Əlaqə Arxiv
news Image
2020.04.24
08:10
| A A A
Dünya azərbaycanlılarının güvən məkanı
Radikallar və anti-Azərbaycan qüvvələr mat vəziyyətindədir

Bütün dünyada yayılan koronavirus infeksiyası insanları planlarını dəyişərək ölkələrinə qayıtmağa məcbur edib. Xaricdə təhsil alan, müvəqqəti yaşayan, turistik və digər məqsədlərlə səfərdə olan azərbaycanlıların bir çoxu Azərbaycana qayıdıb və qayıtmağa çalışanlar hələ də var. Bir çox ölkələrin quru və hava sərhədlərinin bağlandığı və təyyarə uçuşlarının dayandırıldığı bir vaxtda azərbaycanlıların öz ölkələrinə qayıtmaq problemləri, demək olar ki, yoxdur. Pandemiyanın ilk günlərindən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar ilk növbədə dövlətimizin o ölkədəki səfirliyi və ya konsulluğu ilə əlaqə saxlayır, Azərbaycana qayıtmaq istəyini və özləri barədə məlumatı  bildirirdilər. Həmin ölkədə səfirlik və ya konsulluq yoxdursa, Nazirlər Kabineti yanında operativ qərargahın qaynar xəttinə zəng edirdilər. Nazirlər Kabineti yanında operativ qərargah bildirmişdi ki, Azərbaycana qayıtmaq istəyən vətəndaşlar arasında xaricdə müvəqqəti və ya qısa müddətli əsasda olanlara, xarici ölkə ərazisindən tranzit məqsədləri üçün istifadə edənlərə, Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olanlara, yaşlılara, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük veriləcək.

Azərbaycanın Türkiyə, Gürcüstan, İtaliya, Fransa, ABŞ, Macarıstan, Polşa, Almaniya, İndoneziya və bir neçə digər ölkələrdəki səfirlikləri bu ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək koronavirus və səyahətlə bağlı bütün suallara operativ cavab veriləcəyini qabaqcadan bildirmişdilər. Təxliyyə prosesi ilk növbədə azərbaycanlıların sıx olduğu ərazilərdən başlamışdı. Azərbaycan hökuməti ölkəyə qayıtmaq üçün müraciət edən vətəndaşları çarter reysləri vasitəsilə pulsuz təxliyyə etməyə qərar vermişdi.

Artıq bir aydan çox vaxt keçir və bu müddət ərzində minlərlə azərbaycanlı hökumət xətti ilə vətənə qayıda bilib. Təxliyyə başlayandan sonra ilk həftə ərzində AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib. Ümumilikdə isə bir neçə mindən artıq azərbaycanlı ölkəyə qayıdıb. Azərbaycanlıların daha çox toplaşdığı Rusiya Federasiyasında müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə “www.evegedirem.info” xüsusi portalı yaradılıb. Təkcə 20 aprel tarixindən etibarən sərhədi 548 nəfər keçib və geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdiriliblər.

Hökumət öz vətəndaşlarının qayğısını çəkir. Bəs, vətəndaşlar? Hər gün Prezident Administrasiyasına və Prezident İlham Əliyevin adına yüzlərlə minnətdarlıq məktubları gəlir. Bu məktubların müəllifləri həm də seçici statusuna malikdirlər. Onların hamısı yekdil bir fikir ətrafında birləşiblər: biz Prezident İlham Əliyevə səs verməkdə haqlıyıq, çünki verdiyi vədlərin hamısını yerinə yetirir. Bu fonda Azərbaycan dövlətinin “qarasına” danışan radikal müxalifət nümayəndələrinin necə bir haqsızlıq girdabına yuvarlandıqları aydın görünür. Çünki onların iqtidara atdığı böhtanlara ən yaxşı cavab əhalinin müxtəlif təbəqələrini təmsil edən vətəndaşların öz məktublarında ifadə etdikləri fikirlərdir. Həmin fikirlər birlik və həmrəylik, həm də minnətdarlıq rəmzidir.

Adətən, normal müxalifət belə situasiyadan nəticə çıxarır və fəaliyyətində mahiyyəti üzrə dəyişikliyə başlayır. Ancaq ölkəmizdəki radikallar özlərini elə bir dərin riyakarlıq çuxuruna salıblar ki, orada qurtulmaq həmişə müşkül görünür. Nə etmək olar, bu adamlar özləri bu yolu seçib və öz talelərini də özləri həll etməlidirlər. Hərçəndi, Azərbaycanda yaradılan şəraitdən gen-bol istifadə edirlər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz