Əlaqə Arxiv
news Image
2020.04.14
08:51
| A A A
Azərbaycan Türk Şurasını dünya əhəmiyyətli təşkilata çevirir
Qlobal problemlərin çözümündə türkdilli dövlətlərin rolu artır

 

Aprelin 10-da beynəlxalq təşkilat olan Türk Şurasının videokonfrans yolu ilə fövqəladə Zirvə toplantısının keçirilməsi türk dövlətlərinin tarixi görüşlərinin məntiqi davamı kimi böyük əhəmiyyət kəsb edir. Zirvə görüşünün keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub.

Düzdür, hazırda Azərbaycan TŞ-nin sədridir. Müvafiq görüşlərin keçirilməsi Şutranın iş planında əks olunub. Amma məhz pandemiyaya görə görüş nəzərdə tutulmamışdı. Şəraitlə əlaqədar belə bir tədbirin təşkili olduqca əhəmiyyətlidir və bunu sübut edir ki, Türk Şurası səmərəli fəaliyyət strukturu kimi artıq formalaşıb və lazımı anda birgə fəaliyyət platforması qəbul etmək üçün kifayət qədər resurslara malikdir.

Zirvə görüşü təşəbbüsünün məhz Azərbaycandan gəlməsinin də ayrıca önəmi var. Belə ki, hazırda ölkəmizdə geniş islahatlar gedir, idarəetmə çevikləşir, dövlət qurumlarının əlbir fəaliyyət mexanizmi güclənir və optimal qərarların vaxtında qəbul edilməsi səviyyəsi yüksəlir. Bu xüsusiyyətlərin bütövlükdə türk dünyası ölkələrinə daşınması, heç şübhəsiz ki, Türk Şurasının müasir tələblər baxımından işini qurmasında və texnoloji yeniliklərin tətbiqində böyül sıçrayışa yol açır. Zaman işini görür və onun tələblərini yaradıcı şəkildə qarşılayanlar gələcək uğurları təmin edirlər.

Qeyd ediləcək faktlardan biri də odur ki, qlobal təhlükəyə çevrilmiş pandemiyaya qarşı mübarizənin konturlarını müzakirə etmək üçün dünyada ilk olaraq Türk Şurası Zirvə görüşü keçirib. Bu fakt Şuranın beynəlxalq parametrlərinin müəyyənləşdiyini göstərir. Bu barədə danışam təşəbbüsçü Prezident İlham Əliyev öz çıxışında deyib: “Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.

Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”.

İndi bir çox siyasi təhlilçilər və ekspertlər, hətta dövlət başçıları qloballaşmaya zərbə vurulması barədə danışır. Lakin Zirvə görüşündə Azərbaycanın dövlət başçısı qətiyyətlə yeni mesajlarla çıxış edir və göstərir ki, indi qlobal fəaliyyətə daha böyük ehtiyac yaranıb və bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik. Yəni, indiyə qədər keçilmiş yola “balta çalmaq” yaramaz, irəli getmək üçün əldə olunanları daha da artırmalıyıq. Antiqlobal çıxışlar ümumi işimizə yalnız zərər vura bilər. Türk Şurasının bu addımı atması yeni təşəbbüs sayıla bilər və bu nümunə postkoronavirus dövründə beynəlxalq əməkdaşlığa yeni stimul verəcək. Türk Şurasının Zirvə görüşündə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun iştirakı və çıxışı da təşkilatın beynəlxalq nüfuzunun təcəssümüdür. ÜST baş direktoru çıxışında  milli strategiyaların beynəlxalq səviyyədə dəstəklənməsindən danışıb. Bu da ona dəlalət edir ki, Zirvə görüşünün gündəliyi beynəlxalq mübarizəyə əlavə dəstək deməkdir.

Zirvə görüşlərindəki çıxışlarında türk dövlətlərinin başçıları müraciət zamanı “əziz qardaşım” ifadəsindən geniş istifadə etmələri Türk Şurasının nə qədər güclü mənəvi dəstəyə bağlı olduğunu bütün dünyaya göstərdi. Siyasi yetkinlik üçün belə mənəvi münasibətlərin rolu həmişə ciddi rol oynayıb. Belə bir gəlişmə ön Asiyadan başlamış Avrasiyanın geniş bir məkanında yaranan iqtisadi-siyasi və mədəni birliyin potensial gücünü nümayiş etdirir.

 

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın səsləndirdiyi “Əlbəttə ki, koronovirusla savaşda qalib gələcəyik, bunun ardınca yeni dünya reallığı ilə üz-üzə qalacağıq” fikirləri Türk Şurasının postkoronavirus dövründə əlaqələrin intensivləşdirilməsinin vacibliyini tövsiyə edir.

Çünki yeni dünyanın çalarlarını pandemiyaya qarşı mübarizədə öz iqtisadi və siyasi gücünü qoruyub saxlamağı bacaranlar yollarına yenə də ön sıralarda davam edəcəklər.

Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Macarıstan rəhbərlərinin çıxışları və Azərbaycan rəhbərliyinə məntiqi fəallığına görə təşəkkür etmələri Zirvə görüşünün vaxtında keçirildiyini gündəmə gətirib. Belə görünür ki, Türk Şurası bu görüşdən sonra fövqəladə situasiyada səmərəli fəaliyyət göstərmək üçün daha nələrin inkişaf etdirilməsi istiqamətində yeni əməkdaşlıq üfüqlərinin planlarını hazırlayacaq. Bu plana, aydın göründüyü kimi, telekommunikasiya şəbəkəsinin daha inkişafı, tibbi araşdırmalarda birgə fəaliyyət mexanizminin yaradılması, iqtisadi əlaqələrin dərinləşdirilməsi və sairə müasir və qlobal mövzular salınacaq.

Bir sözlə, Türk Şurasına Azərbaycanın sədrliyi dövründə qurumun fəaliyyətində yeni mərhələnin əsası qoyulub və bu, gələcəyə böyük ümidlərlə getməyi stimullaşdırır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz