Əlaqə Arxiv
news Image
2020.04.24
18:28
| A A A
Kremlin Qarabağ siyasəti İrəvanı əndişələndirir
Məhəmməd Əsədullazadə: "Azərbaycanla Rusiya arasında danışıqlar nəticəsində müəyyən razılıqların olması fonunda Moskva Qarabağdan kənar ətraf rayonların qaytarılması üçün Ermənistana təzyiq edə bilər" Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa"da Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqda danışarkən səsləndirdiyi "Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var" sözləri İrəvanda əsəbləri tarıma çəkib. Belə ki, həmin açıqlamadan dərhal sonra, Ermənistan mediası "Rusiya Qarabağı Azərbaycana qaytarır" tezisini yenidən gündəmə gətirib. S.Lavrov açıqlamasında BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələrinə toxunub və bildirib ki, Madrid sazişləri, Rusiya tərəfinin 2010-11-ci illərdə hazırladığı sənədlər, yəni Kazan prinsipləri və keçən ilin aprelində Moskvada həmsədrlərin iştirakı ilə keçirilən Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan, hazırda fəal müzakirə olunan layihələr var: "Bütün bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur". Erməni şərhçi Tevos Arşakyan yazır ki, Lavrovun bu bəyanatı İrəvan üçün yaxşı heç nə vəd etmir: "Lavrov münaqişənin nizama salınmasında niyə "mərhələli həll" variantından danışır, Azərbaycanın ərazi bütövlüyünü və BMT TŞ-nin qətnamələrini yada salır? Şübhəsiz Rusiya yenidən öz geosiyasi planlarının icrasına çalışır. Ərazilərin qaytarılması hesabına Türkiyə ilə körpüləri gücləndirmək və Azərbaycanı öz ittifaqlarına doğru çəkmək istəyir. Buna görə də Qarabağın qaytarılmasına dəstək vermək niyyətindədir". Bundan başqa, Nikol Paşinyan hakimiyyətə gələndən bəri Moskva ilə İrəvan arasında günü-gündən pisləşir. İrəvanın yeritdiyi siyasət Kremli qıcıqlandırır. Onun nəticəsidir ki, Moskva ilə İrəvan arasında münasibətlərdə xeyli soyuqluq yaranıb. Rusiya artıq Ermənistana elə də etibar etmir. Bunun əvəzində Bakı ilə Moskva arasında əlaqələr durmadan inkişaf edir. Politoloq Məhəmməd Əsədullazadə ilk əvvəl onu qeyd etdi ki, Lavrovun məlum açıqlamasından İrəvan rəsmilərinin narahatlıq keçirməsi sadəcə daxili auditoriyaya hesablanmış addımdır: "Rusiya xarici işlər naziri Sergey Lavrovun məlum açıqlaması son zamanlar Kremlin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində aktivləşdiyindən xəbər verir. Təbii ki, Azərbaycan daima öz prinsipial mövqeyində dayanaraq konkret təklifləri masaya gətirməklə, münaqişənin həll istiqamətində Minsk qrupu həmsədrlərindən real səylər göstərməyi tələb edir. Rusiya da bu prosesdə əsas vasitəçi olduğundan öz təkliflərini masa üzərinə qoyub. Lavrovun təklifi Kazan formuluna əsaslanır. Bu formul da özündə Madrid razılaşmasının müəyyən prinsiplərini ehtiva edir. Həmin formul Bakı və İrəvan tərəfindən də qəbul edilib. Bu mənada məhz Minsk qrupu həmsədrləri tərəfindən də qəbul edilən həll variantını masa üzərinə gətirib. Buna görə, Ermənistanın narahatlıq keçirməsi onun avantürasından xəbər verir. Çünki Lavrov açıqlaması ilə hər hansı bir təəccümlü yeni nəsə söyləməyib. Sadəcə olaraq, daxili faktordan qorxduqlarından Ermənistan xarici işlər naziri Mnatasakanyan Lavrovun açıqlamasına təpki göstərərək, həç bir ərazini qaytarmayacaqları iddiasında bulundu. Ancaq onun bu açıqlamasın birbaşa danışıqlar prosesinə zərbədir". Politoloq hesab edir ki, bu müstəvidə Moskva Ermənistana qarşı ciddi ölçü götürməlidir: "Ermənistanın Rusiyanın işğal olunmuş əraziləri Azərbaycana qaytarması barədə narahatlıq keçirməsində müəyyən əsaslar var. İrəvanla Moskva arasında ciddi problemlər mövcuddur. Kreml Paşinyan hakimiyyətini qəbul etmir. Rusiya bu mənada Paşinyan hakimiyyətini devirmək üçün Dağlıq Qarabağ məsələsində müəyyən qədər Azərbaycana stavka edə bilər. İrəvanaı da narahat edən bu faktordur. Amma Rusiyanın öz siyasi ambisiyası var. Burada Bakının Moskva ilə apardığı konfidensial danışıqlar da xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycanla Rusiya arasında danışıqlar nəticəsində müəyyən razılıqların olması fonunda Moskva Qarabağdan kənar ətraf rayonların qaytarılması üçün Ermənistana təzyiq edə bilər. Amma təəssüf ki, hələlik Rusiya tərəfindən bu dəstəyi görmürük. Rusiyanın da əvəzində Azərbaycandan bəzi istəkləri var. Ancaq postkoronavirus dövrü dünya nizamını ciddi dərəcədə dəyişəcək və belədə Rusiya da Cənubi Qafqazda bəzi güzəştlərə getməyə məcbur olacaq. Çünki hazırkı status-kvo Rusiyanın marağına cavab versə də, postkoronavirus dövründə həmin vəziyyət şimal qonşumuzun mənafeyinə uyğun olmayacaq. Azərbaycanın cəbhə xəttində Ermənistana lokal zərbələr endirməsinə Rusiya da seyrçi mövqedə qala bilər. Bu kontekstdə münaqişənin həlli istiqamətində Rusiya da öz səylərini ortaya qoya bilər. Azərbaycan müəyyən manevrlərlə Rusiyanın İrəvana təsir etməsi yönündə müəyyən diplomatik rıçaqlara əl atmalıdır". Rüfət NADİROĞLU
Sizin Reklam Yeriniz