Əlaqə Arxiv
news Image
2020.04.16
09:32
| A A A
Xalqdan hakimiyyətə tam dəstək
Musa Quliyev: “Bu, ilk növbədə Azərbaycan xalqının ulu öndər Heydər Əliyev siyasətinə inamının ifadəsidir”

Aprelin 14-də cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr edilən müşavirədə Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyev  bildirib ki, ölkədə  aparılan siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir və dəstəklənir: “Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır”.

Prezident qeyd edib ki,görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir: “Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır”.

Azərbaycanda son illər həyata keçirilən struktur, idarəetmə və kadr sahəsindəki islahatlar  cəmiyyətimizdə böyük ehtiramla qarşılanıb. Bunun nəticəsidir ki, son prezident və parlament seçkilərində iqtidar növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanıb. Digər tərəfdən, hökumətin koronavirus bəlası ilə apardığı ardıcıl və prinsipial mübarizəsi də xalqın bu iqtidara olan etimadını daha da yüksəldib.

Milli Məclisin deputatı Musa Quliyevin fikrincə, iqtidarın apardığı siyasətin vətəndaşlar tərəfindən dəstəklənməsini şərtləndirən səbəblər xalqımızın ulu öndər Heydər Əliyev siyasətinə inamından, habelə ölkəmizi daha da irəli aparan Prezident İlham Əliyevə güvənməsindən qaynaqlanır: “Cənab Prezident ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr edilən müşavirədə görülən işlərə qiymət verərək çıxışında çox aktual məsələlərə toxundu.  Koronavirusla mübarizədə dövlətin gördüyü işləri xalqımızın dəstəklədiyini diqqətə çatdırdı. Bu, ilk növbədə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev siyasətinə inamının ifadəsidir. Bu, həmçinin Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, Azərbaycan xalqının çətin və xoş günlərində onun yanında olan, xalqa böyük uğurlar gətirən cənab Prezidentə olan inam, sevgi və güvəninin ifadəsidir. 2003-cü ildən bu yana xalqımız dövlət başçısının ölkəmiz üçün gördüyü işlərin Azərbaycan üçün nə qədər böyük uğurlar gətirdiyinin şahidi və iştirakçısıdır. Ona görə də xalq  Prezidentimizə inanır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanın pandemiyaya qarşı mübarizədə gördüyü işləri yüksək qiymətləndirib. Bunun nəticəsidir ki, ölkəmizdə pandemiyadan sağalma halları artır, ölüm göstəriciləri isə xeyli aşağıdır”.

M. Quliyev bildirdi ki, Azərbaycanda milli birliyin yeni bir forması formalaşmağa başlayıb: “Bu da iqtidarın müxalifətə dialoq təklifilə bağlıdır. Ölkədəki əksər siyasi qüvvələr prezidentin dialoq təklifinə müsbət reaksiya verdi. Həmçinin müxalifət nümayəndələri Milli Məclisdə müxtəlif vəzifələrə seçildilər. Bu da milli birlik, ümummilli həmrəyliyin yaranmasına Prezidentin verdiyi növbəti töhfədir”. Deputat qeyd etdi ki, bu fonda xalq-iqtidar birliyi daha da güclənir: “Xalq-iqtidar birliyi onsuz da güclüdür. Bütün seçkilər də bunu sübut edir. Azərbaycanın uğurlarının mənbəyində də bu dayanır.  Prezident müxalif düşüncə daşıyıcılarını da bu birliyə cəlb etməklə, dialoq təklifilə xalq-iqtidar birliyini daha da möhkəmləndirəcək, bu birlik daha da zənginləşəcək”.

R. SOLTANOV 

 

Sizin Reklam Yeriniz