news Image
2013.07.04
12:41
| A A A
“İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı təmin edən həll yolu tapılacaq”

"Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə çalışır.


Ümid edirik ki, Azərbaycan məsələnin öz mövqeyinə uyğun həllini tapacaq". Bu fikirləri APA-ya açıqlamasında Fransa Senatının üzvü, Ron-Alp regionundan senator Jan Besson bildirib.

 

Ölkəsinin Azərbaycan üçün ən neytral olan mövqeni seçəcəyinə inandığını deyən senatorun sözlərinə görə, Fransa münaqişənin həlli istiqamətində əlindən gələni edəcək: "Biz inanırıq ki, Azərbaycanı təmin edən həll yolu tapılacaq. Azərbaycan öz maraqlarını və hüquqlarını təmin edəcək həll yoluna nail olacaq".

 

Azərbaycanla Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan senator J. Besson əsasən energetika sektorunda əməkdaşlığın inkişafından razılığını ifadə edib: "Mən özüm keçən ilin sentyabr ayında Fransa nümayəndə heyəti ilə birgə Azərbaycana səfər etmişdim. Enerji sektorunda əməkdaşlıqla bağlı müzakirələr oldu. Azərbaycan prezidenti ilə görüşlər keçirdik. Bir çox sahələrdə əməkdaşlıq üçün perspektivlər var. Məsələn, turizm sahəsi bunlardan biridir. Eyni zamanda mədəniyyət sahəsində də əməkdaşlığın inkişafı üçün şərait mövcuddur".

 

Senator Azərbaycana səfəri zamanı turizm sektorunda əməkdaşlıq məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb. Onun təmsil olunduğu Ron-Alp regionunun qış turizmi və xizəkçilik sahəsində Fransanın aparıcı regionu olduğunu deyib: "Biz Azərbaycanda da bu turizm növünün inkişafı istiqamətində müəyyən proqramların olduğunu eşitdik. Dağ turizmi vacib və perspektiv sahədir. Biz bu sahədə əməkdaşlıq edə və öz təcrübəmizi bölüşə bilərik".