Əlaqə Arxiv
news Image
2020.04.11
10:15
| A A A
Xaricdən Azərbaycan əleyhinə iş aparanlar
Cümşüd Nuriyev: “Xaricdəki anti-Azərbaycan mövqedə dayanan sapı özümüzdən olan baltalar erməni diasporunun dəstəyilə belə bir məkrli mövqe sərgiləyirlər”

“Xaricdə oturub Azərbaycan əleyhinə iş aparan adamlar var. Biz konkret olaraq adlar deməliyik, onları ifşa etməliyik. ABŞ-da oturan Sevinc Osmanqızı, Avropada oturan Qənimət Zahid iddia edirlər ki, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmır. Bəs ölkəmizdə bu qədər işlər görülür, karantin rejimi tətbiq olunur. Bu işləri kim görür?”.  Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin son iclasında deyib.
O qeyd edib ki, həmin insanlar özləri xaricdə evdə oturub çölə çıxa bilmirlər, hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar: "Ancaq burda insanlara deyirlər ki, çölə çıxın. Bunlar istəyirlər ki, Azərbaycanda vəziyyət pis olsun və onlar sevinsinlər. Deyir "ilana ağıl verən kərtənkələdir. Bunlara da ağlı verən Əli Kərimlidir. Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb. Biz belələrini ifşa etməliyik. Onlar iqtidara müxalifət deyil, xalqa, dövlətçiliyə müxalifətdir". Bəs, xaricdə belə anti-Azərbaycan mövqedə olanlar nədən məkrli mövqe sərgiləyir? Onlara qarşı hansı ölçü götrülməlidir?
Politoloq Cümşüd Nuriyev bildirdi ki, xaricdəki anti-Azərbaycan mövqedə  dayanan sapı özümüzdən olan baltalar erməni diasporunun dəstəyilə belə bir məkrli mövqe sərgiləyirlər: “Bütün hallarda xaricdə yerləşib anti-Azərbaycan mövqeyi sərgiləyən bu qüvvələrin arxasında erməni lobbisinin dəstək verdiyi kütləvi informasiya vasitələri dayanır. Nikol Paşinyan iki ildir ki, artıq Ermənistanda hakimiyyətdədir. Bu müddət ərzində ermənilərin Paşinyandan gözlədikləri heç bir məsələ öz həllini tapmadı.
Paşinyan bilirsiniz ki, əvvəllər jurnalistika sahəsində işləyib. Ona görə də informasiya müharibəsi aparmağı az-çox bacaranlardandır. Ona görə də gah Dağlıq Qarabağ məsələsindən, xüsusən də Ermənistan daxilindəki ciddi problemlərdən diqqəti yayındırmaq üçün anti-Azərbaycan təbliğatını gücləndirirlər. Bu zaman da təəssüf ki, xaricdəki sapı özümüzdən olan kəslər ermənilərin əlində oyuncağa çevrilirlər.  Yəni təəssüf ki, ermənilərin bu oyununda sapı özümüzdən olanlar da iştirak edir. Bu da ölkəmiz də dövlət üçün xoş olan hal deyil”.
Xaricdəki sapı özümüzdən olanlara qarşı götürülməsi vacib ölçülərə gəldikdə, həmsöhbətimiz qeyd etdi ki, dövlət  özünə qarşı olan təzyiqləri ram etmək üçün digər başqa rıçaqlarını işə salmalıdır: “Əks  rıçaqlar gündəmə gəlməlidir. Əhali maarifləndirilməlidir. Azərbaycan mediası bu məsələyə toxunduğu kimi, eyni addımı yerli telekanallar da etməlidir. Yalnız AzTV və İctimai Televiziya kanalı ilə bu məsələni həll etmək çətindir. İndi koronavirusla bağlı olaraq kifayət qədər digər məsələlər gündəmdədir. Televiziyalar distant məsafədən olmaqla ziyalılar, politoloqlar, siyasilərin məsələ ilə bağlı fikirlərini almalıdır. Çünki dövlətin başı əsasən koronavirusla mübarizəyə qarışdığı bir zamanda kənar müdaxilələr, xüsusilə yalanlar, qarayaxmalar, dezinformasiyalar, hər cür siyasi təzyiqlər bu və ya digər formada ölkə daxilində sabitliyin pozulması səviyyəsində olmasa da,  çaşqınlıq yaradır, müəyyən şayiələrin yaranmasına gətirib çıxarır.  Mətbuat Şurası, media bu məsələnin üzərinə getməlidir. İndiki anda erməni virusu ilə mübarizə məsələsi dövlətin yardım etdiyi telekanallar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar tərəfindən əvvəlkilə müqayisədə daha çox dərəcədə gündəmə gətirilməlidir.   Bu istiqamətdə Diaspor Komitəsi, xaricdəki diaspor təşkilatlarımız, xaricdəki səfirliklərimiz da fəal olmalıdır. Yəni bu ağır dönəmdə xaricdən olan təzyiqlərin qarşısını almaq üçün daxildə toparlanma getməli və ziyalılar, alimlər, politoloqlar cəmiyyətə mesaj verməlidirlər”.
R. SOLTANOV

 

 

Sizin Reklam Yeriniz