Əlaqə Arxiv
news Image
2020.04.18
08:05
| A A A
Tiflis də İrəvandan üz döndərir
Gürcüstanın təhlükəsizlik xidməti regionda nədən narahatdır?!

 

Bu günlərdə ötən ilin hesabatını hazırlayan Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilir ki, regionda geosiyasi çağırışlar fonunda Gürcüstan Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətlərini sabit olaraq davam etdirir, lakin mövcud ikitərəfli münasibətlərə qəsdən zərər vurmaqla bağlı daimi olaraq birbaşa və ya dolayı müdaxilələr mövcuddur. Hesabata əsasən, ötən il müxtəlif siyasi və vətəndaş qruplarının Rusiyadan gələn təhlükələri, həmçinin işğal altında olan ərazilər məsələsini gizlətməyə cəhdlərlə bağlı tendensiya müşahidə olunub: “Həmin qüvvələr Türkiyə və Azərbaycanla münasibətlərdə destabilizasiya yaratmağa çalışıblar. Bəzi qruplar Gürcüstanın müəyyən bölgələrində baş verənləri Rusiyanın işğalı ilə bərabər tutmağa cəhdlər ediblər”.

Bu faktlar sabitliyə kifayət qədər təhdid yaradan məsələlərdir. Hesabatı ciddiləşdirən başqa bir səbəb odur ki, “şuluqluq” salanın adı birbaşa çəkilmir. Amma regiona bələd olan hər bir ekspert yaxşı anlayır ki, bu işlərlə kim və ya kimlər məşğul olur. Çünki bu məsələ bir neçə əsrdir ki, davam edir.

Söhbət erməni ekstremist millətçilərinin birləşdiyi Ermənistan respublikasının əməllərindən gedir.

Ermənistan-Gürcüstanın münasibətlərindəki ziddiyyətlər bu günün söhbəti deyil. Ermənistan digər qonşularına olduğu kimi Gürcüstana da ərazi iddiaları irəli sürür və hesab edir ki, qonşu ölkənin Cavaxetiya bölgəsi ermənilərin “tarixi” torpağıdır.  Bu gün Ermənistan üçün vacib olan yollar, kommunikasiyalar Gürcüstandan keçir. Ona görə ermənilər Gürcüstanla münasibətləri zorən yaxşı saxlamaq imitasiyası yaradırlar. Amma eyni zamanda, o da bəllidir ki, Ermənistan müstəqil dövlət deyil, onların sahibi Rusiyadır. Rusiyanın Gürcüstanla arası çox sərindir.  Gürcüstanın Qərblə yaxınlığı, birgə hərbi proqramlar reallaşdırması və güclü silahlar alması fonunda regionda Azərbaycandan sonra Gürcüstanın da güclənməsinə dəlalət edir. Bu isə baxmayaraq ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, amma hazırda Azərbaycandan qat-qat zəifdir, hətta demək olar ki, Azərbaycandan asılı vəziyyətdədir, eyni disbalans Gürcüstanla da yaranır. Məsələnin başqa bir tərəfi Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olması və demək olar ki, son 30 ildə Azərbaycanın ciddi dəstəyi ilə Gürcüstan iqtisadiyyatının ayaq üstə durması, iqtisadi böhranları önləməsi və güclü dövlət olan Türkiyə ilə üçtərəfli əlaqələrin sabit və davamlı inkişafı Ermənistan hakimiyyətində birmənalı qarşılanmır. Çünki reginda güc mərkəzi bu dövlətlərin əlində cəmləşib və beynəlxalq birliyin də münasibətlərindən göründüyü kimi, Ermənistan artıq regionda “yamaq” təsiri bağışlayır.

3 il əvvəl, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Tiflisə rəsmi səfərində “dost” dediyi qonşusuna qarşı hədələyici tonda bəyanat vermişdi ki, İrəvanın siyasi hakimiyyəti qərar qəbul edərkən çalışır ki, Gürcüstanın maraqlarına zərər vurmasın. Ancaq bu ikibaşlı bəyanat idi və Gürcüstanı hədələməklə yanaşı, aşkar yalan idi. Belə ki, guya Ermənistan başqa qərar qəbul edərək Gürcüstanı sıxışdıra bilər, ölkəni çətin vəziyyətə salar. Bundan əlavə, BMT Baş Assambleyasında, beynəlxalq qurumlarda Gürcüstanın ərazi bütövlüyü, qaçqınları ilə bağlı nə qədər səsvermə olubsa, Ermənistan həmişə onların əleyhinə səs verib, hətta neytral da qalmayıb. Yəni, ermənilər qonşularının əleyhinə işləyirlər, baxmayaraq ki, üzdə dostluqdan dəm vururlar.

“Bakı-Tiflis-Qars” beynəlxalq dəmiryol xəttinin çəkilişi zamanı ABŞ erməni milli assambleyasının xətti ilə bu layihəni ləğv etmək üçün göstərilən çabalar da yaddan çıxmayıb. Azərbaycanın siyasi və iqtisadi iradəsi hesabına bu “qəsdlər” baş tutmadı və mühüm nəqliyyat layihəsi uğurla yerinə yetirildi. Yaxud, bir neçə il əvvəl Ermənistanın Gürcüstana səfir təyin etmək istədiyi Sergey Minasyanın namizədliyi əleyhinə çıxması təsadüfi deyildi. Bu adam diplomatiyadan uzaq eksterimist-millətçi fəaliyyəti ilə məşhurdur və Gürcüstanda yaşayan ermənilərin separatçılıq meyillərini idarə etməyə  çalışır. Gürcüstan hakimiyyəti məhz bu səbədən prinsipial mövqe nümayiş etdirərək Minasyanın səfir olmasına qəti etiraz etdi.

Təbii ki, bu məsələ iki qonşu ölkənin dostluğuna yox, aralarında olan ciddi ziddiyyətlərə nümunədir.

Hələ ermənilərin gürcü dini-mədəni irsini oğurlamağa etdikləri cəhdləri də buraya əlavə etsək, onda Gürcüstan DTX-nin hesabatında adı açıqlanmayan araqarışdıran qüvvələrin hardan qaynaqlandığını və idarə olunduğunu asanlıqla anlamaq olar. Bu, təcavüzkar Ermənistanın işğalçı siyasəti, beynəlxalq təşkilatlarda və digər dövlətlərdə lövbər salmış erməni lobbisinin və diasporunun əlaqəli fəaliyyətinin barız təcəssümüdür. Buna görə də artıq çoxdandır ki, Ermənistan Cənubi Qafqazın xəstə orqanına çevrilib. Azərbaycan və Gürcüstan isə qarşılıqlı münasibətlərinin davamlı olaraq inkişaf etdirərək məqsədyönlü dostluq və əməkdaşlıq, mehriban qonşuluq siyasəti yürüdürlər. Bu çətin pandemiya dövründə də əlaqələr öz axarı ilə gedir. Bu günlərdə dəstək məqsədilə Gürcüstanın paytaxtı Tiflisdə yerləşən teleqüllədə Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar qardaş ölkəyə minnətdarlığını bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva minnətdarlığını rəsmi “Facebook” səhifəsində belə ifadə edib: “Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz