Əlaqə Arxiv
news Image
2020.04.16
09:23
| A A A
AŞPA-nın Azərbaycan qərəzi davam edir
Elçin Mirzəbəyli: “AŞPA-nın Azərbaycana münasibətdə sərgilədiyi qərəzli mövqe onun dünyada gedən müasir çağırışlara cavab verə bilməməsindən qaynaqlanır”

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dövlət başçısı bir sıra beynəlxalq təşkilatların dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdə davam etdiklərini diqqətə çatdırdı: “Münaqişə ilə bağlı onu bildirməliyəm ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.

Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir.

Avropa Şurası Parlament Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb.

Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir.

Biz isə öz yolumuzla gedirik. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bütün beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir.

AŞPA-nın qondarma “DQR”də keçirilən “seçkilərə münasibər bildirməməsi, həmin qurumun uzun illərdir Azərbaycanı qaralamaq, şər, böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün dəridən qabıqdan çıxması, belə qərəzli mövqeyi nəyə söykənir?

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, AŞPA-nın Azərbaycana münasibətdə sərgilədiyi qərəzli mövqe onun dünyada gedən müasir çağırışlara cavab verə bilməməsindən qaynaqlanır: “Faktiki olaraq AŞPA adlı qurum hazırda dünyada baş verən proseslərdən kənarda qalır. Bu müstəvidə bütövlükdə  AŞPA-nın dünyada gedən çağırışlara cavab vermədiyi açıq şəkildə göz önündədir. Faktiki olaraq AŞPA ölü bir quruma çevrilməkdədir. Hər hansı bir ölkəyə bu qurumun təsir imkanları yox dərəcəsindədir. Onlar ancaq demaqogika xarakterli bəyanatlarla çıxış edirlər. Əslində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma seçkilərə münasibət bildirmək bilavasitə AŞPA-nın funksiyasına aid olan məsələdir. Çünki Ermənistan da bu qurumun üzvüdür və Azərbaycan torpağı olan Dağlıq Qarabağda qondarma seçkinin keçirilməsi fonunda AŞPA əslində dərhal işğala son qoyulmasını tələb etməli  və işğaldakı ərazilərdə hər hansı bir qondarma rejimin leqallaşdırılması istiqamətində cəhdləri kəskin şəkildə pisləməli idi. Amma göründüyü kimi, AŞPA növbəti dəfə belə bir addım atmadı. AŞPA ümumuyyətlə, hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib.  Məhz bu amil həmin qurumu kifayət qədər nüfuzdan salır”.

Həmsöhbətimizin fikrincə, AŞPA-nın nə deyib, deməməsindən asılı olmayaraq, koronavirus pandemiyası fonunda dünyada, Avropa məkanında yaranmış vəziyyət bu kimi beynəlxalq qurumların əhəmiyyətsiz təşkilat olduğunu ortaya qoyub: “Düşünürəm ki, postpandemiya dövründə AŞPA kimi təşkilatlara lüzum olmayacaq. Güman edirəm ki, regional təşkilatların formalaşması istiqamətində müvafiq addımlar atılacaq. Ortaq dəyər və ortaq strateji hədəfləri bölüşən dövlətlər bir araya gələcək. Bu baxımdan AŞPA-nın qondarma “seçkilərə” reaksiya verib-verməməsinə xüsusi önəm vermək lazım deyil. Müəyyən mərhələdən sonra bu qurumun, hətta Avropa ölkələrinin özləri tərəfindən lüzumsuz təşkilat olaraq kənara atılacağının şahidi olacağıq”.

R. SOLTANOV

 

 

Sizin Reklam Yeriniz