Əlaqə Arxiv
news Image
2020.03.20
10:29
| A A A
Azərbaycan Rusiyadan yeni helikopterlər alır
Üzeyir Cəfərov: “Bu məsələdə tərəflərin ciddi niyyətləri var”

Rusiya Azərbaycanla helikopter satılmasına dair məsələni müzakirə edir. Bu barədə mətbuata açıqlamasında Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib. Onun sözlərinə görə, yaxın qonşularla hərbi-texniki əməkdaşlıq kifayət qədər dinamik inkişaf edir. Bu portfelin MDB ölkələri ilə əməkdaşlıq üzrə dəyəri təxminən 2 milyard dollar həcmindədir. 

Ölkəmizlə əməkdaşlığın davam etdiyini bildirən nazirliyin rəhbəri əlavə edib ki, Azərbaycanla işbirliyi əsasən satışdan sonrakı xidmətin, quru qoşunlarının texnikası üçün xidmət mərkəzinin və Mi-8 ailəsindən olan helikopter texnikasının təmiri mərkəzinin yaradılmasına yönəlib. Bununla yanaşı, son məhsulun satılmasına dair məsələ müzakirə olunur.

Qeyd edək ki, Rusiya Azərbaycanla hərbi əməkdaşlığa mühüm önəm verir. Çünki Azərbaycan potensial alıcıdır. Bunun nəticəsidir ki, indiyə qədər Azərbaycan Rusiyadan 5,5 milyard dollarlıq müxtəlif təyinatlı hərbi məhsul alıb. Onların arasında ən müasir tələblərə cavab verən helikopterlər də var. İndi isə Rusiya Azərbaycana əlavə olaraq Mi-28H və K-52-lərin timsalında  daha bir neçə helikopter almaq niyyətindədir. Bu tip helipopterlərin Azərbaycan Silahlı Qüvvələrin tərkibinə daxil edilməsi mümkündürmü?

Hərbçi ekspert Üzeyir Cəfərovun fikrincə, Azərbaycan Rusiya ilə aparılan danışıqlar fonunda sözügedən helikopterləri də ordumuzun tərkibinə qatacaq: "Azərbaycan cari ildə də bir sıra ölkələr, o cümlədən Rusiya ilə hərbi-texnika sahəsində əməkdaşlığı davam etdirməkdədir.  Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayevin helikopterlərlə bağlı söylədiyi onu deməyə əsas verir ki, bu istiqamətdə tərəflər arasında müəyyən razılaşmalar əldə olunacaq.

K-52-lərin alınması ilə bağlı artıq müəyyən razılıqlar əldə olunacaq. Belədə ola bilsin, Azərbaycan cari ildə həmin helikopterlərdən bir neçəsini əldə etsin.  Onsuz da Azərbaycan Hərbi-Hava Qüvvələrinə aid döyüş helikopterlərinin əksəriyyətini Rusiyadan əldə etmişik. Xüsusən də bir müddət əvvəl Azərbaycana təhvil evrilən MİQ-35-lər. Həmin texnikaya Ali Baş Komandan İlham Əliyev də şəxsən baxış keçirib. Həmin texnikanın bir hissəsi Müdafiə Nazirliyinin, digər hissəsi də Dövlət Sərhəd Xidmətinin sərəncamına verilib. Yeni alınacaq helikopterlərdə söhbət tək döyüş texnikasından getmir, orada Fövqəladə Hallar Nazirliyi, SOCAR-a veriləcək mülki təyinatlı helikopterlərdən də söhbət gedir. Bu istiqamətdə danışıqların nə dərədəcə müsbət nəticə verəcəyini isə gələcək göstərəcək.  Amma bu məsələdə tərəflərin  ciddi niyyətləri var.  Belə bir arzu, istək var və onun reallaşması üçün tərəflər bir neçə dəfə danışıq aparıb.

Ekspert qeyd etdi ki, Rusiya ilə alınması barədə danışıqlar aparılan həmin helikopterlərin texniki göstəriciləri müasirləşdirilib: "K-52 və Mi-28H helikopterlərini əvəlkilərindən fərqləndirən cəhətlərdən biri onlara yeni elektroavadanlıqların qoşulmasıdır.  Bu helikopterlərdə manevr imkanları daha genişdir. Hərbi baxımdan bu vertolyotlar radar və digər aşkaretmə qurğularından daha yaxşı yayınır. Pilotlar üçün də bu helikopterlərdə müasir tələblərə cavab verən komfort şərait yaradılıb.  K-52-lər daha çox xüsusi təyinatlılar və quru qoşunları üçün nəzərdə tutulub. Amma ondan dəniz piyadalarının istifadə edə bilməsi versiyası da var. Həmin vertolyotun çəkisi də optimallaşdırılıb, daha çevik xüsusiyyətlərə malikdir. Bir sözlə, həmin helikopterlər Rusiya hərbi-sənaye kompleksinin son illər əldə etdiyi uğurlardan biridir ki, onu da Azərbaycana təklif edib.  Azərbaycan həmçinin ABŞ, Türkiyə, Pakistan istehsalı olan helikopterlərə də malikdir".

Ü. Cəfərov bildirdi ki, Azərbaycanın öz hərbi arsenalına daha müasir helikopterləri daxil etməsi barədə aparılan bu danışıqlar İrəvanı daha ciddi şəkildə narahat etməkdədir: "Ermənistan bilir ki, Azərbaycan boş yerə həmin helikopterləri almır. Onların torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə istifadə edilməsi ehtimalı çox yüksəkdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində verilən tapşırıqlarda həmin helikopterlərdən də istifadə ediləcək. Ermənilər bunu gözəl bilir və başa düşür ki, aldığımız bu texnikalar sırf Azərbaycan Ordusunun hərbi gücü, döyüş qabiliyyətinin daha da gücləndirilməsi üçün alınan texnikalardır. Tanınmış erməni politoloqları, keçmiş hərbçiləri də bəyan edir ki, müharibə başlayacağı təqdirdə Azərbaycanın vuracağı zərbələr Ermənistan üçün çox sarsıdıcı olacaq. Bu müstəvidə Ermənistan da çalışır ki, balans yaratsın. Ancaq hər kəsə bəllidir ki, onların maliyyə imkanları Azərbaycanın imkanlarından qat-qat zəifdir. Həm də Azərbaycan real alıcıdır".

R. SOLTANOV

Sizin Reklam Yeriniz