə ayağına yıxılmaq istəyirlər”

"Azərbaycanın bugünkü uğurlu inkişafı realdır. Bu, bizi, dostlarımızı sevindirir, bizi istəməyən qüvvələri isə məyus edir. Azərbaycan həddindən artıq önəmli ölkəyə çevrilib".

 

Mövqe.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin iyulun 2-də keçirilmiş açılış mərasimində çıxışında deyib.

 

Prezident bildirib ki, Azərbaycanın coğrafi vəziyyəti, geosiyasi məsələlərlə bağlı tutduğu mövqe, enerji resursları, nəqliyyat infrastrukturu, digər amillər, iqtisadi inkişaf, Azərbaycanın siyasi cəhətdən güclü olması ölkəyə diqqəti daha da artırır: "Əlbəttə, Azərbaycan güclü dövlət kimi bəzi dairələr üçün böyük maraq doğurur. Biz buna etiraz etmirik. Çünki biz beynəlxalq aləmin bir parçasıyıq və bu gün beynəlxalq aləmin ən ali qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüyük. Dünyada bundan yuxarı səviyyə yoxdur.

 

Əlbəttə ki, biz bütün əməkdaşlığa açığıq və beynəlxalq əməkdaşlıq üçün öz konkret addımlarımızı atırıq. Ancaq bir daha demək istəyirəm ki, bütün ölkələrlə, bütün qurumlarla bizim münasibətlərimiz qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulur. Bir-birinin işinə qarışmamaq prinsipi bizim üçün əsasdır. Bu, bizim prinsipial mövqeyimizdir. Bu mövqe ədalətə və beynəlxalq hüquq normalarına söykənir.

Ancaq şübhə yoxdur ki, Azərbaycanı öz tərəfinə çəkmək, müəyyən dərəcədə bizim siyasətimizə təsir etmək cəhdləri var. Buna oxşar digər cəhdlər bu gün də var, gələcəkdə də olacaq. Əsas odur ki, Azərbaycan dövləti öz müstəqil siyasətini aparır və aparacaq. Bu müstəqil siyasətin təməlində Azərbaycan xalqının iradəsi dayanır, eyni zamanda, Azərbaycanda hökm sürən sabitlik və ictimai-siyasi asayiş bizim gücümüzü daha da artırır.

 

Biz müstəqillik yolu ilə gedəcəyik. Bu gün müstəqil Azərbaycan region üçün sabitləşdirici amildir. Biz sabitləşdirici rol oynayırıq və əlbəttə ki, heç bir qüvvə bizi müstəqil siyasətdən döndərə bilməz. Daxili vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur. Xalqla iqtidar arasında birlik var. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açıblar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain - onlara heç qüvvə də deyə bilmərəm - ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra.

 

Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi çox açıq-aydın görür. Görür ki, kim ölkəni hara aparır və kim ölkəni hara aparmaq istəyir. Artıq Azərbaycan 20 ildən çoxdur ki, müstəqil dövlətdir. Bundan böyük xoşbəxtlik ola bilməz. Nəyin bahasına olursa-olsun müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik. Polis orqanlarının da bu işdə çox böyük rolu var. Əminəm ki, polis işçiləri həmişə olduğu kimi, dövlətə, dövlətçiliyə öz sədaqətini göstərəcək".


Sizin Reklam Yeriniz