Əlaqə Arxiv
news Image
2020.04.28
10:00
| A A A
İrəvanın mövqeyi yeni Qarabağ savaşını qaçılmaz etdi
İlqar Vəlizadə: “Vəziyyətin uzun müddət bu istiqamətdə getməsi hərbi əməliyyatların yenidən alovlanmasına gətirib çıxaracaq” Ermənistan Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə maneə yaratmaqda davam edir. Halbuki, Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə Qarabağ probleminin məqbul həll variantlarından danışarkən bildirib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri hərbi əməliyyatların qızğın vaxtlarında qəbul olunub və bu qətnamələrdə hərbi əməliyyatların tam dayandırılması və nizamlanmaya keçid əksini tapıb: "Bəli, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq olunub". Bunun ardınca Lavrov konfliktin mərhələli şəkildə nizamlanmasının zəruriliyini bildirib: "Bu sənədlərdə münaqişənin mərhələli şəkildə həlli əksini tapıb. Birinci mərhələyə daha aktual problemlərin - Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılması daxildir". Buna rəğmən, İrəvan bir vaxtlar razılıq verdiyi prosesdən yayınmağa cəhd edir. Bəs, mərhələli həll planı reallaşmasa, Qarabağ münaqişəsinin gedişi necə olacaq? Politoloq İlqar Vəlizadə öncə qeyd etdi ki, İrəvan mərhələli həll planının olmadığlnı deməklə əslində, yalan danışır: "Ümumiyyətlə, artıq 20 ildir ki, nə mərhələli plan, nə də ermənilərin təklif etdiyi paket planı reallaşır. Prinsip etibarı ilə yaranmış vəziyyət münaqişənin tənzimlənməsi prosesində durğunluğa gətirib çıxarıb. Hazırkı vəziyyət onu göstərir ki, faktiki olaraq prosesdə heç nə dəyişməyib. Ermənilər özlərinin yalan olan, Azərbaycan tərəfi də özünün haqlı mövqeyində dayanıb. Rusiya xarici işlər nazininin açıqlaması isə göstərir ki, son dövrlər müzakirələr mərhələli plan əsasında aparılıb. Bunun belə olduğuna müxtəlif işarələr var. Nikol Panişyan bir neçə ay öncə söyləmişdi ki, ondan qabaqkı iqtidar məhz mərhələli həll planı ilə bağlı danışıqlar aparıb. Ermənistan xarici işlər naziri Zöhrab Mnatasakanyanın ifadəsində də bu işarə yer alıb. O deyib ki, guya İrəvan 2018-ci ildən bu yana müzakirələri mərhələli həll planı üzərində aparmır. Amma bu ifadənin özü onu göstərir ki, 2018-ci ilə qədər bunu ediblər. Lavrovun açıqlaması isə göstərir ki, əslində mərhələli həll planı üzərində müzakirələr indiki Ermənistan iqtidarı ilə də aparılır. Belə olan halda, açıq şəkildə görünür ki, İrəvan rəsmiləri mərhələli həll planı barədə müzakirələrin aparılmadığını deməklə tamamilə yalan danışırlar. Bütün hallarda danışıqlarda heç bir irəliləyiş gözə dəymr. Faktiki olaraq gedən danışıqlara rəğmən hələ də vəziyyət dəyişmir. Hər şey olduğu kimi qalmaqdadır. Ermənistan işğalı davam etdirir. Belədə, müxtəlif bəhanələrdən istifadə etməklə İrəvan prosesin uzadılmasına nail olmaq istəyir". Politoloqun fikrincə, mərhələli həll planının reallaşmaması əvvəl-axır münaqişə ətrafında yenidən müharibə variantını gündəmə gətirəcək: "Prosesin indiki status-kvo vəziyyətində qalaraq davam etməsilə Azərbaycan heç zaman barışmayacaq. İrəvanın günahı üzündən mərhələli həll planı reallaşmasa, hər şey Azərbaycanın dözüm limitindən və ATƏT-in Minsk qrupunun məsələyə münasibətindən asılı olacaq. Aydın məsələdir ki, Azərbaycan sona qədər mövcud status-kvonun qalması ilə barışmayacaq. Belədə, vəziyyətin uzun müddət bu istiqamətdə getməsi istər-istəməz hərbi əməliyyatların yenidən alovlanmasına gətirib çıxara bilər. Cəbhə xəttində döyüşlərin yenidən başlanması istisna olunmur. Görünən odur ki, İrəvan yalnız növbəti dəfə aprel döyüşlərində olduğu kimi, hərbi güc gördükdən sonra, özünün indiki mövqeyində real dəyişiklik edə bilər". Rüfət NADİROĞLU
Sizin Reklam Yeriniz