news Image
2013.07.08
11:37
| A A A
“Ermənistan rəhbərliyinin terrorçuluq siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyub”

"Moldova ombudsmanı Aureliya Qriqoriuya təzyiq və təhdidlər göstərdi ki, Ermənistan terror siyasəti yürüdür".


Mövqe.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Qafqazda münaqişələr: tarix, müasirlik və nizamlanma perspektivləri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

"Moldova ombudsmanının Xocalı soyqırımı ilə bağlı ədalətli bəyanatına erməni tərəfinin reaksiyası, bunun ardınca başlanan təqiblər və Aureliya Qriqoriuya İrəvanda edilən təzyiqlər göstərdi ki, Ermənistan rəhbərliyinin yürütdüyü terrorçuluq siyasəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyur".

 

Elnur Aslanovun sözlərinə görə, bir neçə gün əvvəl Moldova ombudsmanının İrəvanda üzləşdiyi çətinliklər Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin terrorçuluğun açıq forması olduğunu söyləməyə imkan verir. O, Azərbaycan rəhbərliyinin Xocalı soyqırımının beynəlxalq birlik tərəfindən tanınması siyasətini davam etdirəcəyini bildirib: "Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində böyük, qanayan yaradır. Xocalıda həlak olmuş insanlar əsl vandalizm aktı ilə üzləşiblər".

 

Elnur Aslanov qeyd edib ki, Avropa institutları Moldova ombudsmanının Ermənistanda üzləşdiyi situasiya ilə bağlı öz prinsipial mövqelərini ifadə etməlidir: "Əgər hansısa ölkədə digər ölkənin vətəndaşının hüquqları pozulursa, o zaman Avropa Parlamentinin deputatları toplaşmalı və bu məsələyə münasibətini ifadə etməlidir. Avropa Parlamenti insan haqlarının müdafiəsinin tərəfdarı olduğunu, ikili standartlar siyasəti yürütmədiyini nümayiş etdirməlidir. Biz Avropa Parlamentindən bu addımı gözləyirik".