Əlaqə Arxiv
news Image
2020.04.10
12:15
| A A A
İran da Ermənistandan üz çevirir
Sədrəddin Soltan: “İran İrəvanın Təl-Əvivdə səfirlik açmasına real müstəvidə sərt reaksiya nümayiş etdirsə, sözsüz ki, yaranmış durum işğalçı ölkənin regiondakı durumunu daha da ağırlaşdıracaq” Hikmət Hacızadə: “Tehran israilə görə İrəvana münasibətdə sərt siyasətə keçsə, Ermənistan aclıqla üz-üzə qalacaq və regionda tamamilə təklənəcək” İşğalçı Ermənistan İsraildə səfirlik açmağa hazırlaşır. Bu barədə məsələ çoxdan gündəmdə olsa da, indi reallaşmaq üzrədir. Ən azından İrəvan buna cəhd edir. Lakin Ermənistanın bu addımı ona hər məsələdə dəstək olan İranı qıcıqlandırıb. Belə ki, Tehran artıq Ermənistanın bu istəyinə sərt reaksiya verməyə başlayıb. İran parlamentinin sədrinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Əmir Abdullahiyan bildirir: "Ermənistanın bu addımı Fələstin xalqının mənafeyi ilə təzaddadır, eləcə də bölgənin təhlükəsizliyi və sabitliyinə mənfi təsir göstərəcək". Qeyd edək ki, İran özü hazırda həm koronavirusdan, həm də Qərbin ona tətbiq etdiyi sanksiyalardan ciddi ziyan çəkməkdə davam edir. Ermənistan isə işğalçılıq siyasəti fonunda Azərbaycanla Türkiyə tərəfdən təcrid olunub. Bu fonda özünü İslam dəyərlərinin daşıyıcısı və qoruyucusu kimi təqdim edən İran isə Ermənistana qucaq açaraq ona hər cür dəstək göstərir. Bir sözlə, İran Ermənistan üçün hazırda bir "xilaskar" rolunda çıxış edir. Belə bir ərəfədə, İrəvan Tehrana xəyanət edərək onun əzəli düşməni İsraildə səfirlik açmaq niyyətinə düşüb. Bu isə aydın məsələdir ki, İranda kəskin reaksiya ilə qarşılanmalı idi. "Orta Dorğu" Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan Tehranın hətta İsraildə səfirlik açması fonunda belə Ermənistana münasibətdə sərt siyasətə keçəcəyini zənn etmir: "İravanın İsraildə səfirlik açmasına Tehrandan sərt reaksiya gəlsə də, bunun İranla Ermənistan arasında məsələyə heç bir təsiri olmayacaq. Ermənistan çoxdan İsraildə səfirlik açmaq arzusunda idi. Hətta dəfələrlə İsrailə bu istiqamətdə öz niyyətini də bildirmişdi. İsrailin isə İrəvanda səfirliyi fəaliyyət göstərir. Ötən dövrdə İrəvan Təl-Əvivlə əməkdaşlıq edərək həm də qondarma "erməni soyqırımı" məsələsinin İsrail tərəfindən tanınmasına nail olmağa da çalışıb. Amma İsrail birmənalı şəkildə Ermənistanın bu niyyətini qəbul etməyib. Düzdür, orada da müəyyən ermənisevər qüvvələr var. Onlar da erməni faktorundan, erməni amilindən Türkiyəyə qarşı təzyiq etmək üçün yararlanmağa çalışırlar. Bu mənada Ermənistanın İsraildə səfirlik açması fikrimcə, daha çox Təl-Əvivin Türkiyəyə təzyiq etmək istəyindən irəli gəlir. İranın Ermənsitanın İsraildə səfirlik açmasına münasibətinə gəldikdə, bu çox gülünc bir münasibətdir. Düzdür, İran İrəvanın Təl-Əvivdə səfirlik açmasına real müstəvidə sərt reaksiya nümayiş etdirsə, sözsüz ki, yaranmış durum işğalçı ölkənin regiondakı durumunu daha da ağırlaşdıracaq. Belə olarsa, İran Ermənistana etdiyi bir çox yardımları dayandıra bilər. Ancaq dediyim kimi, Tehranın reallıqda buna gedəcəyini zənn etmirəm. Azərbaycan İsraillə münasibətrləri genişləndirəndə İran buna qısqanclıqla yanaşdı. Bu zaman Tehran müsəlman faktorunu irəli çəkirdi. Amma Ermənistan məsələsində Fələstin və s. məsələləri gündəmə gətirir. Lakin Tehran heç zaman Livan hökumətində təmsil olunan ermənilərin Türkiyəyə qarşı münasibətinə, habelə Beyrutla İrəvan arasında əlaqələrin genişlənməsinə əhəmiyyət və fikir verməyib. Ermənistanı işğalçı kimi tanısa da, onunla işğalçı kimi davranmayan İranın İrəvanın İsraildə səfirlik açmasına münasibəti çox primitiv və gülüncdür. Sadəcə olaraq, İran rəsmilərinin bu reaksiyası hay-küydən başqa bir şey deyil və Azərbaycanla diplomatik münasibətlərdə jest etdiyinə bir işarədir. Sirr deyil ki, Ermənistanın mövcudluğu İrandan asılıdır. Azərbaycan torpaqlarının işğal olunmasında da İran rol oynayıb. Bu azmış kimi İran Ermənsitana yardım da etməkdə davam edir. Hazırda bütün dünya İranla iqtisadi, ticarət əlaqələrini kəssə də, Ermənistanla Tehran arasında ticarət əlaqələri davam edir. Odur ki, İsraildə Ermənistan səfirliyinin açıqlmasının Tehran İrəvan münasibətlərinə heç bir təsiri olmayacaq. Elə bir hadisə baş versəydi, İran ilk növbədə Ermənistanı Azərbaycan torpaqlarını işğal etməsinə görə cəzalandırardı. Bu yoxdursa, o biri də yoxdur. İranın müsəlman təəssübkeşliyi saxtadır. Sadəcə olaraq, xarici siyasətdə öz marağını güdür". Politoloq Hikmət Hacızadə düşünür ki, İranın İrəvana münasibətdə sərt addımlara keçməsi fonunda Ermənistan daha ağıır durumla üz-üzə qalacaq: "Düzdür, İran istəməz ki, Ermənistan onun bir nömrəli düşməni olan İsraildə səfirlik açsın. Bu hal Tehranın heç də ürəyincə olmayacaq. Bildiyimiz kimi, hazırda işğalçı ölkə təcavüzkar siyasəti üzündən özünü ağır duruma salıb. Ermənistan bu fonda blokadaya alınıb, bölgədə reallaşdırılan dünya və regional əhəmiyyətli mühüm layihələrdən kənarda qalıb. Belədə işğal siyasəti düşmən ölkənin vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarıb. Bu müstəvidə özünü müsəlman ölkəsi hesab edən İran təəssüf ki, Ermənistana qucaq açaraq ona dəstək olub. Belə ki, Ermənistanla İran arasında əlaqələr mövcuddur. İran bu ölkədə bir sıra layihələr həyata keçirir. İrəvan isə buna baxmayaraq, İranın düşməni İsraildə səfirlik açmaq niyyətinə düşüb və onu reallaşdırmaq üzrədir. Irəvanin bu addımı aydın məsələdir ki, İranda kəskin reaksiya ilə qarşılanacaq. Necə ki, artıq qarşılanıb. İndi sual yaranır. Belə olan halda, İran Ermənistana qarşı münasibətini sərtləşdirə bilərmi. Bunun baş verməsi o qədər də real görünmür. Amma baş verərsə, əlbəttə ki, Tehranın sərt addımları Erməistanın onsuz da ağır olan durumunu daha da kəskinləşdirəcək. Pandemiyanın da yayılması fonunda İranın İrəvana qarşı İsrailə görə sərt addımlara keçməsi Ermənistanı aclıqla üz-üzə qoya bilər. Belədə, Ermənistan regionda tamamilə təklənəcək. Təkləndiyi halda isə onun əl-qolu daha geniş şəkildə bağlanacaq" R. SOLTANOV
Sizin Reklam Yeriniz