Əlaqə Arxiv
news Image
2020.04.18
08:16
| A A A
Dünya düzəni dəyişir
İndi dünyada idarəedənlər və idarəolunanlarla yanaşı, özünüidarəedənlər qrupu da var

 

Dünyanı ağzına almış pandemiya və onun nəticələri barədə proqnozlar vermək indi gündəmi zəbt edən başlıca məsələlərdəndir. Bütün rəyləri birləşdirən bir amil var ki, bu da dünya düzənini dəyişilməsi haqda yekdil fikirdir. Hamı dəyişiklikdən danışır,lakin harda, necə olması barədə qəti fikir bildirilmir. Bu da təsadüfi deyil. Çünki dünyanı dəyişdirən pandemiya yox, gücündən, siyasi və iqtisadi dayanıqlığından asılı olaraq iri dövlətlərin geostrateji mübarizəsidir. Pandemiya sadəcə bu yolda gözlənilməz bir bəhanədir. Ona görə ki, koronavirusa qarşı mübarizə külli miqdarda `vəsait tələb edir. Bu isə heç də bütün dövlətlərin xəzinəsinə görə deyil. Bu səbəbdən, hətta dünya siyasətində müstəqil ciddi bir rol almayan bir çox dövlətlərin tamamilə kasıblaşması və ayaqda qalmaq üçün iri dövlətlərdən kredit alaraq asılı vəziyyətə düşmələridir. Düzdür, indiyə qədər də həmin dövlətlər asılı idilər. Məsələnin həlledici mənası da məhz asılılıq xarakteridir. İş burasındadır ki, hazırda supergüclərin də bir çoxunun valyuta ehtiyatları əhəmiyyətli dərəcədə azalıb və bu proses davam edir. Buna görə də həmin dövlətlər daha əvvəlki səviyyədə kreditvermə qabiliyyətində deyillər. Yəni, indiyədək onların asılılığında olan dövlətlər bu dəfə başqa dövlətdən kredit alaraq siyasi kompasın əqrəblərinin dəyişilməsi məhkumluğunu yaşayacaqlar. Onlar üçün kimin yanında olmağın fərqi yoxdur, təki ayaqda dura bilsinlər. Amma kredit verən dövlətlər üçün bunun əhəmiyyəti böyükdür. Onlar beynəlxalq təşkilatlarda öz əlaltılarının əhatəsini genişləndirərək qəraların qəbulu zamanı onların səsvermə hüququndan sui-istifadə etmək imkanı əldə edib öz opponentlərinə siyasi təzyiq göstərmək imkanını genişləndirirlər. Artıq “siyasi ov” mövsümü başlayıb və kasıblara “canıyananlıq” edərək kredit təklifləri verən təşkilatlar qollarını çırmalayıblar.

Ağrılı prosesdir, deyilmi? Elədir. Ancaq bu dünyada idarəedənlər və idarəolunanlarla yanaşı, özünüidarəedənlər qrupu da var. Bu qrupun özünəməxsusluğu ondan ibarətdir ki, onlar müqəddəs müstəqillik arzusundadırlar və bunu yerinə yetirə bilənlər də yeni dünya düzəninin tam hüquqlu atributudur.  Bu qrup ilk növbədə müstəqil siyasət yürüdən, dövlətçilik yolunda ictimai-siyasi və iqtisadi uğurlar qazanaraq heç bir dövlətdən asılı olmayan ölkələrdən ibarətdir. Qoşulmama Hərəkatı bu ölkələri birləşdirən ən böyük beynəlxalq təşkilatdır. Həmin ölkələrdən biri və əngüclülərindən biri Azərbaycandır. Niyə? Ona görə ki, müstəqillik yaşı cəmi 29-a çatan bir ölkə qısa müddət ərzində yerləşdiyi coğrafi regionda dövlətçiliyin  bütün göstəriciləri üzrə liderə çevrilmək, iri beynəlxalq güclərlə birgə cahanşümul layihələr həyata keçirməklə beynəlxalq birliyin vazkeçilməz üzvünə çevrilərək Azərbaycanın dünya düzənində özünəməxsus yer tutmasına imkan verib. Bu artıq, necə deyərlər, öz çəkisində çempionluq missiyasını yerinə yetirməkdir. Bu mükəmməllik pandemiya dövrünün mübarizəsində də özünü eyni şəkildə göstərir və ölkəmizin apardığı mübarizə dünya təşkilatları və ayrı-ayrı dövlətlər üçün nümunəyə çevrilib. Bu nümunənin arxasında güclü maliyyə institutları, sürətlə inkişaf edən demokratiya, hakimiyyətin xalq üçün işləməsi, dövlətin əhalinin həyat tərzinin yaxşılaşması yolunda sosial mahiyyətli olmasıdır.

Uğurların qazanılmasında ölkə rəhbərliyinin daxili və xarici siyasətinin müasir texnologiyalar əsasında humanizm, tərəqqi və ədalər üzərində qurulmasıdır. Buna görə də həyata keçirilən bütün tədbirlərdə dövlət xalqın, xalq dövlətin yanındadır. Birgə səylər postkoronavirus dövrünün üfüqlərini müəyyənləşdirməyə kömək edir. Azərbaycan öz müstəqil yolu ilə irəliləyəcək. Lakin yeni mərhələ inkişafın keyfiyyətcə yeni meyilləri ilə uzlaşacaq. Yəni, daha əvvəlki yaşam tərzi yeni düzəndə effektini itirəcək və daha güclü mütəşəkkillik və texnoloji yetkinlik tələb olunacaq.

Azərbaycanın bu tələbləri yerinə yetirmək üçün resursları kifayət qədərdir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz