Əlaqə Arxiv
news Image
2020.04.15
11:06
| A A A
Azərbaycana qarşı qərəz əks effekt verir
Niyaməddin Orduxanlı: “Bu marginal qüvvələr yaranmış situasiyadan sui-istifadə edərək öz çirkin siyasi məqsədlərinə çatmaq istəyirlər, ona görə də çalışırlar ki, ölkədə süni şəkildə sosial gərginlik yaratsınlar”

Azərbaycanın dünyanı ağuşuna alan koronavirusla uğurla mübarizə aparır. Vaxtında, operativ şəkildə, peşəkarcasına görülən bütün işlərin nəticəsində virus Azərbaycanda elə də güclü təsir etməyib.  Halbuki dünyanın super gücləri sayılan ABŞ, Fransa, Almaniya kimi ölkələr hazırda virusla mübarizədə acizlik nümayiş etdirirlər.
Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işlərin nəticəsidir ki, ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə dünya miqyasında da yüksık qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu istiqamətdə Azərbaycanın atdığı addımları yüksək qiymətləndirib. Belə bir zamanda, ölkə daxilində və xaricdəki Azərbaycanı sevməyən marginal qüvvələr xəstəliyə qarşı mübarizəyə dəstək olmaq əvəzinə, yenə də əvvəlki tək çirkin kampaniya aparmaqda davam edirlər.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı öncə qeyd etdi ki, Azərbaycan hökuməti koronavirusla apardığı ardıcıl və operativ mübarizə sayəsində xalqını və dövlətin təhlükəsizliyini tam olaraq qorumaq gücündə olduğunu bir daha əyani şəkildə təsdiqlədi: “Görürük ki, dünyanı bürümüş pandemiya fonunda ən inkişaf etmiş ölkələr, hətta dünya super gücü sayılan Amerika belə koronavirus qarşısında aciz qalıblar.  Faktiki olaraq, ABŞ, İtaliya, İspaniya, Fransa, Böyük Britaniya və Almaniya kimi güclü dövlətlər pandemiyanın öhdəsindən lazımınca gələ bilmirlər. Bu cür dövlətlərlə müqayisədə, Azərbaycan hakimiyyəti böyük itkilər deyil, həddən artıq az itkilə koronavirusla ciddi mübarizə aparır, xalqını və dövlətin təhlükəsizliyini qoruya bilir. Bütün bu siyasətin önündə dayanan da məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz onun çevik siyasəti, düzgün verdiyi qərarlar sayəsində koronavirusla mübarizə uğurla aparılır. Hətta yaxın MDB ölkələrinə baxanda da, Azərbaycanın prosesdə daha çevik olduğunun şahidi oluruq, hökumətimiz vətəndaşını müdafiə etmək istiqamətində ardıcıl və operativ addımlar atır. Pandemiyadan ziyan çəkmiş biznes strukturlarına, habelə zərər görən fərdlərə  hökumətimiz tərəfindən ardıcıl yardımlar edilir, maliyyə dəstəyi göstərilir. Bu istiqamətdə təxminən 3 milyard manata yaxın vəsait ayrılıb.  Açıq şəkildə görünür ki, ölkə rəhbərliyi vətəndaşının müdafiəsi istiqamətində bütün istiqamətlər üzrə mühüm addımlar atır”.
Belə bir vəziyyətdə daxildəki və xaricdəki marginal qüvvələr isə çirkin kampaniya aparmağa girişib ki, həmsöhbətimizin fikrincə, onların bunda məqsədləri Azərbaycanda xaos, panika, narazılıq yaratmaqdan ibarətdir: “Belə bir vəziyyətdə ölkədə mövcud olan və xaricdən gələn sifarişlə idarə olunan radikal müxalifət, marginal qüvvələr, Əli Kərimli, İlqar Məmmədov, Qənimət Zahid, Sevinc Osmanqızı və digər bir qrup şəxslər yenə də Azərbaycanda  xaosun, narazılıq mühitinin yaranmasına cəhdlər edirlər.
Dünya gözə görünməyən xəstəliklə müharibə vəziyyətindədir. Belə bir çətin dövrdə kimliyindən, hansı siyasi mövqeyə malik olmasından asılı olmayaraq hər kəs  çəkici bir yerə vurmalı, xəstəliyə qarşı mübarizədə birlik nümayiş etdirməlidirlər. Ancaq Azərbaycandakı milli xəyanətkarlar, satqınlar təəssüf ki, yaranmış bu ağır durumdan da öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır. Onlar  aranı qatmağa çalışır, ölkədə anarxiyanın hökm sürməsi istiqamətində fəaliyyət göstərirlər. Bütün imkanlarını bu çətin gündə xalqa dəstək olmaq istiqamətinə yönəltmək əvəzinə,  bu qüvvələr məhz bu çirkin əməllərini həyata keçirməyə yönəldiblər.  Bunu hər kəs görür.  Onlar ölkənin düşdüyü vəziyyətdən yararlanaraq fürsətçilik əldə etmək istəyir. Guya Azərbaycanda vəziyyət dəhşətli dərəcədə ağırdır və guya hökumət problemin aradan qaldırılması istiqamətində heç nə etmir. Yəni yaranmış situasiyadan sui-istifadə edərək öz çirkin  siyasi məqsədlərini həyata keçirmək istəyirlər. Çalışırlar ki, ölkədə süni şəkildə sosial gərginlik yaratsınlar və belə bir vəziyyətdə özlərinin siyasi ambissiyalarını həyata keçirsinlər. Ölkə gözə görünməyən virusla müharibə apardığı bir vəziyyətdə onlar hakimiyyətə gəlmək məqsədi, niyyəti güdür. Ölkənin maraqlarını müdafiə edən, vəziyyətlə bağlı doğru məlumat verən  siyasətçiləri, deputatları, partiya sədrlərini, ictimai fəallara hücum edərək onları təhqir edirlər. Burada da məqsəd odur ki, təzyiqlər nəticəsində həmin insanlar pandemiyaya qarşı mübarizədə aparılan və görülən işlər barədə ictimaiyyətə həqiqi məlumatları çatdıra bilməsinlər. Bütün imkanlardan istifadə edərək həyata keçirmək istədikləri bu çirkin əməlləri Azərbaycanda qarşıdurma yaratmağa yönəlib. Onların məqsədləri məhz bundan ibarətdir”.
R. SOLTANOV

Sizin Reklam Yeriniz