Əlaqə Arxiv
news Image
2020.04.10
09:45
| A A A
Ermənistan cəmiyyəti səksəkədədir
Bu ölkədə nəinki sabahkı günə, hətta günün başlanğıcından sonuna inam yoxdur

 

“Yalan ayaq tutar, amma yeriməz” məsəli bu gün Ermənistanda yeni çalar əxz edib. Yəni, bu ölkədə yalan ayaq tutub asanlıqla yeriyir. Baş yalançı əhalinin fikrincə, baş nazirin özüdür. O nazir ki, yalan vədlərlə camaatın başını aldadıb baş vəzifə kürsüsünü ələ keçirəndən sonra da yalanlarından əl çəkməyib. İndi Ermənistanda yalanın qiyməti yoxdur, havayıdır, hətta demək olar ki, dəbdədir. Hamı aldadır, hamı yalan danışır və bilə-bilə ki, özü də, qarşısındakı da yalan danışır, yenə də yalandan əl çəkmirlər.

Buna görə də cəmiyyət səksəkədədir. Ortada inam itib. Bu səbəbdən Ermənistan parlamentinin eks-deputatı Miqran Akopyan deyib ki, Ermənistan vətəndaşları fəlakətə hazırlaşmalıdır: “Böhran vulqar populistin rəhbərlik etdiyi patoloji yalançıların hakimiyyəti ələ keçirdikləri zaman baş verdi. Biz 17 yaşlı bakirə kimi aldadıldıq. O zaman böhran idi, indi isə fəlakətin prelüdü oynanılır. Sabah isə əsl fəlakət gələcək. Yekunda elə oldu ki, biz bir gün yuxudan qalxdıq və bildik ki, Paşinyan rejimi mülki aviasiyanı məhv edib. Bəlkə də sabah yuxudan oyananda öyrənəcəyik ki, ölkədə ümumiyyətlə buğda, benzin yoxdur, bankomatlar pul vermirlər, Qarabağ isə Azərbaycandadır”.

Miqran Akopyanın yalana qarşı yönəlmiş həyəcanı başadüşüləndir. Ermənistan uçurumun kənarındadır.

Koronavirus pandemiyası bütün dünyanı götüdüyü və hökumətlərin bu bəla ilə mübarizəyə girişdikləri bir dövrdə Ermənistan hökuməti əhalini virusdan necə qoruyacağını bilmir. Çünki bunun üçün maliyyə resursları yoxdur. Onsuz da əhalinin iqtisadi həyatı bərbad vəziyyətdə idi, bu virus da sanki onlara son zərbədir. Ölkənin birinci şəxsi olan baş nazir Paşinyanın isə heç nə vecinə deyil. Xəstəxanaların viruslu xəstələrlə dolduğu zaman o, ailəsini də götürüb Göyçə gölünə istirahətə gedir. Belə “rəhbərə” nə deyəsən? O tərəfdən əlaqədar qurumlar də virusa yoluxanların sayını qəsdən gizlədirlər. Bu da hakimiyyətin koronavirusla mübarizə tədbiridir. Amma məlum deyil ki, həqiqi statistika kimdən gizlədilir.

“COVİD-19 Ermənistan” qrupunun yaydığı məlumatda bildirilir ki, pandemiya ilə mübarizədə hökumət strukturları arasında indiyədək normal əlaqə yaratmaq mümkün olmayıb: “Belə ki, virusa yoluxma halları gizlədilir və bu da vəziyyəti gündən-günə pisləşdirir. Bəla da orasındadır ki, faktları rəsmi qurumların özləri gizlədir. Ona görə ki, səmərəli işləyə bilmir və əhaliyə yalan məlumat verməklə hər şeyin nəzarət altında olduğunu bildirirlər”.

Pandemiya ilə paralel dünya iqtisadi böhranının da yaranması Ermənistanda buna qarşı tədbirlər planına yox, qiymətlərin artmasına rəvac verib. Alaverdi, Vanadzor, Spitak, Stepanavan və digər şəhərlərdə əhalinin gündəlik ərzaq istehlakının başlıca inqridiyentlərindən olan yarmanın, unun, şəkərin, düyünün, yağın və sairənin qiymətlərində ciddi artımlar baş verib. Lori və Kotayk vilayətləri bu yarışda öndə gedirlər.

Situasiyanın bu istiqamətdə gərginləşməsi gözlənilən idi. Çünki Ermənistanda dünyanın düzəməlli vaxtında iqtisadi panoram acınaqlı idi, o ki qaldı, hazırkı çətin durum ola. Amma məsələ tək bunda deyil. İş burasındadır ki, bu ölkə başdan ayağa yalanla yöğrulub. Fikir verin, Akopyan yalana qarşı çıxır və baş nazir Nikol Paşinyanı “vulqar populist” adlandıraraq tənqid edir. Amma özü də bu sözləri söyləyərkən yalana geniş meydan verir. Onun işlətdiyi “Qarabağ isə Azərbaycandadır” ifadəsi nəinki təkcə özünün, ümumiyyətlə, ermənilərin bəlkə də 90 faizindən çoxunun yoluxduğu yalanın təcəssümüdür. Qarabağ bəyəm Ermənistanındır və ya nə vaxtsa onun olub ki, Miqran belə hirs-hikkə ilə onu əldən verə biləcəklərini dilə gətirir? Əslində erməniləri bu gün bu cür acınacaqlı şəkildə elliklə yalançı edən birinci yalan məhz Qarabağın onlara mənsub olmaları haqda xülyaya düşmələridir.

Martın 31-də Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində ermənilərin yaratdıqları qondarma respublikada keçirilən saxta seçkilərə görə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib ki, Ermənistan hakimiyyətinin əsas siması olan “sorovçuları” Qarabağdan qovmaq lazımdır. Ona görə ki, bu adamlar “respublikanın” müstəqilliyinə mane olurlar. Qrantı qıcıqlandıran, əslində “sorosçular” yox, Azərbaycanın öz torpağını azad etməyə yaxınlaşmasıdır. Yəni, bütünlükdə Azərbaycan vətəndaşı olmayan və Ermənistandan Qarabağa işğalçı kimi gələn ermənilərin və onların qoşunlarının qovulması gündəmdədir. Bu isə erməni yalanı yox, Azərbaycan həqiqətidir. Çünki bizim torpaqlarda “yalan ayaq tutsa da, yeriyə bilmir”.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz